“Mətbuat Şurası xanım jurnalistlə bağlı məsələyə reaksiya verməlidir”
Mehman Əliyev: “Bu gün mediamızdakı ən əsas problem muzdlu jurnalistikadır”Yasamal Rayon İcra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin xanım jurnalistə qarşı sərgilədiyi kobudluq ölkə mediasında geniş müzakirəyə səbəb olub.
Maraqlıdır, “reket jurnalistikasına” qarşı mübarizə məqsədi ilə güc orqanlarını əməkdaşlığa cəlb edən Mətbuat Şurası, bu kimi situasiyalarda jurnalistlərin hüquqlarını qorumaq məqsədi ilə də hüquq-mühfizə orqanlarına müraciət etməlidirmi?
Moderator.az -a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri, media eksperti Mehman Əliyev bunun vacib olduğunu vurğulayıb:“Bu məsələdə yüzdəyüz haqlısınız. Əlbəttə ki, Mətbuat Şurası jurnalist hüquqlarını müdafiə etməli, ilk növbədə bununla məşğul olmalıdır. Mətbuat Şurası buna reasiya verməlidir. Lakin çətin ki, reaksiya versin. Rasim Əliyev xəstəanada olanda media ayağa qalxandan sonra Mətbuat Şurasının nümayəndələri gəlib ona baş çəkdi. Dəfninə isə gəlmədilər. Onun işinin araşdırılmasında da elə bir iştirakları olmadı.
Ikincisi, Mətbuat Şurası sadəcə “reket jurnalistikasına” qarşı yox, oliqarxlar tərəfindən maliyyələşdirilən mediaya qarşı mübarizə aparmalıdır. Əsas problem bundadır. Onların işi ictimai fiki çaşdırmaqdan ibarətdir. Cəmiyyət və dövlət üçün ən böyük təhlükə məhz bu mediadır. Ona görə də Mətbuat Şurası daha çox bunu araşdırmalıdır. Araşdırmalıdır ki, onları kim maliyyələşdirir, hansı məqsədlə maliyyləşdirir və s.
Bu gün Azərbaycanda əsas problem muzdlu jurnalistikadır. Bu jurnalistikaya milyonlarla manat məbləğində vəsait ayrılır. Əslində onlar da “reket”dir”.
Siam.az
Tarix: 13-04-2017, 21:40