Bakıda həkimdən şikayət var: “Məni 9 saat narkoz altında, qanaxmada saxlayıb”


Şikayətçi tamahkarlığa qurban getdiyini deyir, həkim köməkçisi razılaşmır
“Həkim tamahkarlıqdan, artıq pul qazanmaq üçün məni doqquz saat narkoz altında, qanaxmada saxlayıb. Xəstəxanadan evə buraxılandan sonra mərkəzi sinir sistemim pozulub, böyrəyimdə kiçilmə, ürəyimdə aritmiya yaranıb. Şəkər xəstəliyinə tutulmuşam”.
Bunu Meydan TV-yə Lalə Abbasəli qızı Ayvazlı deyir.
O bildirir ki, 2022-ci ildə “Kəpəz” Hospitalda plastik, rekonstruktiv ve estetik cərrahı Səkinə Xudiyevanın keçirdiyi bir neçə əməliyyatdan sonra səhhətində ciddi problemlər yaranıb.
2011-ci ildə mastopatiya düyünündən əməliyyat olunmuşdum. Əməliyyat zamanı döş giləsi yaxşı oturmadığı üçün həmin hissədə ağarma baş vermişdi. Həkim müayinəsi zamanı dedilər ki, həmin hissə qanı yaxşı götürmür, çürümə verə bilər. Üstəlik, sidik qaçırma problemim (inkontinensiya-red) problemim vardı. Bu iki problemlə əlaqədar həkimə getmişdim”, – şikayətçi bildirir.
İddia edir ki, həkim eyni vaxtda başqa bir pasiyentin də əməliyyatını edib:
Məni əməliyyata götürəndə həkimin köməkçisi arxamızca dedi ki, əməliyyat üçün bir xəstəmiz də var. Həkim, onu da həll edərsiniz. Mən düzü, nə deyildiyini anlamadım. Əməliyyata alınandan sonra məni doqquz saat narkozda qanaxma ilə saxlayıblar. Səbəb isə tamahkarlıqdır”.
Mənim əməliyyatımı dayandırıb, sonra həmin xəstəni əməliyyat edib, təkrar bir də mənim əməliyyatımı davam ediblər. Nəticədə beş faiz qanla mən ölümcül bir vəziyyətdə əməliyyatdan çıxdım. Dörd gün qızdırmalı yatdım. Həmin vəziyyətdə də məni evə göndərdilər. Bu hadisədən sonra demək olar ki, iki ay apteklər mənim evimə daşındı. Doqquz saatlıq əməliyyatdan sonra orqanizmimdə ağır fəsadlar yarandı”, – deyə o qeyd edib.
Vətəndaş məsələ ilə əlaqədar öncə Nəsimi Rayon Prokurorluğuna müraciət edib.
Dediyinə görə, gedişatdan narazı olduğuna görə iş alınaraq, Yasamal Rayon Prokurorluğuna verilib:
Sonra da sənədlərim Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yollanıldı. Bir ildir mən təkrar-təkrar ekspertizadan keçirəm. Ədalət Həsənov (birliyin sədri-red) gördüklərini rəydə yazıb, vermir. Azərbaycanda prokurorluq klinikaları araşdırmağa maraqlı deyil. Hamısı əlbirdir. Səhiyyə Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etdim. Prezidentə, Birinci Vitse-prezidentə yazdım. Baş prokuror Kamran Əliyevə yazdım, nəticəsi olmadı. Şikayətimə düzgün rəy vermirlər, işimi uzadırlar”.
Çarəsiz qalan vətəndaş hara üz tutacağını, dərdini kimə deyəcəyini bilmir:
Kəpəz Hospitalı. Foto: screenshot
Biz Azərbaycan xalqı bunların əlindən yorulduq. Biz qanun deyirik, qanunun qırağında oturanlar da buna gülürlər. Prezidentə, Vitse-prezidentə yazılanlara etina etmirlər. Bəs kimə müraciət edək? Qoy cənab Prezident bizə desin”.
Həkim Səkinə Xudiyevanın köməkçisi Tamara Səlimova Meydan TV-yə bildirib ki, şikayətçinin iddiaları əsassızdır:
Lalə xanım daha öncə Türkiyədə əməliyyat olunmuşdu. Bir neçə dəfə Səkinə doktora müraciət etmişdi. Həkim onu geri qaytarmışdı, əməliyyata götürmürdü. Üç-dörd dəfə gələndən sonra həkim əməliyyata razılıq verdi. Həkim ona görə razı olmurdu ki, Lalə xanımın sinəsini daha öncəki həkim çox pis günə salmışdı”.
Lalə xanımın əməliyyatında mən də olmuşam. O, mamoplastika, abdominoplastika, liposaksiya və vaginaplastika əməliyyatları keçirmişdi. Onun davası doqquz saat əməliyyatda olmaqla əlaqədar idi. Əməliyyat vaxtının uzandığı vaxtlar olur. Bu, normal haldır. Bu haqda öncədən özünü də məlumatlandırmışdıq. Üstəlik, ikinci əməliyyat da çox çətin bir əməliyyat olur”, – deyə həkim köməkçisi qeyd edib.
Onun sözlərinə görə, əməliyyatın çəkilişi var və şikayətçi istəsə, baxa bilər:
“Hansısa pasiyenti niyə narazı salaq? Niyə üzərində pis işləyək? Bu həm də bizim özümüzə xələl gətirər. Eyni vaxta əməliyyat mümkün deyil axı. Kameralarımız var, gəlib, baxsın. Prokurorluğa, Tibbi Ekspertizaya şikayət edib. Araşdırma aparılıb və məlum olub ki, hər şey qaydasındadır”.
Baş Prokurorluğun mətbuat xidməti məsələ ilə əlaqədar Meydan TV-nin sorğusunu cavablandırmayıb.
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Meydan TV
Tarix: 8-12-2023, 23:04
Xəbəri paylaş





Xəbər lenti