Səhiyyə sektoru "laqeyd" nazirlikdən əziyyət çəkir... - Vətəndaş qızılcadan yox, peyvənddən qorxur

Səhiyyə sektoru "laqeyd" nazirlikdən əziyyət çəkir...
Qızılca bütün ölkəni bürüyüb. Yayılan xəbərlərdən belə nəticəyə gəlmək olar. Aran, şimal rayonlarında kütləvi yoluxma qeydə alınıb. Sosial medianı diqqətlə oxumaq kifayətdir ki, vəziyyətin yaxşı olmamasına əminlik yaransın. Hətta haqqında danışılmayan bölgələrdə də ciddi yoluxma varmış.
Bizimyol.info xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin Bakıdakı uşaq evində 40 uşaq qızılcaya yoluxub. Birliyin sədri Kəmalə Ağazadə məlumatı təsdiqləyib, uşaqların 20-nin xəstəxanaya yerləşdirildiyini deyib. Onun sözlərinə görə, yoluxanların əksəriyyəti 5 yaşı tamam olmamış uşaqlardır.

Paytaxtın bəzi məktəblərində qızılca ciddi təhlükəyə çevrilib. Xəstəlik şagirdlərin davamiyyətinə də təsir göstərməyə başlayıb. Valideynlər övladlarını məktəbə göndərməyə çəkinir. Şəkidə, Zaqatalada yoluxanların sayı əvvəldən çox idi. Həmin bölgədə Oğuzda da durum yaxşı deyil. Orada 11 uşağın qızılcaya yoluxduğu bildirilir.

Bəs Səhiyyə Nazirliyi qızılca xəstəliyinin yayılması ilə bağlı nə deyir?
Nazirliyin laqeydliyinə, vacib epizodlarda susmasına alışmışıq. Halbuki belə məqamlarda çox həssas davranış vacibdir. Səhiyyə Nazirliyi daim qızılcaya yoluxanların sayı, buna qarşı necə mübarizə aparılması barədə məlumat verməlidir. Nazirlikdən təkcə mütəxəssis-ekspert ictimaiyyət qarşısına çıxıb. Rəhbərlik "qaçıb gizlənməyə" üstünlük verir. Mütəxəssis-ekspert daha çox qızılcanın təhlükəsiz olmasından danışıb. Sonda deyib ki, allergiyası olanlar da peyvəndlənmə prosesinə keçə bilər və təhlükə yoxdur. Səhiyyə Nazirliyini baş verənlərə münasibəti barədə sadəcə ümumi məlumat gözə dəyir. Qızılca ilə bağlı valideynlərə çağırış edilib. Nə iş görülür, bilmək olmur.

Qızılcanın belə amansız təsir bağışlamasının iki səbəbi var. Birincisi, valideynlərin səhiyyəyə inamı sarsılıb. Buna görə də peyvəndlənməyə isti yanaşmırlar. Valideynlər var ki, imtina sənədinə də qol çəkib, heç bir halda peyvəndi yaxına buraxmaq fikrində deyil. Konspiroloji yanaşma da özünü göstərir. Valideynlər düşünür ki, peyvənd uşağın sağlamlığına zərər vura bilər. Bir daha qeyd edək ki, səhiyyəyə inam olmadığından belə düşüncə formalaşıb. İkinci səbəb səhiyyə funksionerlərinin yarıtmaz işidir. Əhali sağlamlığına biganə ola bilər, amma gərək məsul qurumların nümayəndələri həssas davrana. İnsanlarla iş aparılmalıdır. Əhali hökumətin gerçək qayğısını hiss etməlidir.

Kəndlərin əksərində tibb məntəqəsi yoxdur. Uşaqların ayrı-ayrı xəstəlikləri necə keçirməsinin müşahidəsindən, konkret statistikadan və profilaktik tədbirlərlə bağlı hesabatdan danışmağa dəyməz. Yəni hər kəs öz başını saxlamağa çalışır. Bu səbəbdən, ən adi və "zərərsiz" xəstəlik də vətəndaşın gözünə vahiməli görünür. İnsanlar bütün müstəvilərdə çarəsiz vəziyyətdə olduğunu hiss edir.
Tarix: 7-12-2023, 16:26
Xəbəri paylaş





Xəbər lenti