RUSİYA-ÇİN İTTİFAQI - Düşmənimin düşməni mənim dostumdur!

RUSİYA-ÇİN İTTİFAQI - Düşmənimin düşməni mənim dostumdur! Hazırda Çin və Rusiya yeni sferalarda əməkdaşlıqlarını inkişaf etdirərək, daha çox ABŞ-a qarşı birləşirlər. London Kral Kollecindən Sofiya Svenson sual verir ki, görəsən bu cür qeyri-bərabər əməkdaşlıq nə qədər sürəcək.

Çin və Rusiya BMT Təhlükəsizlik Şurasında tez-tez eyni mövqe göstərirlər. Hər iki tərəf Suriyaya qarşı sanksiyaların qarşısını almaq üçün 28 fevral tarixində özlərinin veto hüqüqlarından istifadə ediblər. Onlar birinci dəfə deyil ki, Suriya müharibəsinə görə qətnamə çıxarılmasının qarşısını alıblar. Rusiya bunu yeddi dəfə, Çin isə altı dəfə edib. Rusiya və Çin 1 martda bildiriblər ki, onlar ABŞ-ın Cənubi Koreyada yerləşdirdiyi raketlərə qarşı səylərini gücləndirməyi qərara alıblar.

Həmçinin, Çin və Rusiya daha çox strateji məsələlər üzrə – hərbi, energetika və infrastruktur sferalarında əməkdaşlıq edirlər.

Ukraynadakı müharibə və onun ardınca Rusiyaya qarşı tətbiq olunan Qərb sanksiyaları Pekin və Moskvanı daha çox yaxınlaşdırdı. Beləki, Rusiya öz iqtisadiyyatını sabit saxlamaq, Çin isə Rusiyanın təbii resurslarına və infrastruktur layihələrinə çıxış əldə etmək imkanı qazandı.

Amma görəsən bu əlaqələr nə dərəcədə möhkəmdir və ya bərabərdir? Və Rusiya ilə Çinin yaxınlaşması narahatlıq yaratmalıdırmı?

Bu böyük dövlətlər 1965-1989-cu illərdə sürmüş Sovet-Çin qarşıdurmasını yaşadıqları üçün demək olar ki, soyuq müharibədən sonra bir-birlərinə çox ehtiyatla yaxınlaşmağa başladılar. Bundan sonra Çin və Rusiya öz mövqelərində bir neçə dəyişikliklər apararaq, belə qənaətə gəldilər ki, onlar müəyyən məsələlərdə strateji əməkdaşlığa başlaya bilərlər. Onları Amerikanın siyasətinə qarşı ümumi mövqe birləşdirir və beynəlxalq sistemdə hökm sürən ABŞ hegemonluğu əvəzinə çoxqütblü dünyanın yaradılmasına çağırışlar edirlər.

Ukraynada müharibə və bunun ardınca gələn sanksiyalar və ucuz neft qiymətləri ona gətirib çıxardı ki, öz iqtisadiyyatını müdafiə etmək məqsədilə Rusiya Çinə müraciət etməli oldu.

Hələ 2009-cu ilin sonundan Çin Rusiyanın ən iri ticarət tərəfdaşıydı və bu indi də belədir. Yaxın perspektivdə energetika sferasında Çinin Rusiya üçün Avropa Birliyi ilə ticarəti əvəzləyəcəyi gözlənilməsə də, hər halda Çin bazarı nəfəs almaq üçün Putinə bir az imkan yaratdı. Bu isə öz növbəsində Qərb sanksiyalarının effektliyini azaltdı.
Çinin Rusiyadakı böyük infrastruktur obyektlərinin tikintisindəki tenderdə iştirakına qoyulmuş son on beş illik qeyri-formal qadağa, Moskvanın Ukraynaya müdaxiləsi ilə əlaqədar 2014-cü ilin mayında götürüldü və bu da Çinə Rusiyanın təbii sərvətlərindən istifadə etməyə, eləcədə infarstruktur layihələrində müqavilələr bağlamağa imkan verdi.

Hələlik, bu, demək olar ki, bərabərhüquqlu əlaqələrdir: Rusiya su üstündə duruş gətirə bilir, Çin isə mühüm resurslara yiyələnir ki, bu da Qərblə qarşıdurmada onun şanslarını yüksəldir.

Ancaq bəzi ekspertlər, məsələn Karneği institutunun Moskva mərkəzindən Dmitri Trenin hesab edir ki, bu cür əməkdaşlıq heç də bərabərhüquqlu sayılmaz, çünki Çin nümayəndələri Rusiyanı “kiçik tərəfdaş” hesab edirlər, Rusiya isə Çindən asılı vəziyyətə düşmək riski ilə üzləşir. Bu arada isə Çinin enerji baxımından, məsələn Türkmənistan kimi alternativi olduğu üçün, onun Rusiya enerji resurslarından tam asılı hala düşməsi gözlənilmir.

Orta Asiya potensial münaqişə zonasıdır və hər iki dövlət burada öz təsir sferalarını artırmaq uğrunda mübarizə aparırlar. Bundan başqa Rusiyanı Çinin Sibirə olan hədsiz marağı bərk narahat edir. Amma buna baxmayaraq, onlar birlikdə güclü anti-Amerika cəbhəsi təşkil edirlər. Ola bilər ki, elə məhz bu xüsusiyyət onların münasibətinin təkanverici qüvvəsidir. Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasında Kosovo, İraq, İran, Liviya və Suriya kimi məsələlərdə eyni mövqe nümayiş etdirirlər.

Lakin Rusiyanın Gürcüstanla apardığı müharibə və Krımın ilhaqı Çin tərəfindən dəstəklənməyib. Çin BMT Təhlükəsizlik Şurasında Krımın ilhaqının qanunsuz olduğuna səs verib. Çin hesab edir ki, Rusiyanın fəaliyyəti və bəlağəti narahatlıq doğurur. Ancaq Çin Rusiya ilə birlikdə Qərbi digər ölkələrin daxili işlərinə qarışmaqda ittiham edir. Ukraynadakı münaqişə isə Çinin Tayvan məsələsindəki imkanlarını genişləndirir.

Çin və Rusiya arasında artıq yalançı nikah deyil, soyuq müharibənin bitdiyi dövrdən inkişaf edən əsl strateji əməkdaşlıq var. Bu isə Ukrayna müharibəsi nəticəsində Qərbin tətbiq etdiyi sanksiyalar sayəsində intensivləşib. Son illər biz enerji, infrastruktur və hərbi sferadakı müştərək işlərin şahidi oluruq. Belə olan halda bütün bunlar sanksiyaların effektliyini dağıdır və liberal dünya nizamına qarşı fəaliyyətləri də gücləndirir.

Lakin bu bərabər hüquqlu münasibət deyil. Çinin buradan götürdüyü fayda Rusiyanın götürdüyündən çoxdur. Özünün “kiçik tərəfdaş” sayılması ilə Rusiyanın barışacağına inanmaq çətindir.

(“Svenska Dagbladet”- İsveç)
Tarix: 24-03-2017, 09:04
Xəbəri paylaş





Xəbər lenti