Şərti adı “Milyarderlər ittifaqı” olan oliqarxlar vadisi təzədən siyasi arsenala çıxmağa hazırlaşır. Kremlin təzyiq rıçaqına çevirdiyi bu təşkilatın missiyası seçkidən-seçkiyə fəallaşmaqdır.
Anaxeber.Az-ın Analitik Şöbəsinin yaydığı xəbərə görə, Rusiyanın Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edirsə, arxasından yeni proje çıxacağı şübhəsizdir.
Moskva 2018-ci il prezident seçkilərində yeni namizədlə iştirak etməyi planlaşdırır. Bu planın tərkib hissəsi isə ÜAK-ın qeydiyyatını ləğv etməkdir.
Başqa bir tərəfdən, prezident İlham Əliyev hakimiyyətinə 2018 seçkisində təzyiq etmək üçün “Milyarderlər ittifaqı”nı hərəkətləndirmək lazımdır.
Qərb institutları hakimiyyətə insan haqları və demokratiya mövzusunda təzyiqlər edirsə, Rusiyanın şantajı daha çox bu üslubda olur - meydana öz texnikasını çıxarır. Hər halda 2013 hadisələri yaddan çıxmayıb.
Elə deputat Yevda Abramov da ÜAK-ın qeydiyyatının ləğvi üçün edilən müraciəti Rusiyanın planı hesab edir. Onun fikrincə, seçkidə Moskvanın öz namizədi ola bilər:
“Ümumiyyətlə, hər dəfə prezident seçkilərinə təqribən bir il qalmış Kremlin ssenristləri, Moskvanın politoloqları, xüsusilə də SSRİ-nin Avrasiya İttifaqının tərəfdarları bu təşkilata daxil olmaq istəməyən, hələlik üzvü olmayan dövlətlərə qarşı təsir rıçaqlarını işə salırlar”.
Deputat qeyd edib ki, “Milyarderlər İttifaqı” kimi, oxşar hadisələr baş verə bilər: “Bütün bu gözləntilərin real olub-olmaması məsələsi Rusiya Ali Məhkəməsinin qərarından sonra bəlli olacaq.
Əgər Rusiyanın Ali Məhkəməsi Ədliyyə Nazirliyinin müraciətini qəbul edərsə, o zaman çox keçməz, onların uydurduğu namizəd də ortaya çıxa bilər”.
Əlbəttə, danışan sıradan bir deputat deyil. Yəhudilərin Azərbaycandakı kadrlarından biridir. Üstəlik, Rusiyada yaşayan azərbaycanlı oliqarx yəhudilər - Qod Nisanov və Zarah İliyevlə əlaqələri var.
O halda “mətbəx”lə yaxından tanışdır və havadan danışmır. Lakin seçki ərəfəsində yeni namizədin ortalığa çıxması köklü bir dəyişikliklə müşayiət olunmayacaq. Bu, Kremlin təzyiq rıçağıdır və Bakıda qoparmaq istədikləridir.
İ.Əliyev hakimiyyəti ilə Putin administrasiyasının çox yüksək səviyyədə münasibətləri var və Cənubi Qafqazın heç bir ölkəsində siyasi iqtidar dəyişikliyi nəzərdə tutulmur. Hakimiyyətin 2025-ci ilə qədər “stavka”sı var.
Anaxeber.Az-ın Analitik Şöbəsi yazır ki, “Milyarderlər ittifaqı”nda olan qüvvələr Kremlə biət etsələr də, hər birinin Azərbaycanda maraqları var. Bu maraqlar həm də Əliyev hakimiyyəti tərəfindən təmin olunub.
İ.Əliyevin prinsipial siyasətçi olduğunu bilənlər gözəl dərk edir ki, istədiyi anda İsgəndər Xəlilovun da, Söyün Sadıqovun da, hətta Araz Ağalarovun da biznesini ölkədən qova bilər.
Necə ki, Abbas Abbasov töşüyə-töşüyə, qaçaraq prezidentin qəbuluna gəlmişdi. O baxımdan Moskva qruplaşması dərinə getmək də istəmir.
Ancaq onların iqtidar dəyişikliyində öz maraqları da var və hər biri hakimiyyət postunda mövqe tutmağı arzulayır.
Y.Abramovun çıxışı isə 2018-ci ilə hazırlıq getdiyini deməyə əsas verir. Yeni namizədin sürpriz ad olacağı istisna edilmir.
“Milyarderlər ittifaqı”nın ən zəngin üzvü “Lukoyl” prezidenti Vahid Ələkbərovdur. Təşkilatın fəal üzvlərindən biri olan Araz Ağalarovun ”Forbes"in son hesabatına görə, 1,5 milyard dollar vəsaiti var.
Çerkizov bazarının sabiq sahibi Telman İsmayılovun varidatını isə dərgi 600 milyon dollar həcmində qiymətləndirir.
Anaxeber.Az-ın Analitik Şöbəsi yazır ki, buraya nəhəng biznes şəbəkəsinə sahib olan Abbas Abbasov, Söyün Sadıqov və başqalarının da varidatını əlavə etsək, hesab etmək olar ki, ittifaq üzvlərinin ümumi sərvəti 40 milyard dollara yaxındır.
Belə bir versiyalar da səslənir ki, “milyarderlər ittifaqı” Azərbaycan prezidentinə qarşı deyil, islahatların əngəlləyicisi rolunda çıxış edən “köhnə qvardiya”nın sıradan çıxarılmasına xidmət edir.
Bir sözlə, həmin ehtimallara görə, layihə müəllifləri qarşılarına Naxçıvan və Qərbi Azərbaycan qruplaşmalarına sarsıdıcı zərbələr endirmək, Rusiyanın əsas dayağı missiyasını yerinə yetirdiyi söylənilən Ramiz Mehdiyevi xarici təsirlərdən də məhrum etməyə yönəlib.
Belə versiyaları gücləndirən başlıca amil “milyarderlər ittifaqı”nda Naxçıvan və Qərbi Azərbaycan kökənli oliqarxların yoxluğudur. Əlbəttə ki, bu, ciddi arqumentdir.
Bu layihə hazırkı prezidenti dəyişməyi hədəfləməsə belə, onu zəiflətməyə, islahatlara vadar etməyə və təkamül yolu ilə iqtidarla vidalaşmağa hesablanıb.
Qeyd edək ki, ÜAK prezidentinin müşaviri, təşkilatın Rəyasət Heyətinin üzvü Kamran Rüstəmov deyib ki, bütün ictimai təşkilatların yoxlanılması Rusiya Ədliyyə Nazirliyinin səlahiyyətində olan məsələdir.
O qeyd edib ki, Rusiyada ictimai təşkilatlar haqqında qanuna tez-tez dəyişikliklər olur: “Qanuna əlavə və dəyişikliklər olur ki, ictimai təşkilatlar da öz nizamnamələrini həmin dəyişikliklərə uyğunlaşdırmalıdırlar. Gözləyək görək, K.Rüstəmov deyəndir yoxsa...
Siam.az
Tarix: 13-04-2017, 09:48