Hökumətin islahat qorxusu: Oliqarxlar nəzarətdən çıxa bilər

Hökumətin islahat qorxusu: Oliqarxlar nəzarətdən çıxa bilər 2017-ci ilin ilk 3 ayı geridə qalsa da hakimiyyət qəbul etdiyi “Yol xəritəsi” üzrə hərəkət etmir.İslahatlara gedilmir.Gözlənti özünü doğrultmur.Hakimiyyət nə siyasi, nə də iqtisadi sektorda bir əməli addım atıb.Yalnız Konstitusiya dəyişikliyindən irəli gələn I vitse-prezident postuna təyinat olub.Bu, hələlik dövlət başçısının ilk və son siyasi islahat addımıdır.

Sonu görünməyən ömür

İslahatlar kompleks tədbirlər və ciddiyyət tələb edən prosesdir.İlk növbədə hakim komanda ölkədə davam edən total sosial-iqtisadi böhranı aradan qaldırmaq istəyirsə, işə siyasi islahatlardan başlamalıdır.Yox, əgər siyasi islahatlar mövcud hakimiyyətin ömrünün uzadılmasına və iqtidarının gücləndirilməsinə hesablanacaqsa, bunun ortaya çıxaracağı ağır nəticələri əvvəldən nəzərə almalıldır.Çünki ölkədəki ağır durumdan birbaşa bu hakimiyyətdə təmsil olunan monopolist, inhisarçı, rüşvətxor və korrupsioner oliqarx dövlət adamları, məmurlar məsuliyyət daşıyırlar.Siyasi sistemdə uzun illərdir oturuşmuş bu oliqarxiya ölkədəki bütün sektorlara nəzarəti ələ keçirib. Həmin oliqarxlar Azərbaycan müstəqil olandan - kommunizmin tör-töküntüləri ortalıqdan yığışdırılmamış özəlləşdirmə adıyla “azad sahibkarlıq”, “azad biznes”, “azad ticarət” anlayışına son qoydu.

İndi aralarında yüksək çinli məmurların və nazirlərin olduğu bu komanda özünü siyasi hakimiyyət yox, biznesmen kimi aparır.Rejim öz qazancına baxır, xalqın nə istəməsinə, xalqa nəyin lazım olub-olmadığına və ölkənin gələcəyinə investisiya yatırmasına yox.Belə bir təsəvvür yaradıblar ki, biznes və ticarətdə lazım olan məqsədə çatdıqdan sonra gedəcəklər, amma hələ ki, nə doyan var, nə də gedən.Yəqin ki getməyəcəklər.

Çətin dilemma qarşısında

İslahatlara gəlincə, yuxarıda da qeyd etdiyimiz kimi əgər hakimiyyət həqiqətən “Yol xəritəsi”ni ölkənin sosial və iqtisadi rifahına hesablayıbsa, bu zaman Azərbaycanı bu vəziyyətə çatdırmış adamların siyasi sistemdən təmizlənməsi əməliyyatlarına başlamalıdır. Amma bu, iqtidar üçün ağır proses olacaq. İlk növbədə ciddi siyasi islahatlar keçirilsə, böyük əksəriyyət öz postlarını itirəcək.Yəni, iqtidarın strukturları laxlayacaq.Digər yandan da boşaldılmış postlara hakimiyyətin öz içində texnokrat sayılacaq kadrlarının olmadığı görünür.Müxalifət cəbhəsində peşəkarların sayı kifayət qədər çox olsa da demokratik qüvvələrlə hakimiyyət arasındakı ziddiyyət, uçurum və soyuq münasibətlər müxaliflətə rejimin ölkənin məsuliyyətini onunla bölüşmək imkanını vermir.Hakimiyyət bu tərəfə inanmır.Əksinə həmin peşəkarları həbs etdirməklə göz qorxudur.

Nüfuz məsələsi

İkincisi, nazirlər və oliqarx məmurların kütləvi şəkildə sistemdən kənarlaşdırılması iqtidarın nüfuzuna ağır zərbə vuracaq.Aydın olacaq ki, sistemin tərkibi deyilənlərə uyğun olaraq şəffaf deyilmiş, korrupsiya və rüşvət baş alıb gedirmiş.Lakin belə bir addım digər yandan cəmiyyət nöqteyi-nəzərindən hakimiyyətə rəğbəti artıra bilər ki, bu da iqtidarın məqsədlərinə uyğun olmalıdır.Ən azı daxildə özünə qarşı formalaşan hiddət və qəzəbi sakitləşdirəcək.

Oliqarxiya qorxusu

Üçüncü və ən əhəmiyyətli məsələ sistemdə təmsil olunan güclü oliqarx və klanlarla bağlıdır.Hakimiyyət düşünə bilər ki, həmin oliqarxları sistemdən dışlasa, öz əliylə özünün qarşısına daha real, maddi imkanları geniş və güclü müxalif qüvvə çıxaracaq.Belə bir qüvvəylə qarşı-qarşıya qalmaq da özünün təhlükəsizliyi baxımından iqtidarın məqsədinə uyğun olmamalıdır.Ortada ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş başçısı Eldar Mahmudov nümunəsi var. Məlumdur ki, Mahmudov MTN-ə rəhbərlik etdiyi dönəmlərdə saysız cinayətlər törətməkdə ittiham olunsa da azadlıqdadır. Bu da o iddiaları ortaya çıxarıb ki, MTN-ə rəhbərlik etdiyi 10 il ərzində özünə güclü maliyyə bazası və hakimiyyət daxilində dəstəkçi qazanan “odioz general” vaxtilə təmsil olunduğu bu sistemi şantaj vasitələrini əlində saxlayır. İndi nəzərə alsaq ki, hakimiyyətin sıralarında Mahmudovdan da güclü - həm daxili, həm də xarici əlaqələri güclü olan kifayət qədər oliqarx var, bu o deməkdir ki, həmin şəxslər öz postlarını itirdikləri an keçmiş komandalarına qarşı mübarizəyə başlayacaqlar. Yəni, hakimiyyət öz əliylə özünə qarşı yönələn burjua hərəkatı hazırlamaq istəmir.

Bolşeviklər, yakobinçilər, rus oliqarxiyası

Rusiya nümunəsi var. 2000-ci ildə Vladimir Putin Rusiyada hakimiyyətə gələndə Vladimir Xodorovski kimi güclü xarici və daxili siyasi əlaqələri olan oliqarxları həbsxanaya göndərdi. Sistemdəkiləri də təhlükəsiz vəziyyətə gətirdi.İndi vaxtilə Putinin “vurduğu” həmin oliqarxlar Rusiyanı cənginə almağa başlayan antiPutin mitinqlərinin mərkəzlərində yer almağa başlayıblar.

1917-ci ildə bolşeviklər də çar Rusiyasını çar Nikolayın sıxışdırdığı dvoryanlar və zəngin elitanın təmsilçiləri ilə birlikdə yıxdı.1789-cu ildə ziyalılar Fransa burjua inqilabını da bu kimi şəxslərin pulları hesabına həyata keçirmişdilər.Əlbəttə, Azərbaycan hakimiyyətinin də belə nümunələri göz önünə alaraq, tədrici hərəkət xətti seçəcəyi istisna deyil. Yəni, ən azı yaxın gələcək üçün ölkədə ciddi siyasi və iqtisadi islahatların olacağı az inandırıcıdır, bir sıra hallarda isə ümumiyyətlə inandırıcı deyil. (Cebhe.info)
Tarix: 31-03-2017, 17:28
Xəbəri paylaş





Xəbər lenti