Azərbaycana qarşı “Talış kartı” – bu təxribat da boşa çıxacaq

Azərbaycana qarşı “Talış kartı” – bu təxribat da boşa çıxacaq Qabil Hüseynli: “Arxiv materialları, sənədlər ermənilərin vəhşiliklərini təsdiq, yalanını isə faş edir…”
Aprelin 22-dən 27-dək Lənkəranda “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” mövzusunda dördüncü beynəlxalq konfrans keçiriləcək. Öncə qeyd edək ki, 1918-1919-cu illərdə Lənkəranda yerli əhali erməni cəlladları tərəfindən soyqırıma məruz qalıb.
Bundan əvvəl Qubada və Şamaxıda keçirilmiş konfranslarda olduğu kimi, bu konfransın təşkilatçısı da Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutudur. İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ermənistan Azərbaycanda keçiriləcək nüfuzlu elmi forum haqqında məlumata özünəməxsus təhrikçi ruhda reaksiya verib. Belə ki, Ermənistan KİV-ləri mənbəyi bilinməyən, həqiqətdə isə sadəcə mövcud olmayan, primitiv erməni təbliğatının virtual “səyləri” nəticəsində “üzə çıxmış” “Talış ağsaqqalları şurası” adından bədnam bəyanat yayıblar. Bu cızma-qarada erməni təbliğatçıları növbəti dəfə dəridən-qabıqdan çıxaraq tarixdə azərbaycanlıların və digər türk-müsəlman xalqlarının soyqırımının olmadığını sübut etməyə çalışırlar.
Politoloq Qabil Hüseynliyə görə, ermənilər bu yolla talışları da separatizmə cəlb etmək istəyirlər: “Onlar uzun illərdir talışları separatizmə cəlb etmək istəsələr də, buna müvəffəq ola bilmirlər. Rusiyada talış mərkəzinin yaradılmasına nail olublar. Bu mərkəz isə tez-tez İrəvanda müxtəlif tədbirlər keçirir. Ermənilər müxtəlif dəstələr halında təkcə Türkiyə və Cənubi Azərbaycan ərazisində deyil, indiki ermənilərin yaşadığı Qərbi Azərbaycanda və müxtəlif regionlarımızda da soyqırımlar həyata keçiriblər. Bu soyqırımlar Azərbaycanın bütün coğrafi ərazilərini əhatə edib. Ancaq Ələt istiqamətində general rütbəli Dro deyilən bandit üzünü Salyan istiqamətinə tutub. O, Salyan-Neftçala istiqamətində böyük qırğınlar törətdikdən sonra Lənkərana doğru irəliləyib. Bu ərazidə də talışlarla azərbaycanlılar birgə yaşayıblar və onların birgə səyi ilə taqətdən düşmüş Dronun dəstəsi ilk toqquşmada məğlubiyyətə uğrayaraq geriyə qayıdıb. Lakin bu toqquşmada azərbaycanlılar və talışlar da həlak olublar. Bütün bunları nəzərə alaraq, qondarma erməni soyqırımı əvəzinə, ermənilər tərəfindən azərbaycanlıların soyqırıma məruz qoyulması haqda danışmaq lazım gəlir. Qars, Ərdahan, İğdır, Urmiya indiki Ermənistan ərazisinin bütün nöqtələri, Azərbaycanda isə Lənkərandan Qubaya qədər olan ərazilərdə Rusiya tərəfindən silahlandırılmış, təlim görmüş erməni quldurları daha çox müsəlmançılıq əlamətlərinə görə insanları qırıblar. Ancaq onların Qubada dağ yəhudilərini, Qusarda isə ləzgiləri öldürməsi onu göstərir ki, təkcə türk müsəlmanlar deyil, Azərbaycanda yaşayan digər millətlər də nişangaha alınıb. Ciddi tarixi araşdırmalar dəqiq surətdə göstərir ki, ermənilərin soyqırım siyasəti nəticəsində Türkiyə, Cənubi, Qərbi, Şimali Azərbaycan ərazilərində 2 milyon yarıma qədər azərbaycanlı türkü, eləcə də digər millətlərin nümayəndələri öldürülüb”.
Politoloq bildirdi ki, bütün bunlar arxiv materialları, müxtəlif rus generallarının xatirələri, Azərbaycan Demokratik Respublikasının yaratdığı istintaq və fövqəladə araşdırma komissiyalarının araşdırmaları əsasında müəyyənləşdirilib: “Lənkəranda tarixçilərimiz özlərinin araşdırma materialları əsasında ermənilərin bu bölgələrdə həyata keçirdikləri cinayətlərin bütün mənzərəsini açacaqlar. Talış ağsaqqallarının özləri də verəcəkləri bəyanatlarda ermənilərin qondarma bəyanatlarını və talışlara guya toxunmadıqları haqqında yazdıqları fikirləri alt-üst edəcəklər”.
Əli RAİS
Tarix: 5-04-2017, 09:15
Xəbəri paylaş





Xəbər lenti