Rusiyanın məxfi Qarabağ planı - şərikli işğalçılıq bitəcəkmi?..

Rusiyanın məxfi Qarabağ planı - şərikli işğalçılıq bitəcəkmi?.. 25 illik diplomatik əlaqələrin baş sualı; Bakı-Moskva münasibətlərinin önündəki əsas əngəlin - Qarabağ maneəsinin nə vaxt götürüləcəyi bilinmir...

Bu günlər Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Beləcə, əsrin 1/4-i qədər Azərbaycan Rusiyadan öz müstəqilliyini qoruyub saxlaya bilib. Hərgah, ötən dövr Moskvanın səbəb olduğu əngəllər üzündən olduqca mürəkkəb və ağır keçib, Rusiyanın aydın “barmaq izləri” olan çevrilişlər və çevrilişlərə cəhdlərlə yadda qalıb.


Şimaldan yaradılan bu kimi əngəllər hələ də iki ölkə arasında münasibətləri etibarlı və güclü təməl üzərinə keçirməyə imkan vermir. Söhbət öncəliklə Kremlin körüklədiyi, hələ də alovlanan Qarabağ münaqişəsindən gedir. Doğrudur, bu müddətdə Rusiya ötən əsrin 20-ci illərindəki kimi, müstəqil Azərbaycana hərbi təcavüz etməyə cürətlənməyib, ancaq əvəzində Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğalına birbaşa yardımçı olub, işğalçının yanında yer alıb, lap dəqiqi, bizə qarşı şərikli işğalçılıq edib.


Bu harasıdır, üstəlik, Moskva konfliktin ədalətli həllinə kömək eləmək istəmir və bizi torpaqları azad eləmək üçün hərbi gücdən istifadə etməyə qoymur, hətta xəfif şəkildə bizi hədələyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Qarabağda müharibə Azərbaycanın daxili məsələsi deyil” məlum açıqlaması məhz bu anlamanı daşıyır. Lavrovun sözlərinin diplomatik münasibətlərin 25 illiyində səslənməsi isə ikiqat simvolik məna daşıyır.


Aydındır ki, Qarabağ ixtilafı çözülməyincə, Azərbaycanda Rusiyaya qarşı heç vaxt dərin etimad mühiti olmayacaq. Demək, ikitərəfli əlaqələr də arzulanan yüksək, strateji səviyyəyə çatmayacaq. Hər halda, münasibətlərin strateji xarakteri o deməkdir ki, tərəflər arasında heç bir ciddi problem yaşanmır. Rusiya ilə Azərbaycan arasında isə Qarabağ problemi var, qalır - Moskva rəsmiləri bunu etiraf etmək istəməsələr də.

Rusiyanın məxfi Qarabağ planı - şərikli işğalçılıq bitəcəkmi?..


Bakı rəsmiləri, son olaraq isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıq şəkildə bəyan edib ki, Moskva istəsə, Qarabağ problemini qısa zamanda yoluna qoyar. Bu, həqiqətən belədir və əlbəttə ki, həm də Azərbaycan xalqının rəyidir, şimal qonşumuza qarşı ölkəmizdə və Azərbaycan toplumunda hansı daşlaşmış etimad göstəricisinin olduğunu göstərir.


*****


Bəs bundan sonra iki ölkə əlaqələrinin perspektivi nə vəd edir? Rusiya Azərbaycanı qazanmaq üçün nəhayət, Dağlıq Qarabağ məsələsinin həllinə təkan verə bilərmi? Politoloqların bu xüsusda rəyləri birmənalı deyil.


“Yaxın illərdə Rusiya-Azərbaycan əlaqələri asan olmayacaq, çünki Cənubi Qafqaz regionunda sabitliyin pozulması təhlükəsi var”. Musavat.com-un məlumatına görə, bu barədə Bakıda Rusiya-Azərbaycan diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş dəyirmi Masada tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk bildirib.

Rusiyanın məxfi Qarabağ planı - şərikli işğalçılıq bitəcəkmi?..


“İstərdik ki, ötən illər gələcək Azərbaycan-Rusiya münasibətləri üçün möhkəm təməl rolu, yeni start olsun, nəinki sönməkdə olan postsovet dostluğunun simvolu”, - deyə ekspert qeyd edib. Onun sözlərinə görə, Bakı Moskva üçün bütün sahələr üzrə əlaqələrdə mühüm önəm kəsb edir: “Söhbət iqtisadi, hərbi-siyasi, humanitar, strateji sferalardan gedir - istər regional xarakterli olsun, istərsə də beynəlxalq səviyyəli. Azərbaycan Rusiyanın daha çox qlobal tərəfdaşıdır, nəinki regional. Moskvanın Bakıdan öyrənməli şeylər də var. Xüsusən də konfessional sahədə - hansı sahədə ki, Rusiyanın bəzi problemləri mövcuddur”.


Rusiyalı analitik hesab edir ki, Moskva türk dünyasının həlledici ölkəsi kimi Azərbaycanın əhəmiyyətini başa düşməlidir. “Rusiya həmçinin Azərbaycan nümunəsində türk dünyası ilə daha sıx təması öyrənməlidir. Postsovet məkanında həll olunmamış problemlərin çoxluğunu nəzərə alsaq, Yaxın illərdə Rusiya-Azərbaycan əlaqələri asan olmayacaq, çünki Cənubi Qafqaz regionunda sabitliyin pozulması təhlükəsi və digər mürəkkəb regional situasiyalar təhlükəsi var” - Trofimçuk xəbərdarlıq edib.

Rusiyanın məxfi Qarabağ planı - şərikli işğalçılıq bitəcəkmi?..


Politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında son kəskinləşmələrdən sonra təhlükəli və anlaşılmaz situasiya yaranıb: “Moskva bu vəziyyəti öz axarına buraxa bilməz. Bu zaman məhz Bakı məsələnin həllində kompromislərə səy edir. Bakının Azərbaycanla Ermənistan arasında Sülh Platforması hazırlaması və Dağlıq Qarabağın statusunu müzakirəsinə hazır olması bu qəbildəndir”.


*****


Bu arada Sergey Lavrov bəyan edib ki, Moskva Qarabağ konfliktinin həll prosesinin aktiv iştirakçısıdır. Bu fikri o, Ermənistanın “Novoye Vremya” qəzetinə müsahibəsində söyləyib. “Rusiya ABŞ və Fransa ilə birgə, tərəflərə konfliktin uğurlu həll edilməsində yardım edir. Əksər məsələlərdə razılıq əldə etmək mümkün olub. Bir neçə, amma daha mürəkkəb məsələ qalıb. Lakin aydındır ki, işə yekun vurulması ilk növbədə iki ölkənin öz siyasi iradəsindən və onların kompromis qərarlara getməyə hazır olmasından asılıdır”, - deyə Rusiyanın baş diplomatı vurğulayıb.


Ancaq Rusiya XİN başçısı sözsüz ki, növbəti dəfə blef edir. Çünki hamı yaxşı bilir ki, marionet Ermənistan Azərbaycandan fərqli olaraq, Dağlıq Qarabağ məsələsində həlledici söz və iradə yiyəsi deyil. Yəni əslində Bakı ilk növbədə Moskva ilə anlaşmalıdır, nəinki İrəvanla. Rusiyanın isə Qarabağa dair öz gizli planı var.

Rusiyanın məxfi Qarabağ planı - şərikli işğalçılıq bitəcəkmi?..


“Rusiya xarici işlər naziri Lavrov təkzib etsə də, Kremlin Qarabağla bağlı müəyyən planı var”. Bunu isə diplomat, politoloq Fikrət Sadıqov deyib (axar.az). Politoloqa görə, Rusiya hazırda sanki İrəvanın mövqeyini yumşaltmağa çalışır: “Biz Rusiyanın mövqeyinin nədən ibarət olduğunu bilirik. İndi bəyan edirlər ki, bəzi gizli məqamlar var və ona görə də detalları açıqlamırlar. Söhbət ondan gedir ki, əgər bundan əvvəl guya Dağlıq Qarabağı bir dövlət qurumu kimi tanımaq məsələsi gündəmdəydisə, indi bunu yumşaltmaq istəyirlər ki, ermənilər daha sərt mövqeylə çıxış etməsinlər və müəyyən güzəştlər etsinlər. Bu, hələlik mümkün deyil. Çünki əvvəla, Ermənistana kifayət qədər təzyiq göstərilmir. İkincisi, İrəvan xarici və daxili amillərlə əlaqədar özlüyündə mövqeyini dəyişməyəcək”.


Politoloq onu da əlavə edib ki, əgər amerikalı həmsədrin Qarabağa dair həll planı realdırsa və sülh yaratmaq naminə regionda təhlükəsizliyi təmin edəcəksə, onda plan həyata keçə bilər: “Bir şərtlə ki, Ermənistan artıq açar dövlətlərin təzyiqlərini hiss etməlidir. İrəvan ancaq güc amilini dərk edir. Aprel hadisələri bunu təsdiq etdi. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissədir və biz bu mövqedən çıxış edirik. Hər halda, güzəştə getdiyimiz mövqe ondan ibarətdir ki, ermənilər öz qoşunlarını torpaqlarımızdan çıxardıqdan sonra status məsələsi ilə bağlı müzakirələri davam etməyə hazırıq. Bu, Azərbaycanın prinsipial mövqeyidir”.


*****


Beləliklə, Qarabağ məsələsində hərə öz mövqeyində qalır - Azərbaycan öz prinsipial mövqeyin saxlayır, Ermənistan işğalçı, Rusiya isə işğalçının əsas havadarı “missiya”sını davam etdirir. 25 illik Bakı-Moskva diplomatik əlaqələrinin əsas və acı yekunu da elə budur.


Analitik xidmət
Tarix: 4-04-2017, 09:11
Xəbəri paylaş





Xəbər lenti