Erməni "səsverənlərin" çığırtısı sonra eşidiləcək

Erməni "səsverənlərin" çığırtısı sonra eşidiləcək Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Formalaşacaq bu parlamentdə əsas məsələlər hay deputatlarının sayının 101 olması ilə yox, 1 nəfərin keyfinin 101 vurması ilə müəyyənləşəcək


Ermənistanın yeni konstitusiyasına uyğun olaraq aprelin 2-də bu ölkədə keçiriləcək parlament seçkisində hansı partiyanın daha çox "parlaması" məlum olacaq. Seçkiöncəsi günlərdə bu ölkənin hakim partiyasının rəhbəri Serj Sarkisyan öz təyyarəsi ilə bir neçə "partiya" ora-bura "uçuş" edərək qəzasız-filansız İrəvanın "Zvatrnos" hava limanına qayıdıb eniş etsə də, amma bu "seçki uçuşundan" qəzasız çıxacağına heç kim təminat verə bilməz. Artıq bu, yalnız seçki bitdikdən sonra "qara" qutudan "eşidilən" səslərdən asılı olacaq.

"Qara qutu"nun ağzı isə "qarabağ"la bağlı olduğundan onun içinə girməyə can atanlar hələlik olduqca mülayim, ürəyəyatımlı əsl Qarabağ səsi və avazı ilə züm-zümə edirlər. Belə ki, avazları hələlik yaxşı gəlir, amma oxuduqları biz deyən olsa.

Amma "qara qutu"dan seçmələnərək çıxarılanların qarşında duran əsas vəzifə heç də Qarabağ düyününün prioritet olaraq çözülməsi deyil, onlar sadəcə bu "forpost" ölkəni yarımprezident idarəetmə üsulundan parlament idarəetmə sisteminə keçirmək istəyirlər. Bu isə o deməkdir ki, əgər dünənə qədər hayların başını onların hər hansısa bir prezidenti hərləyirdisə, amma indi o funksiyanı Ermənistan parlamenti yerinə yetirəcək. Əslində Ermənistanda elə həmişə "yarımprezident" idarəetmə üsulu mövcud olub. Çünki indiyədək "ad hayın, dad rusun" olan bu haylar ölkəciyində müstəqil siyasət yürütmək bacarığı olmadığından heç bir "hakim", öz xalqının hayına çata bilməyib.

Zənnimcə, parlament idarəetmə sisteminin Qarabağ probleminin həllində daha çox radikal mövqe göstərəcəyinə heç kimin şübhəsi olmamalıdır. Baxın, əgər dünən hər hansı erməni prezident Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün danışıqlarda söz sahibi olaraq bütün məsuliyyəti öz üzərinə götürüb tək çıxış edirdisə, amma indi bu işin həll olunmasında bütün parlament üzvləri söz sahibinə çevriləcəklər. Bu mənada nəzərə alsaq ki, əgər tək bir hay Dağlıq Qarabağı 20 ildən artıq əlində saxlaya bilibsə, bu minvalla onda bir parlament dolusu erməni onu dünya dağılınca özlərində saxlaya bilərlər. Birbaşa olmasa da, amma dolayısı ilə bu məntiq bizə əsas verir ki, elə onların bir üsuldan digər üsula keçmələrinin qayəsində məhz bu niyyət dayanır.

Şübhəsiz ki, əgər belə olmasaydı, bu gün Dağlıq Qarabağı əllərində "kozır" kart kimi sıxıb deputat olmaq istəyən haylar, öz xalqları ilə "duraka" oynamadan ilk növbədə özlərinin müstəqilliyi barədə daha çox təkliflər irəli sürərdilər. Amma onu da etiraf edək ki, bu "forpost"un müstəqilliyə gedən yolu məhz Dağlıq Qarabağdan keçir. Yəni nə qədər ki, ermənilər oğurladıqları bu "qarabağı" boyunlarından açıb onu öz sahibinə qaytarmayacaqlar, onlar heç vaxt müstəqil ola bilməyəcəklər.

Hazırda Ermənistan Konstitusiyasına görə burada hələ ki prezident dövlət başçısı hesab edilir. Amma 2018-ci ilin aprel ayında Serj Sarkisyanın son prezidentlik müddəti başa çatdıqdan sonra, haylar öz ölkə prezidentini həmişə olduğu kimi ümumxalq seçkiləri vasitəsilə deyil, parlament tərəfindən seçəcəklər. Yəni, 101 üzvdən ibarət olan parlament bu "forpost"un əsas hakimiyyət orqanına çevriləcək. Bundan sonra onlar yəqin ki, öz xalqları ilə "duraka" oyunundan daha çox "domino" oyunu oynamağa üstünlük verəcəklər. Sözsüz ki, niyyətlərini və ya keyflərlərini 101-ə qaldırıb çatdırmaqdan ötrü onlar, hələ çox "şakka-şak" salıb öz miskin xalqlarının başını xarab, qonşularını isə narahat edəcəklər.

Ermənistan parlamentinə Kreml "ulduzunun" içindən baxanda isə, özləri həmişə idarə olunan haylar say etibarı ilə istər 1, istərsə də 101 olmalarından asılı olmayaraq elə yenə də "bir idarənin" başçısının başı ilə idarə olunacaq. Yəni, formalaşacaq bu parlamentdə əsas məsələlər hay deputatlarının sayının 101 olması ilə yox, 1 nəfərin keyfinin 101 vurması ilə müəyyənləşəcək.

Əgər Ermənistandakı parlament seçkilərinə sadəlövhlüklə yanaşsaq, hazırda "səs" eşqinə düşən erməni partiya liderləri arasında bu qovğada, digər "səsbazlardan" fərqli olaraq, əsasən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi "Erməni Milli Konqresi-Ermənistan Xalq Partiyası" blokunun daha çox "üzü bəri" olduğunu görərik.

Əlbəttə, ermənilər tarix boyu bütün istəklərinə "paket"lə nail olduqlarından, bir növ buna adət etmiş kimi, bir çox partiya liderləri elə indi də Dağlıq Qarabağ probleminin vahid həll yolunu "paket variantı"nda görürlər.

Ancaq digər "səsbazlarla" müqayisədə özünü daha çox sülhpərvər bir lider kimi göstərmək istəyən Ter-Petrosyan, öz seçki bəyanatlarında Qarabağ probleminin "mərhələli həll variantı"na üstünlük verdiyini vurğulayır. Güman etmək olar ki, onun bütün bu siyasi gedişləri, əsasən daxili elektoratı sakitləşdirərək onları ələ alıb "Qarabağ klanı"nına son qoymaq üçündür. Amma təkcə "Qarabağ klanı"na, Dağlıq Qarabağa yox. Çünki o, indiyədək heç bir çıxışında Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dilə gətirməyib.

Əslində bu heç kimə sirr deyil ki, Dağlıq Qarabağ və ətraf rayonların hamısının işğalına məhz, elə Levon Ter-Petrosyan özü prezident olduğu zaman komandanlıq edib. Bundan sonra indi onun Dağlıq Qarabağı bizim istədiyimiz kimi geri qaytarmasına inansaq, bu, səhrada dəvəsi ölmüş bir ərəbin su tapacağı sevdasına düşməsinə bənzəmiş olar.

Əgər qısa desək, burada "paket həll variantı" - Laçın dəhlizi istisna olmaqla, Azərbaycanın bütün işğal altındakı rayonları geri qaytarılır və Dağlıq Qarabağ ermənilərə ərmağan edilir. "Mərhələli həll variantı"nda isə ətraf rayonlar Azərbaycana qaytarılır, məcburi köçkünlər Dağlıq Qarabağa öz evlərinə geri dönür və Dağlıq Qarabağa müvəqqəti status verilir, əraziyə sülhməramlılar yeridilərək təhlükəsizlik təmin olunur. Sonrakı mərhələdə isə bir neçə ildən sonra yekun statusun Dağlıq Qarabağ ərazisində keçiriləcək referendum vasitəsilə müəyyənləşdirilməsi nəzərdə tutulur.

Məhz, indiyədək Qarabağ probleminin həll olunmamasının üzdə görünən səbəbi rəsmi İrəvanın məsələni birdəfəlik "paket həll variantı"nda - "biz rayonları qaytarırıq, amma əvəzində Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini qəbul etməlidir" - təklifini irəli sürməsindədir.

Sözsüz ki, rəsmi Bakı haqlı olaraq İrəvanın bu kimi əsassız, beynəlxalq norma və prinsiplərə zidd olan təkliflərini həmişə rədd edir. Qarabağ probleminin sülh yolundan başqa həll variantı yoxdur deyənlərin isə əgər yaddaşları pozulmayıbsa, onlar bilməlidirlər ki, düz bir il öncə belə həll yolunun var olduğunu bütün dünya gördü.

Odur ki, 2 aprel xatirinə martın ortalarında Sarkiyanın Parisə girib Kremldən çıxması, onun bu seçkilərdə "qara qutu"dan üzü ağ çımasına hesablanmış xüsusi "paket" variantı idi.

Əslində, erməni "səsverənlərin" bu seçimdə hansı "yan"a yan almalarının, eləcə də onu hansı "yan"a və ya "səsbaza" vermələrinin bizim üçün heç bir fərqi yoxdur. Bütün hallarda bu "yan"ların o yanına da lənət, bu yanına da! Bir də ki, "səsverənlər" səslərini hansı pozada vermələrindən asılı olmayaraq çox güman ki, sonda "qara qutu"dan daha çox Serj Sarkisyanın "səsbazlığı" üzə çıxacaq. Belə olan halda isə erməni "səsverənlərin" çığırtısı qutunun içində lap ərşə qalxsa da, yerdə sonra eşidiləcək. Eyni ilə 2008-ci ildə Ermənistanda keçirilən prezident seçkisində olduğu kimi...
Tarix: 1-04-2017, 23:01
Xəbəri paylaş





Xəbər lenti