Qarabağ “dalanı” və Azərbaycanı bu dalana dirəyən dövlətlər: Müharibə, yoxsa danışıqlar?

Qarabağ “dalanı” və Azərbaycanı bu dalana dirəyən dövlətlər: Müharibə, yoxsa danışıqlar? Bir neçə gün əvvəl Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal altında olan yaşayış məntəqələrində növbəti hərbi təlimlər keçirdilər. “Uzundərə” adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriya qurğularından istifadə edildi.

Təlimlərin başa çatmasından xeyli müddət keçməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupundan (Fransa, ABŞ və Rusiya) və digər beynəlxalq təşkilatlardan səs çıxmadı. Bir vaxtlar münaqişənin ən yaxınında olan BMT isə ümumiyyətlə, son zamanlarda Cənubi Qafqaz tərəfləri unudub. Münaqişə haqda Azərbaycanın lehinə 4 qətnamə qəbul etmiş BMT Təhlükəsizlik Şurası da uzun illərdir səssizliyini qoruyur. Avropanı təmsil edən digər siyasi qurumlar da münaqişəyə məsafəli dayanırlar.

ATƏT-in Minsk Qrupu



Beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsinə, belə desək, Azərbaycanın çağırışlarına olan etinasızlığı bununla bitmir. 1994-cü ildən bu günədək problemin mərkəzində yer almağa çalışan siyasi güclər bir dəfə də işğalçını öz adıyla çağırmayıblar. Təmas xəttində atəşkəs rejimi Ermənistan hərbçiləri tərəfindən pozulanda da bu yanaşma dəyişməyib. Ermənistanın hər təxribatında səsləndirilən bəyanatda Azərbaycan işğlaçıyla eyni ölçülüb – tərəfləri sakitləşdirməyə edilən çağırışlar ümumi xarakter daşıyıb. Bütün hallarda isə Minsk Qrupu hadisələrin mərkəzindəki yerlərini qoruyub saxlayıb. Lakin nə Azərbaycan, nə də Ermənistanın ictimai rəyində həmsədrlərə olan ümid o qədər də böyükdür. Rəsmi dairələr cəmiyyətlərə nə qədər Dağlıq Qarabağın gələcək taleyinin həmsədrlik missiyasından asılı olduğunu təlqin etməyə çalışsalar da proseslərin alt qatındakı reallıq bunun tam əksini isbat edir. Başqa sözlə, Minsk Qrupunun münaqişənin həllində hansı yerdə dayandığını görmək üçün bu formatı təşkil edən dövlətlərin Azərbaycan və Ermənistana hansı münasibətlərlə yaxınlaşdıqlarına baxmaq lazımdır.

Fransa



Fransa və Azərbaycan arasındakı diplomatik münasibətlər görünən kimi deyil. Bunu Azərbaycanın hər yerində, elə ölkəmizin ən yüksək rəsmi dairələrində də bilməyən yoxdur. Bir sıra erməni analitiklərin “Fransanın bacısı” adlandırdıqları Ermənistan Parisin ən aşağı təbəqəli siyasi dairələrində belə maraqları ən yüksək formada müdafiə olunur. Qarabağda separatçı rejimin keçirdiyi “referenduma” müşahidə missiyası göndərən Fransa digər yandan qondarma soyqırımı tanıyıb. Dəfələrlə fransalı diplomatların Qarabağa səfərləri rəsmi Bakı tərəfindən pislənilib. Hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”nda Qarabağa qanunsuz səfər etdiklərinə görə ən çox adlarını yazdıranlar da Fransa siyasətçiləridir. Bu həmsədr ölkənin Senatında erməni lobbisinin güclü fəaliyyəti var. Erməni diasporu Fransanın siyasi dairələri ilə güclü təmaslara malikdir və bu ölkənin seçilmiş bütün prezidentləri erməni diasporu tərəfindən ələ alınır. Elə hazırki prezident Fransua Ollandın son bəyanatı da bunu deməyə əsas verir ki, Azərbaycan bu ölkəyə güvənməməlidir. Hesab etmək olar ki, həm də güvənmir.

ABŞ



ABŞ-ın münaqişə və münaqişə tərəflərinə yaxınlaşması Fransadan bir qədər fərqlidir. Amerika Konqresində erməni məsələlərini müdafiə edən bir neçə senator olsa da Ağ Ev səviyyəsində erməni problemləri o qədər aktual deyil. Vaşinqtonda yalnız ildə bir dəfə ermənilərdən danışılır. Bu da həmin gün Amerika prezidentlərinin qondarma soyqırımın ildönümlərində səsləndirdikləri ümumi fikirlərlə yekunlaşır. Düzdür, Con Kerrinin dövlət katibliyi dönəmində Ağ Ev ermənipərəst kimi görünsə də Barak Obama Cənubi Qafqaz siyasətindəki balansını qoruya bildi. Donald Trampın prezident seçilməsiylə Obama və komandasının getməsindən sonra ermənilər bir qədər narahat olmağa başlayıblar. Çünki Tramp və yeni dövlət katibi Reks Tillersonun ermənilərə münasibətlərində o qədər də loyallıq hiss olunmur. Elə buna görə də Amerikadakı erməni diasporu seçkiqabağı kampaniyada Donald Trampın əleyhinə digər namizəd Hillari Klintona maliyyə yatırmışdı. Çünki İrəvanda o inam vardı ki, Donald seçilməyəcək. Sonda isə bu gözlənti özünü doğrultmadı. Amma ABŞ-ın münaqişəyə baxışındakı fərqlilik Azərbaycanın lehinə olmaya bilər. İlk növbədə Amerika danışıqlar nəticə verməyəcəyi halda Azərbaycanın savaşa başlamaq istəyinə qarşıdır. Digər yandan da münaqişənin iki tərəfdən birinin lehinə həllini dəstəkləyir, Azərbaycanın yox. Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə kompleks yanaşan Ağ Ev proseslər Ermənistanın lehinə dəyişsə, Ermənistanı, Azərbaycanın xeyrinə dəyişsə, situasiyaya uyğun olaraq, Azərbaycanı da dəstəkləyə bilər.

Rusiya



Dağlıq Qarabağ münaqişəsinin bütün həll variantları bu ölkənin əlindədir. Azərbaycan Rusiyaya güvənə bilməz. Əgər Rusiya Cənubi Qafqazda belə bir problem istəmirdisə, 1990-cı illər xaosundan istifadə edərək erməni silahlı qüvvələri ilə birlikdə Dağlıq Qarabağ və digər əraziləri işğal etməzdi. Kremlin yürütdüyü son 300 illik siyasətə baxmaq lazımdır. Bu 3 əsr ərzində Rusiya özünün və ermənilərin xeyrinə işğal etdiyi heç bir ərazini geri qaytarmayıb. Yeni dönəm xarici siyasətində də “parçala, hökm sür” prinsipi hələ də keçərlidir. Rusiya Dağlıq Qarabağ münaqişəsini ona görə ortaya çıxarıb ki, ABŞ və digər Qərb dövlətləri, başqa sözlə, NATO Cənubi Qafqazda möhkəmlənmək imkanlarından məhrum olsun. Gürcüstan ərazilərini (Abxaziya və Cənubi Osetiya) də bu məqsədlə işğal etdi. Əgər Rusiya NATO və ABŞ-ın regiona girməyəcəyi qarantiyasını ala bilsə, problemin həllini sürətləndirəcək. Lakin tarixin bütün dönəmlərində özünü qorumaq instinkti oyaq olan Rusiya digər yandan sərhədlərində yerləşən bütün dövlətlərə skeptist (şübhəli) yanaşır. Kremlə görə, Rusiyadan başqa bütün dövlətlər hər an “NATO yuvası”na çevrilə bilər.

Nə etməli?

Yəni, nə Fransa, nə ABŞ, nə də Rusiya Qarabağı sinidə Azərbaycanın qabağına gətirəcək. Bu heç diplomatik səviyyədə və danışıqlar formatında da mümkün deyil. Hətta bu ölkələri müharibə vəziyyətində hərbi formada ermənilərlə eyni cəbhədə görə bilərik. Belə olan halda Azərbaycanın bir yolu qalır: danışıqları dayandırıb müharibəyə başlamaq. Amma bu halda Azərbaycan təkcə Ermənistanla yox, ən az bu işğalçının ölkənin yanındakı Rusiya ilə də savaşmalı olacaq. Bir tərəfdən də Azərbaycanın hüquqi yolla əlində olan bu imkanından istifadə etməyə mane olurlar. Bu da o ehtimalı yaradır ki, ən azı yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllini görməyə bilərik. Digər variantda isə rəsmi Bakı məsələnin həllini sürətləndirmək və tərəfləri öz iradəsinə tabe etmək üçün diplomatik kanallarını şaxələndirməli və Minsk Qrupunu Ermənistana təzyiq etməyə məcbur etməyin yollarını tapmalıdır. Bunu necə etməyə gəlincə, hər halda bu, çətin görünür, amma mümkünsüz deyil.

Mənsur Rəğbətoğlu
Tarix: 25-03-2017, 15:43
Xəbəri paylaş





Xəbər lenti