Cəmil Həsənli, Milli Şuranın sədriAmerikada oturub korrupsioner rejimin dəyirmanına su tökən birisi indi bizi hakimiyyətə işləməkdə ittiham edirRəsul Quliyev xalqımızı alçaldan və onu köləlikdə ittiham edən məlum statusuna yazdığım cavabdan sonra tüstülənməkdə davam edir. Bir neçə gün idi başım Şanxay konfransına qarsımışdı. Görürəm orda-burda bu Rəsul yenə bilmədiyi, başı çıxmayan, ağlı kəsməyən şeylərdən danışıb özünü ifşa edir. Bir halda belədirsə, deməli, bu ifşa prosesinə son nöqtəni qoymaq lazımdır.Əlbəttə, mən onun korrupsioner olması haqqında yazmayacağam. Rəsul Quliyevin həyatı “şəffaf” olduğu üçün, zatən xalqımız onun korrupsiya əməlləri barədə çox şey bilir. Mən onun savadsız olması haqqında da yazmayacağam, çünki bu adam özü savadsız olduğunu hər kəsdən daha “ağıllı” formada sübuta yetirib. Rəsul Quliyevin biznes bacarığına da bənd olmaq lazım deyil. Çünki bir vaxtlar dövlətə məxsus olan beş-altı çəllək nefti, bir o qədər də mazutu satıb, qır-saqqız kimi bu xalqın yaxasına yapışmaq, qatran kimi qara işlərə qurşanmaq böyük biznes bacarığı hesab oluna bilməz.
Adamın Rəsul Quliyevə sadəcə olaraq yazığı gəlir. Dil bilmədiyi bir məmləkətdə o qədər tək-tənha öz-özünə deyinib ki, olan-qalan ağlını da itirib. Görün bu nə yazır: guya mən demişəm ki, Azərbaycanda seçicilərin 65 faizi mənə səs verib və o da həvəskarı olduğu kalkulyatorla vurub-çıxıb, hesablayıb ki, bu 3,5 milyon seçici deməkdir. Halbuki, mən 2013-cü il seçkilərində seçicilərin 20-22%-nin iştirak etdiyini və onların da 60-65%-nin Milli Şuranın namizədinə səs verdiyini demişəm. Bunu beynəlxalq rəylər də təsdiq etdi. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu 2013-il seçkilərində 58% saxtakarlığa yol verildiyini, müxalifətin namizədinə verilmiş səslərin İlham Əliyevə sayıldığını açıq şəkildə bəyan etdi. Seçki müşahidəsinə rəsmi mandatı olan beynəlxalq təşkilatın bəyan etdiyi 58% saxtakarlıq rəyi ilə bizim elan etdiyimiz 60-65% arasında çoxmu fərq var? Rəsul Quliyev hesabdarlığa elə aludə olub ki, ümumi seçicilərin sayı ilə seçkiyə çıxan seçicilərin sayını da mazut və qatran çəlləkləri kimi “optovoy” hesablayıb. Rəsul Quliyev hakimiyyətə yaraınmaq üçün ATƏT-in Varşa Bürosunun 58 faiz seçki saxtakarlığına yol verildiyini əks etdirən rəyindən sonra İlham Əliyevin prezident seçildiyini tanıdığını bəyan edib. İndi isə bizi İlham Əliyevə işləməkdə ittiham edir. Belə bir cəsarətdə bulunmaq üçün sadəcə olaraq çox abırsız olmaq lazımdır.
Rəsul Quliyev real həyatdan ayrıldığı üçün reallıq hissini də itirib. Amerikanın Florida ştatında oturub oradan virtual olaraq o qədər də ayıq olmayan başını bilmədiyi bütün sahələrə soxur, “dərin analizlər” aparıb özünü gülünc vəziyyətə qoyur. Adam Smiti “mükəmməl” oxuyan bu mazqatiq (xahiş edirəm ayrı cür başa düşməyin, “mazut və qatran iqtisadiyyatı” deməkdir) sübut etməyə çalışır ki, guya hakimiyyət bizim dediyimizdən az oğurlayıb. O yazır: “10 il müddətində Azərbaycana daxil olan valyutanın miqdarı maksimum 250 milyard dollar olub. Bu pulun 55 milyardı neft fondunda yığışıb durub. (Bu adamın (məni nəzərdə tutur Rəsul Quliyev) şər şamata olduğunu nəzərə alaraq rəqəmlərin 2013-cü ilə aid olduğunu qeyd etmək istəyirəm) 10 faizi yəni 25 milyardı Neft kompaniyasına verilib. 60 milyardı maaş şəkilində camaata verilib. 6o milyardı tikinti inçata və sairə sərf olunub. Başqa sözlə gələn valyutadan oğurlanan dollarların miqdarı 25 milyarddan çox deyildir.” (Bu hissədə buraxılan yazı səhvləri Rəsul Quliyevə məxsus olduğu üçün olduğu kimi saxlanılıb).
Özünün də korrupsiya məsələsində böyük təcrübəsi olduğu üçün bu hesablamada Rəsul Quliyev bəzi detalların üzərindən ustalıqla keçə bilib və görünür, bu da Adam Smiti yaxşı mənimsəməkdən irəli gəlir. Əvvəla, Azərbaycanda hakim ailənin, hakim elitanın nə qədər sərvət topladığın biz demirik, bunu həmin mövzuda dərin təhqiqat aparmış beynəlxalq jurnalist araşdırma təşkilatı bəyan edib. Digər tərəfdən, lap bu günlərdə bəlli oldu ki, Dövlət Dəmir Yol idarəsi Rəsul müəllimin araşdırdığı xronoloji çərçivədə Bakı-Qars yolunun çəkilişi üçün zəruri olan avadanlığı öz qiymətindən 5 dəfə baha sənədləşdirib. Təcrübəli bir “iqtisadçı” kimi burada mənimsənilən 10 milyonlarla dövlət vəsaitini Rəsul Quliyev hansı qrafaya aid edir? Yaxud Avstriyada manat banknotunun kəsilməsi üçün qiymətlər artıq göstərilib və həmin artıq vəsait böyük həcmdə rüşvət kimi Panama şirkətlərinə köçürülüb. Son vaxtların məhkəmə prosesində bəlli oldu ki, 12 il ərzində təkcə Rabitə və İnformasiya Nazirliyində bütün satınalma və xidmət qiymətləri 35 faiz şişirdilib. Kalkulyatoru smiçka kimi çırtlayan Rəsul Quliyev bunun büdcə oğurluğu olduğunu bilmirmi? O, Adam Smiti oxumuş birisi kimi neft pullarından “6o milyardı tikinti inçata və sairə sərf olunub” deyəndə bunları nəzərə alırmı?
Daha sonra Rəsul Quliyev Adam Smitdən keçir tarix elminə, tarixçilik haqqında yekə-yekə hökmlər verir, anlamaq istəmir ki, tarixi mövzuda Harvard, Oxford, Routledge, Nauka, POSSPEN kimi nəşrlərə düşmək Adam Smiti oxuyub mazut satmaq, qatran bazarına nırx qoymaq qədər asan bir şey deyil. Öz tərcümeyi-halını belə dürüst yaza bilməyən Rəsul Quliyev pul verib bir-iki cızma-qara buraxdırıb, elə bilir ki, Avropa və Amerikada istənilən nəşriyyata pul verib istənilən cəfəngiyatı çap etdirmək olar. Mən pul verib kitab çap etdirmirəm, əksinə, nəşr olunmuş kitablarıma görə mənə satışdan bəlli bir faiz ödəyirlər. O, iddia edir ki, mən guya Mir Cəfər Bağırov haqqında sifarişlə kitab yazmışam. Yalan danışır, onun mənim kitablarım haqqında təsəvvürü belə yoxdur. Mən nə Mir Cəfər Bağırov, nə də Heydər Əliyev haqqında kitab yazmışam. Tarixi şəxsiyyətlər olaraq mən Əlimərdan bəy Topçibaşov haqqında monoqrafiya yazmışam və onun haqq elədiyi mükəmməl siyasi portretini yaratmışam.
Rəsul Quliyev sadəcə reallıq hissini deyil, yaddaşını da itirib. Xalq tərəfindən seçilmiş qanuni hökumətə qarşı qiyamın təşkilatçılarından biri olan, Heydər Əliyevi bəh-bəhlə Naxçıvandan Bakıya gətirən, “bu ölkənin iki milli sərvəti var: biri neft, biri də Heydər Əliyevdir” deyən birisi indi bizi Heydər Əliyevə xidmət etməkdə ittiham edir. Bunun üçün tək yaddaşı deyil, utanc hissini itirib, son dərəcə abırsız olmaq lazımdır. Simferopol “çadır teatrından” bir neçə gün əvvəl Rəsul Quliyev özünə sadiq adamlarını yanıma göndərib, bir ziyalı, bir deputat kimi Londondan Bakıya mənimlə gəlmək istədiyini bildirmişdi. Doğrusu əvvəlcə razılıq versəm də, lakin sonra prosesləri təhlil edib bütün bunların oyunbazlıq olduğu qənaətinə gəldim və Londona getməkdən imtina etdim. Öz vətəninə gəlməyə cəsarəti çatmayan, Amerikada oturub korrupsioner rejimin dəyirmanına su tökən birisi indi bizi hakimiyyətə işləməkdə ittiham edir. Halbuki, onun yarındığı hakimiyyət 2015-ci ilin noyabrında Nardaran hadisələrini məhz ona görə törətmişdi, ikisi polis olmaqla altı Azərbaycan vətəndaşını məhz ona görə öldürmüşdü ki, Əli Kərimli ilə məni həbs etsin.
Rəsul Quliyev parlamentin sədri olanda guya təkbaşına prezidentin ancaq 2 dəfə seçilə biləcəyinə dair maddəni Əsas qanuna daxil etdiyini iddia edir. Adam rəhbərlik etdiyi qurumun – Azərbaycan Milli Məclisinin hüquqlarının böyük bir hissəsinin prezident hakimiyyətinə verilməsinə heç bir müqavimət göstərə bilmədiyi halda, yüksək materiyadan dəm vurur, indi aqrar qanun, monopoliya haqqında qanun qəbul edilməsini böyük qəhrəmanlıq nümunəsi kimi qələmə verməyə çalışır. Rəsul Quliyev özünü elə aparır ki, elə bil alçaldıcı Bişkek protokolunda onun yox, mənim imzam var. Əgər indiyə qədər adamlar abrına qısılıb bunları onun üzünə deməyibsə, bu o demək deyil ki, o, həddini aşa bilər.Ən nəhayət, ölkəni tərk etdikdən sonra 8 partiya və bir o qədər də müttəfiq dəyişən Rəsul Quliyevin indi düşdüyü vəziyyətə acıyıram. Bir ildən sonra vətənə qayıdıb demokratik seçki keçirəcəyi iddiası ilə 1996-cı ildə Bakını tərk edən birisi 20 il sonra pasportuna giriş möhürü vurulması üçün hansı acınacaqlı vəziyyətə düşüb, hansı miskin üsullara əl atır, keçmiş mübarizə yoldaşlarını hansı çirkin üsullarla satır. Bax, budur məsələnin kökündə dayanan. Xalqın alçaldılması kimi xəstə təxəyyülün, millətin guya köləyə çevrilməsi kimi sərsəm iddiaların da arxasında məhz, bir sərhəd möhürünə görə insanın özünü bu qədər alçaltması, hakimiyyətə müxtəlif üsullarla yarınmaq cəhdləri dayanır. Amma cəmiyyət artıq belə şeylərə öyrəncəlidir. Hökumətin təqiblərindən qaçıb bu gün müxtəlif ölkələrdə hakimiyyətə xidmət edən o qədər mühacirlər var ki. Rəsul Quliyev bu sıralamada nə birincidir, nə də sonuncu, sıradan birisidir, sadəcə olaraq sıradan birisi. Bu yeri o, öz əməlləri ilə qazanıb, bizim borcumuz isə layiq olduğu yeri ona göstərməkdən ibarətdir.
Tarix: 19-03-2017, 09:12