“Azərbaycana silah satmağımızın sizə dəxli yoxdur...”; “Soyqırım məsələsi” sizinlə Türkiyənin problemidir”, deyən diplomat Bakı və Ankaraya reveranslar etdi: Ermənistan Rusiyanın “arxasından” çıxmayınca problemlərini çözə bilməyəcək...
Ötən aydan İsrailin Ermənistanda yeni səfiri fəaliyyət göstərir. Bu - Eliyaxu Yeruşalmidir. Prezident Serj Sərkisyana etimadnaməsini təzəcə təqdim edən səfir dünən yerli news.am erməni nəşrinə müsahibə verib. Musavat.com xəbər verir ki, müsahibədə o, ölkəsinin Dağlıq Qarabağ konflikti ilə bağlı mövqeyi və iki ölkə arasında əlaqələrin mümkün inkişafı məsələlərinə də toxunub. Həmçinin Azərbaycana silah satışı və saxta soyqırımın tanınması ilə bağlı təxribatçı sualları cavablandırıb.
İsrailin Qarabağ problemi ilə bağlı mövqeyindən danışan diplomat öncə bunları deyib: “Biz regionda sülh istəyirik. Bizim siyasətimiz ondan ibarətdir ki, sizin öz aranızda, qonşularınızın arasında sülh Minsk prosesinə əsaslanmalıdır. Siz öz xalqlarınızın rifahı naminə nəyi qəbul etsəniz, biz də onu məqbul sayacağıq. Ən əsası odur ki, bölgədə dinclik bərqərar olsun və Ermənistan sülh şəraitində yaşaya bilsin. İsrailin Azərbaycana silah satmasına gəlincə, təbii ki, biz bu məsələni şərh eləmirik. Bu məsələ mənim İrəvandakı görüşlərimdə də qaldırılmışdı və ehtimal ki, gələcək məsləhətləşmələrdə də qaldırılacaq”.
Diplomat İsrailin saxta “erməni soyqırımını” niyə hələ də tanımaması barədə verilən suala cavabla da erməniləri məyus edib və başdansovdu, şablon yanaşma sərgiləyib: “Erməni faciəsi həmişə bizim fikirlərimizdədir. Ancaq İsrail dövləti bizim fikirləşdiyimizi ifadə edə bilməz. Çünki bu, sizinlə Türkiyə arasında tarixi problemdir. Siz Türkiyə ilə bu məsələdə hansı qərara gəlsəniz, biz onu qəbul edəcəyik. Yəni Qarabağ məsələsində olduğu kimi, bu məsələdə də biz sizin və qarşı tərəfin hansı qərarı verəcəyini qəbul eləməliyik”.
Göründüyü kimi, müsahibədə yəhudi səfir İsrailin Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq əlaqələrinə kölgə salacaq heç nə söyləməyib, əksinə, bu əlaqələrin ölkəsi üçün prioritet olaraq qaldığına, İsrailin Ermənistana görə Azərbaycan və Türkiyə ilə münasibətləri korrektə etməyə hazırlaşmadığına aydın işarələr vurub.
Qeyd edək ki, ötənilki 4 günlük aprel savaşından sonra Ermənistanda, onun toplumunda yəhudi dövlətinə qarşı qıcıq xeyli artıb. Bu da ən əvvəl Azərbaycanla İsrail arasında ildən-ilə genişlənən hərbi əməkdaşlıqla bağlıdır. Hansı əməkdaşlıq ki, aprel döyüşləri zamanı da özünü müsbət tərəfdən göstərib. O sırada Azərbaycanın aldığı İsrail istehsallı “kamikadze dronlar” düşmənin içinə vəlvələ salıb, onun canlı itkilərini əhəmiyyətli dərəcədə artırıb.
Bu üzdən də İrəvan çox istəyərdi ki, Təl-Əvv Bakı ilə hərbi sahədə əməkdaşlığı dayandırsın və ya minimuma endirsin. Eyni məqsədlə hətta ötən ilin aprel hadisələrindən sonra Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan İsrailə səfər də eləmiş, lakin rədd cavabı almışdı.
İsrail-Azərbaycan hərbi əməkdaşlığının dayandırılması isə gerçəkdən də mümkünsüzdür. Birinci ona görə ki, söhbət İsrail üçün yaxşı maliyyə qaynağından gedir. Belə ki, bu günədək iki ölkə arasında silah satışı dövriyyəsinin həcmi 5 milyard dollara yaxın olub. İkincisi və daha vacibi, Azərbaycan türk-müsəlman dünyasında Türkiyədən sonra İsrailin özünütəsdiqi və təhlükəsizliyi üçün olduqca mühüm bir neçə ölkədən biridir. İki ölkə arasında ildən-ilə genişlənən iqtisadi, hərbi əlaqələr də öz yerində.
Onu da əlavə edək ki, İsrail Bakı-Tiflis-Ceyhan neftinin alıcılarından biridir və inşası gedən Cənub Qaz Dəhlizinə (TAP, TANAP) qoşulmaq istəyir. Tərəflər arasında mövcud olan güclü humanitar bağlar da öz yerində.
Kəsəsi, İsrail Azərbaycanla bir sıra ortaq maraqlar birləşdirir ki, bu maraqlar Ermənistanla əlaqələrdə yoxdur. Belə vəziyyətin əsas səbəbkarı isə İrəvanın Qarabağın işğalına görə Rusiya ilə müttəfiq olması, lap dəqiqi, könüllü şəkildə Kremlin marioneti və vassalına çevrilməsidir. “Özü yıxılan isə ağlamaz”. Bunu tanınmış erməni ekspertləri də etiraf etməyə başlayıblar.
Məsələn, musavat.com-un məlumatına görə, fraza.ua Ukrayna portalına danışan erməni politoloq Armen Qriqoryan hesab edir ki, Ermənistan guya 180 milyonluq Avrasiya Birliyi bazarına girsə də, gerçəkdə quruma üzvlükdən heç bir iqtisadi fayda götürməyib: “Aydındır ki, neftin aşağı qiyməti və rusiyalıların aşağı alıcılıq qabiliyyəti Rusiya ilə Ermənistan arasında mal dövriyyəsinin 2015-ci il səviyyəsində bərpasına ümid saxlamır - hansı eniş ki, ölkə Avrasiya Birliyinə girən kimi qeydə alınmışdı. Ancaq Ermənistan hökuməti ölkəni dalana soxduğunu etiraf eləmədən hələ də ”180 milyonluq bazar"ın üstünlüyündən dəm vurur".
Erməni ekspert Ermənistanın KTMT ilə bağlı gözləntilərini də şişirdilmiş hesab edir. “Moskvanın Avrasiya Birliyi ilə bağlı ambisiyaları fonunda şübhələr var ki, Rusiya həddən artıq sadiq müttəfiqinin maraqlarını Azərbaycan tərəfdən güzəştlərə qurban verə bilər. Bütövlükdə belə bir dərk mövcuddur ki, əgər hərbi əməliyyatlar Qarabağdan kənara çıxsa və birbaşa Ermənistan ərazisinə keçsə, Rusiyanın KTMT üzvü kimi Ermənistan tərəfdən müdaxiləsi gözlənilmir. Azərbaycanla çoxmilyardlıq silah ticarəti erməni cəmiyyətində Moskva əleyhinə etimadsızlığı dərinləşdirir, hərgah əksər siyasi qüvvələrin Rusiyaya loyallığı və təbliğat öz qüvvəsindədir”, - deyə politoloq əlavə edib.
***
Həm İsrail səfirinin, həm də erməni politoloqun açıqlamalarından hasil olan əsas qənaət budur ki, Ermənistan Rusiyanın arxasında gizlənməkdə davam etdikcə, nə özünün iqtisadi problemlərini uğurla çözə biləcək, nə də Qarabağ məsələsi yoluna qoyulacaq. Saxta soyqırım iddiaları da Türkiyə ilə münasibətlər qaydaya salınmadan xroniki xəstəlik kimi erməni toplumunu içəridən “yeyəcək”. Hər üç problemin tək həll yolu isə - Ermənistanın öz qonşularına qarşı əsassız torpaq iddialarına dərhal son qoyub, onların ərazi bütövlüyünü tanımasıdır...
Siyasət şöbəsi
Tarix: 11-04-2017, 08:59