Sərdar Cəlaloğlu: “Hazırda da hakimiyyətdə Rusiya, İran və nurçuların öz adamları var”
Hikmət Hacızadə: “Moskva bu planını həyata keçirmək üçün yenə də ziyalılardan istifadə edə bilər”Rusiyanın 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkisinə namizəd hazırladığı barədə məlumatlar yayılıb.İddiaya görə mövcud hakimiyyətin Rusiya və Qərb arasında yürütdüyü balanslı siyasətindən narazı olan Kreml konkret olaraq, bu iki siyasi güc arasında öz maraqlarını dəstəkləyən şəxsin seçilməsinə çalışacaq.
YAP-çı deputatdan sensassion iddiaHakim Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Yevda Abramov mətbuata açıqlamasında da bu ehtimalları istisna etməyib. O, Rusiyanın gələn il keçiriləcək seçkilərə namizəd hazırladığını iddia edib: “Bu namizədin kimliyini isə heç kəs bilə bilməz. Onu həmin gizli qüvvələr hazırlayır.Ona görə də son aylar artıq ölkəmizdə də bəzi qüvvələr “çikkildəməyə” başlayıb.
Yevda Abramov Milli Şuranın aprelin 8-də keçirilən mitinqinin də Rusiyanın “5-ci kolon”unun fəallaşmasıyla əlaqələndirib: “Müxalifətin mitinqlərinin də bununla əlaqəsi var. Ola bilməz ki, əlaqəsi olmasın! İndiyədək Milli Şura yatmışdı, ayı kimi qış yuxusuna getmişdi, heç kəsin səs-sorağı gəlmirdi, hamısı qeybə çəkilmişdi.Ancaq nə oldu?Elə ki, Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi məsələsi ortaya atıldı, bunlar da oyanmağa başladı.Yəni, hər şeyin səbəb və nəticələri var. Elə-belədən heç nə olmur”.
Namizəd hansı düşərgədən seçiləcək: müxalifət, yoxsa hakimiyyət?Ehtimal olunur ki, Kremlin üzərində dayandığı namizəd Azərbaycanda fəaliyyət göstərən nüfuzlu siyasətçilərdən biridir.Həmin şəxsin müxalifət, yaxud hakimiyyət daxilində təmsil olunması barədə məlumat olmasa da diqqət iqtidarın üzərinə yönəlib.
Hakimiyyət daxilində Rusiyanın güclü lobbiçilik fəaliyyətini həyata keçirən oliqarxların və “5-ci kolon”unun olduğuna diqqət çəkən analitiklər hesab edirlər ki, böyük ehtimalla Kreml seçkilərdən əvvəl hakimiyyət daxilində gücləndirdiyi müxalifət vasitəsilə iqtidarı “vurmağa” çalışacaq. Nəzərə alsaq ki, il ərzində siyasi idarəetmə strukturlarında ciddi islahatların aparılacağı gözlənilir və bir çox oliqarxın öz postunu itirəcəyi ehtimal olunur, bu halda Kremlin öz yerlərini təhlükədə hiss edən bu şəxslərdən ən nüfuzlusuna üstünlük verəcəyi inandırıcıdır.
Namizədin müxalifət daxilindən seçiləcəyi ehtimalına gəlincə, bu az inandırıcıdır. Çünki müxalifət ciddi siyasi dəyişiklik etmək gücündə deyil, eyni zamanda bu düşərgəyə xarici dəstək də yoxdur, varsa da azdır.
“Üçüncü qüvvəni dəstəkləyə bilər”Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə bildirib ki, Rusiyanın öz namizədi ilə seçkilərə müdaxilə edəcəyi məntiqlidir. S.Cəlaloğlu qeyd edib ki, ayrı-ayrı güc dövlətləri digər ölkələri öz nəzarətlərində saxlamaq üçün prezident, parlament və bələdiyyə seçkilərinə müdaxilə edirlər:
“Əgər Rusiya ABŞ və Avropada keçirilən seçkilərə müdaxilə edirsə, əgər həmin ölkələr bu müdaxilədən qorxub elektron seçki sistemini ləğv edirsə, Azərbaycan kimi Rusiyanın təsirində olan və “5-ci kolon”unun təmsilçilərinin aktiv fəaliyyət göstərdiyi coğrafiyada Kremlin prezident seçməsi təəccüb doğurmamalıdır. Təkcə Rusiya yox, İran da Azərbaycanda öz maraqlarına cavab verən prezidentin seçilməsinə maraqlıdır.Digər xarici dövlətlər də seçkilərə müdaxilə etməklə, öz maraqlarından çıxış edən qüvvənin hakimiyyətdə təmsil olunmasına çalışacaqlar.Hazırda da hakimiyyətdə Rusiya, İran və nurçuların öz adamları var”.
ADP sədrinin sözlərinə görə Rusiya nə müxalifət, nə də hakimiyyət daxilində namizəd seçəcək: “Mümkündür ki, ortaya çıxacaq üçüncü - özünə daha yaxın olan qüvvəni dəstəkləsin. Bu qüvvə hakimiyyətə gəldikdən sonra Rusiyanın bütün şərtlərini yerinə yetirməyə təminat verəcəksə, Kreml özünü əziyyətə salmayacaq, bu qüvvəyə dəstək verəcək”.
“Neytral adam olacaq”Politoloq Hikmət Hacızadə “Cümhuriyət” qəzetinə deyib ki, Rusiyanın seçkilərə hazırladığı namizədi ilə müdaxilə edəcəyi istisna deyil. H.Hacızadə bildirib ki, Kreml bu planını həyata keçirmək üçün ziyalılardan istifadə edə bilər: “Rusiya Rüstəm İbrahimbəyov kimi bir şəxsin namizədliyini irəli sürə bilər. Məntiqlə həmin şəxs öz namizədliyini irəli sürməlidir və Rusiya da onu dəstəkləməlidir.Bu, mümkündür. Politoloq hesab edir ki, Rusiya bu namizədi hakimiyyət daxilindən seçə bilməz: “Neytral adam olmalıdır. Yəqin ki, belə bir şəxsə üstünlük veriləcək. Müxalifətə gəlincə, bu düşərgə daxilində Rusiyaya meyilli adam yoxdur. Amma Rusiya üçün neytral və zəngin bir adam tapıla bilər”.
Mənsur Rəğbətoğlu
Cebhe.info
Tarix: 12-04-2017, 21:51