“Rusiya Azərbaycan hakimiyyətindəki “5-ci kolon”unu hərəkətə gətirməyə çalışacaq” - Ekspert

“Rusiya Azərbaycan hakimiyyətindəki “5-ci kolon”unu hərəkətə gətirməyə çalışacaq” - Ekspert “Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası uğurumuzdur. Həm Azərbaycan hakimiyyəti, həm də ilk növbədə Belarus prezidenti Aleksandr Lukaşenko prinsipiallıq nümayiş etdirdilər. Belarus prezidentinə xüsusi təşəkkür düşür, sağ olsun, Azərbaycanın maraqlarını Rusiya və Ermənistanın müxtəlif istiqamətlərindən yönələn təzyiqlərinə qurban vermədi”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, aydındır ki, bundan sonra rəsmi Bakıya təzyiqlər artacaq: “Ancaq vacibdir ki, hakimiyyət bu təzyiqlərə baş əyməsin, Lapşinin məhkəməsini keçirsin və o, cəzasının önəmli hissəsini həbsxanamızda keçirsin. Qoy, bu, Azərbaycan qanunlarını pozan başqa xarici vətəndaşlara da dərs olsun.Dağlıq Qarabağda iki azərbaycanlı girovun geri qaytarılması üçün müraciət etmədiyimiz ünvan (Rusiya, ATƏT, Beynəlxalq Qırmızı Xaç Təşkilatı və s.) qalmadı, ancaq İrəvan geri addım atmır, Moskva isə bu həyasızlığa görə vassalına güldən ağır söz demir.

Belə isə biz niyə Moskvanın istəyi ilə Lapşini vaxtından əvvəl həbsdən azad etməliyik? Yox, əgər Rusiya Lapşini Dağlıq Qarabağda saxlanılan iki girovumuza dəyişmək istəyərsə, bu, başqa məsələ. Ancaq bu olmadan Lapşin Dağlıq Qarabağdakı girovlarımız kimi həbsxanada yatmalıdır. Şübhə etmirəm ki, Rusiya Azərbaycan hakimiyyətindəki “5-ci kolon”unu da hərəkətə gətirməyə çalışacaq. Ümid edirəm ki, dövlət başçısı Prezident Administrasiyasındakı və Nazirlər Kabinetindəki rus buyruqçularını da yerində oturdacaq”.

Alçina Amilqızı
Tarix: 8-02-2017, 10:45
Xəbəri paylaş





Xəbər lenti