Azərbaycanda heç bir beynəlxalq təsisatın ofisi qalmayıb. Hakimiyyət bir dalğada Norveç evi, ATƏT-in Bakı ofisi, NED və başqa nüfuzlu təşkilatları ölkədən çıxardı.
Eyni zamanda ABŞ konqressinin maliyyələşdirdiyi “Azadlıq” radiosunun qapısı möhürləndi. Artıq neçə ildir ki, rəsmi Bakı beynəlxalq qurumların yerli ofislərinin fəaliyyətini qadağan edib.AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, Avropa dövlətləri və Qərb siyasi mərkəzləri rəsmi Bakının bu qərarlarına olduqca loyal yanaşdılar.
İqtidarın bu “at gedişi”nə qarşı Qərbdən ciddi və sərt reaksiyalar olmadı. Və artıq 2017-ci ildir, hakimiyyət beynəlxalq təşkilatları Azərbaycana buraxmamaqda qərarını dəyişmək fikrində görünmür.
Prezident İlham Əliyevin Avropa Parlamenti ilə münasibətləri yumşaltmasına baxmayaraq, hakimiyyətin Qərb təşkilatları ilə bağlı açılım siyasəti müşahidə olunmur.
Beynəlxalq və yerli ekspertlər yaxın gələcəkdə də hər hansı dəyişiklik olmayacağı qənaətindədir. Hakimiyyətin bu addımları razılaşdırılmamış olmayıb. Avropa təsisatlarını ölkədən deportasiya etmək hər iqtidarın iradəsi deyil.
Bunun üçün qətiyyətli siyasi iradə nümayiş etdirmək lazımdır ki, nəticədə Qərblə münasibətlər korlanır. İlham Əliyevin isə Qərblə arasında müəyyən dövrdə yaranan buzlar çoxdan əriyib.
Bu məsələdə prezidentin Avropadakı yəhudi lobbisi ilə olan əlaqələrinin da mühüm rol oynadığını söyləmək olar.
Avropa Birliyi, Avropa İttifaqı, ATƏT və Avropa Parlamentində, o cümlədən Avropa Şurasının Parlament Assambleyasında rəsmi Bakıya olan qeyri-rəsmi münasibət tam fərqlidir.
Qərb təsisatları Azərbaycan hakimiyyətinin bu kobud qərarlarına rəğmən, Əliyev iqtidarı ilə əməkdaşlığı genişləndirmək, sanksiyalar tətbiq etməmək, enerji təhlükəsizliyi və inkişafı istiqamətində fəaliyyəti gücləndirmək haqda düşünür.
Hətta Qərbin qrant ayırdığı qeyri-hökumət təşkilatlarının tanınmış üzvləri də qeyri-rəsmi söhbətlərdə etiraf edirlər ki, Qərb Azərbaycan iqtidarına siyasi təzyiq göstərmək istəmir və işləmək tərəfdarıdır.
Sonuncu təyinat – 1-ci vitse-prezidentin Mehriban Əliyeva olması Qərb dairələrində müsbət qarşılanıb və islahatçı kadrın iqtidar rəhbərliyinə gətirilməsi kimi qiymətləndirilib.
Bu da öz növbəsində ondan xəbər verir ki, beynəlxalq qüvvələr və Qərb dairələri İlham Əliyev hakimiyyəti ilə azı 2025-ci ilə qədər əməkdaşlığı genişləndirməyi, TAP və TANAP kimi nəhəng enerji layihələrinin reallaşmasını istəyir, bunun müqabilində isə demokratiya və insan haqları sahəsində tələblər vaxtaşırı səslənə bilər, Qərb təşkilatlarının və mediasının Azərbaycanda ofislərinin açılmasına göz yumulacaq, lokal etirazlar və həbslərlə bağlı tələblər arxa plana keçiriləcək.
Məsələn, REAL sədri İlqar Məmmədovun azadlığa buraxılması Qərb üçün prioritet məsələ deyil. TANAP layihəsi REAL sədrindən daha mühüm layihədir və bu reallıq göz qabağındadır.
Eyni fikirləri AXCP sədri Əli Kərimliyə pasport verilməməsi, “Azadlıq” radiosunun yerli tezliyə qaytarılmaması haqda söyləmək olar. Təkcə Qərb dairələri deyil, ABŞ Dövlət Departamentinin də hakimiyyətin siyasi qərarlarına yumşaq münasibəti görünməkdədir.
AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, Qərb və ABŞ üçün Azərbaycan Cənubi Qafqazda əhəmiyyətli ölkədir. Gürcüstanı for-postuna çevirən Vaşinqton C.Qafqazın bölüşdürülməsində Ermənistanın da Kremlin for-postu olmasına göz yumub.
Bu iki dövlətlə məsələ həll olunub və Moskva ilə Vaşinqton Gürcüstan-Ermənistan bölgüsündə razılığa gəliblər. Azərbaycan isə hər iki supergücün əlinə oynamaqla balans siyasətini qorumağa çalışmaqdadır.
Hakimiyyətin Kremlə daha çox yaxınlaşması Qərbi narahat etsə də, məsələ göründüyü qədər də mürəkkəb deyil. Söhbət hər iki ölkənin maraqlarının Azərbaycanda təmin olunmasından gedir.
Bu halda rəsmi Bakının Qərb təsisatlarının ofislərini bağlamaq qərarına müvəqqəti də olsa göz yummaq mümkündür.
Çünki hakimiyyət yeri gələndə regionda gedən proseslərlə bağlı ABŞ-ı siyasi şantaja məruz qoya bilir. Ağ ev isə İran və Əfqanıstan siyasətinə görə rəsmi Bakının bəzi gedişlərinə loyal yanaşır.
Ümumilikdə, vəziyyət dramatik deyil və İ.Əliyevin ABŞ-dakı yəhudi komitəsi ilə dostluq əlaqələri, İsraillə əməkdaşlığın yüksək səviyyədə olması Dövlət Departamentinin Azərbaycan hakimiyyətinə etimad göstərdiyini xəbər verir.
Beləliklə, 2025-ci ilə qədər Azərbaycanda yeni iqtidar komandasının formalaşması dövrü olacaq və bu keçid mərhələsində vəzifələrə Qərb təhsilli kadrlar Paşayevlərin çiyinlərində gətiriləcək. Yeni gənc hakimiyyət liberal siyasi kurs götürəcək.
Rəsmi Bakının regiondakı kataklizmlərdən özünü qoruya bilməsinin real səbəbləri var: enerji təhlükəsizliyi və əməkdaşlığında tərəfləri qane etməsi, terrorla mübarizədə iştirakı, Qərblə Rusiyanın bu zolaqda maraqlarını təmin etməsi Azərbaycanı siyasi krizisdən kənarda saxlayıb.
Bununla yanaşı, Paşayevlərin hakimiyyəti tam götürmək planı sürətlə irəliləməkdədir. 1-ci vitse-prezidentin təyin olunmasından sonra bu projenin reallaşması daha böyük imkanlarını açıb. Təyinatdan sonra iqtidar içində iri daşların yerləri belə dəyişib.
Siam.az
Tarix: 28-03-2017, 08:01