Əmlak komitəsində şöbələr ləğv olunur - Siyahı

Əmlak komitəsində şöbələr ləğv olunur - Siyahı Əmlak Məsələləri Dövlət Komitəsində struktur islahatlarına başlana bilər

Politika.Az-a komitədəki qaynaqdan sızan xəbərə görə, bəzi şöbələrin birləşdirilməsi planlaşdırılıb.

Dövlət büdcəsindən ayrılan vəsaitlərin azaldılması və maliyyə problemləri komitəni bu reformalara məcbur edib.

Dövlət Əmlakının İdarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi, insan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsi, strateji planlaşdırma, innovasiyalar, monitorinq və təhlil şöbəsi struktur islahatları üçün nəzərdə tutulub.

Məlumata görə, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsi, Strateji özəllədirmənin təşkili və investisiyaların cəlb edilməsi şöbəsi də hökumətin qənaət rejiminə qurban verilə bilər.

Bu struktur islahatları zamanı ixtisarların aparılacağı da istisna edilmir və komitə maksimum dərəcədə fəaliyyətini təmərküzləşdirir.

Politika.Az-a danışan mənbə qeyd edir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ASAN xidmətə verilməsi nəzərdə tutulur.

Bu strukturun fəaliyyəti ciddi şəkildə aqressiya və narazılıq yaradır. ƏDRX ölkədə korrupsiyalaşmış qurumlardan biri kimi ad çıxarıb.

Vətəndaşların daşınmaz əmlakın qeydiyyatı, sənədləşdirilməsi, vərəsələr arasında bölüşdürülməsi, rəsmiləşdirilməsi prosdurlarında bürokratik əngəllərlə üzləşir. Evlərə “kupça”ların verilməsi, həyət və bina evlərinin sənədləşdirilməsi rüşvətsiz həll olunmur.

Cəmiyyətdən gələn sosial sifariş ondan ibarətdir ki, komitənin Reyestr Xidməti ASAN-ın tabeliyinə verilsin. Prezidentin inqilabi layihələrindən olan ASAN xidmət vətəndaşların ürəyincə olan tək-tük qurumlardan biridir.

Saytımıza yazan Fikrət Hacıyevdən sitat: “Qarabağ müharibəsi veteranıyam, vəsiyyətnamə ilə 28 ildir yaşadığım və qeydiyyatda olduğum evi öz adıma artıq 8 ildir ki, keçirə bilmirəm. Müharibə veteranı vəsiyyətnamə ilə yaşadığı evi öz adına çevirə bilmirsə, ermənidən torpaqlarımızı necə alaq bəs?”
Tarix: 8-02-2017, 13:21
Xəbəri paylaş





Xəbər lenti