Son illər bütün dünyada, o cümlədən Azərbaycanda onkoloji xəstəliklər geniş yayılıb.Həmin xəstəliklərin müalicəsi istiqamətində bəzi ölkələr uğurlu üsullar tətbiq etməsinə baxmayaraq, hələ ki, tam olaraq bu xəstəliyin müalicəsi həllini tapmayıb.
Ölkəmizdə bu sahədə mövcud vəziyyətlə bağlı Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bildirib ki, demoqrafik vəziyyəti nəzərə almaqla müqayisə etdiyimizdə qonşu ölkələrlə nisbətdə bizdə onkoloji xəstələrin sayının çox az olduğunu görürük:
“Azərbaycanda onkoloji xəstəlikdən qeydiyyatda olanların sayı 2019-cu ildə 52 718 nəfər, 2020-ci ildə 54 403 nəfər, 2021-ci ildə 58 948 nəfər, 2022-ci ildə isə 62 385 nəfər olub.
10 milyon 300 min əhali üçün 62 min onkoloji xəstənin olmasını çox hesab etmək düzgün olmaz. Bu rəqəm azdır, sadəcə əhali arasında bu xəstəliyə qarşı ciddi qorxu var. 2022-ci il üçün rəsmi qeydiyyatda olan 62 385 nəfərdən 22 349 nəfəri 5 il və 5 ildən yuxarı onkoloji xəstəliklə yaşayanlardır. Bunlar arasında 18, 25, 35 il yaşayanlar da var”.
Onu da nəzərə almaq lazımdır ki, ümumilikdə bu gün Azərbaycanda 62 min nəfərdən çox onkoloji xəstə sayı olsa da, bu rəqəm rəsmi qeydiyyatda olanlardır.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həmçinin, onkoloji xəstəliklərin müalicəsi üçün 50 milyon manat vəsait ayrıldığını qeyd edib:
“Lakin bu vəsait təkcə xəstəliyin müalicəsi üçün deyil, eyni zamanda, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün də nəzərdə tutulub. Ancaq bu vəsait onkoloji xəstəliklərin müalicəsi üçün yetərli deyil. Bunun çıxış yolu onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta zərfinə salınmasıdır”.
Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov isə bildirib ki, Azərbaycanda onkoloji xəstəliklər üzrə dövlət büdcəsindən ayrılan vəsait beynəlxalq rəqəmlərlə müqayisədə 10 dəfə azdır:
“Ehtiyac olan məbləğ 500 milyon manatın üzərində olmalıdır. Onkoloji xəstəlik üçün ayrılan vəsait bugünkündən ən azı iki dəfə çox olmalıdır”.
Bu gün ölkədə onkoloji xəstəliklərin daha da artdığı bir vaxtda büdcədən ayrılan vəsait nə qədər yetərlidir və bu sahədə mövcud problemi necə həll etmək olar?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Cebhe.info-ya bildirdi ki, İcbari Tibbi Sığorta paketinin qəbul olunmasına qədər bir sıra xəstəliklər, o cümlədən onkoloji xəstəliklər, şəkərli diabet, vərəm, ana və uşaq müalicəsi və s. konkret dövlət proqramları ilə təmin olunurdu:
“Həm də sosial müdafiənin elementi kimi həmin dövrdə mövcud idi. Ancaq artıq İcbari Tibbi Sığorta (İTS) tətbiq edildikdən sonra yaxşı olardı ki, bu paket məhz onun tərkibinə keçirilsin. Çünki bu vəsait onkoloji xəstəliklərin effektiv müalicəsi üçün yetərli deyil.
Ancaq İcbari Tibbi Sığorta paketində bunun bölüşdürülməsinə yenidən baxmaq olar və burada heç olmasa, xəstə daha effektiv yardım ala bilər. Hesab edirəm ki, proqramların tədricən İTS paketinə daxil olmasına başlamaq lazımdır.
Bu işin təşkilindən sonra xəstələrin müalicə xərclərini yenidən hesablamaq, əvvəlki illərin statistikasına istinad etmək, bundan sonra da ölkənin iqtisadiyyatının inkişafından asılı olaraq yavaş-yavaş bu vəsaiti dünya səviyyəsinə çatdırmaq lazımdır. Çünki bunun yolu ancaq budur”.
Tarix: 15-11-2023, 22:25