“8 aprel mitinqi iqtidarın maraqlarına xidmət edir” - Müsavat rəsmisindən sərt açıqlama
Aprelin 8-də Əli Kərimlinin rəhbəri olduğu AXCP Milli Şura ilə birlikdə mitinq keçirtməyi düşünür. Hər bir siyasi qüvvə istər-istəməz təşkil etdiyi aksiyaların möhtəşəm və uğurlu alınmasında maraqlıdır. Çünki ancaq möhtəşəmlik və mütəşəkkillik şəraitində mitinqlərdə irəli sürülən tələblərin həyata keçməsinə nail olmaq olar. Amma Əli Kərimlinin əvvəlki aksiyaları kimi, aprelin 8-nə təyin etdiyi mitinqi də bu mənada möhtəşəmliyi heç cürə özündə ehtiva etmir.Belə ki, birincisi, aksiyaya tələm-tələsik başlayıblar. İkincisi, Milli Şura digər müxalif qüvvələri ora cəlb etməməkdən və müxalifətin birgə aksiyasından vaz keçməklə aksiyanın əslində, ümummüxalifət tədbiri olmasının qarşısını alıb. Hansı ki, mitinqi digər müxalif təşkilatlarla birgə təşkil etməklə onun mövcud şəraitə uyğun möhtəşəm alınmasına nail olmaq mümkündür. Amma görünən odur ki, Əli Kərimli əvvəllər olduğu kimi ümummüxalifətin deyil, Milli Şuranın ayrıca aksiyasını keçirtməyə üstünlük verir. Hansı ki, Milli Şurada AXCP və bir neçə nəfər dindardan başqa heç kimin qalmadığı hamıya bəllidir. Nədən Əli Kərimli belə hərəkətlərə getməklə müxalifətin milli birliyinə çalışmır? Belə aksiya keçirməkdə məqsədi nədir? Bununla o, əslində hakimiyyətin maraqlarına xidmət etmirmi?
Müsavat başqanının müşaviri Hidayət İsmayılov Yenicag.az-a açıqlamasında bildirdi ki, Əli Kərimli tələm-tələsik aksiya təşkil etməyi qərara almaqla əslində iqtidarın maraqlarına xidmət edən addımı atdı:“Məqbul saydığım variant odur ki, indiki dövrdə cəmiyyəti mitinqlərə cəlb etmək, aksiyaların kütləviliyinin təşkil olunması ehtimalı hələlik sıfıra bərabərdir. Düzdür, ölkədə etiraz və narazılıqlar var. Amma hazırkı situasiyada cəmiyyət mitinqə kütləvi şəkildə dəstək verməyəcək. Belə olan məqamda ən azından bütün demokratik düşərgəni bir araya gətirərək ümummüxalifət mitinqinin təşkil edilməsi daha məqsədəuyğun olardı. Yəni birgə mitinqlər təşkil etməklə ən azından onun kütləvi olmasına səy göstərmək olardı. Ancaq bu, olmadı.Fikrimcə, Milli Şura qəsdən bu yolu tutdu. Bunu da məkrli hərəkət kimi dəyərləndirirəm. Aksiya keçirən təşkilat onun kütləvi olması xatirinə bütün müxalifət partiyalarına müraciət etməli və mitinqin ümummüxalifət aksiyası olmasına çalışmalı idilər. Ancaq Əli Kərimli yanlış addıma yol verdi. Mitinq keçirtməyə kifayət qədər əsasları var. Mitinqdə irəli sürülən şüarların hamısı aktualdır. Amma bu əsaslarla yanaşı mitinqin nəticəsini də analiz etmək lazımdır. Kütləvilik olmasa mitinqin heç bir anlamı olmayacaq və növbəti aksiyalar ondan da sönük olacaq. Əli Kərimlinin belə hərəkəti yersiz iddiasının nəticəsidir. Tələm-tələsik digər müxaliflərə müraciət etmədən bu addıma getməklə mitinqə heç bir anlam vermədi. Əli Kərimli belə addım atmamalı idi. Aksiya ilə bağlı bütün müxalifət camesinə müraciət etmək daha yaxşı olardı. Guya Milli Şuradan başqa müxalifət yoxdur.
Yaxud da bütün müxalifətçilər ancaq Milli Şurada birləşib. Milli Şuranın belə bir aksiya təşkil etməsi əslində, xof yaratmaqla sonradan yetişəcək aksiyalara zərbə vurmağa xidmət edir. Demək istəmirəm ki, qəsdən buna gedilir. Ancaq bilərəkdən, yaxud da bilməyərəkdən bu aksiya ilə hakimiyyətin maraqlarına xidmət edirlər”.
ELÇİN
Yeniçağ.az
Tarix: 5-04-2017, 16:50