Problemin həllini əngəlləyən problem: Kreml ixtilafı nə özü çözür, nə də başqasına imkan verir; rusiyalı analitik: “Putin dönəmində konfliktin hərbi həll yolu yoxdur”; işğalçı ölkənin üçüncü cəhdi: KTMT baş katibliyi erməniyə həvalə olunacaqmı?..Aprel ayında Dağlıq Qarabağ mövzusuna aidiyyəti olan daha bir hadisə gözlənilir. Söhbət “Rusiya NATO-su” adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katibin seçilməsindın gedir. Məsələ ondadır ki, rotasiya qaydasında bu postu Rusiyadan sonra Ermənistan nümayəndəsi tutmalıdır. Lakin KTMT-yə üzv dövlətlərin 3 toplantısı keçirilsə də, həssas məsələdə konsensus əldə olunmayıb.
Bəzi versiyalara görə, Ermənistan nümayəndəsinin bu postu tutmasına Azərbaycanla isti əlaqələrə malik Qazaxıstan və Belarus liderlərinin mövqeyi mane olur. Bəs bu dəfə necə olacaq?
Qeyd edək ki, dünən - aprelin 14-də Bişkekdə KTMT-yə üzv ölkələri (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan) başçılarının növbəti toplantısı keçirilməli idi. Eyni gündə Avrasiya İqtisadi Birliyinin dövlət başçıları səviyyəsində Avrasiya Ali İqtisadi Şurasının iclası nəzərdə tutulurdu.
*****
Sözsüz ki, KTMT-yə yeni baş katibin gətirilməsində Rusiya rəhbərliyinin, özəlliklə də prezidenti Vladimir Putinin mövqeyi həlledici olacaq. Bütövlükdə aydındır ki, postsovet məkanında bu kimi məsələlərin hamısı, o sırada konfliktlərin həlli müstəsna olaraq Kremlin inhisarındadır. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin necə yoluna qoyulması illərdir Moskvanın iradəsindən asılı qalıb. Rusiya bu ixtilafı nə özü çözür, nə də başqalarının, o cümlədən Azərbaycanın hərbi yollu çözməsinə imkan verir.
Problem həm də bundadır. Yəni Qarabağ problemindən daha çox, onun həllinə əngəl olan Rusiya problemi var. İkinci problem həllini tapmadan birinci - Qarabağ problemi də heç vaxt nizamlanmayacaq - burası artıq dəqiqdir. Bu xüsusda rusiyalı tanınmış teleaparıc və təhlilçi Vladimir Solovyovun Bakıya son səfəri ilə bağlı Rusiyanın “Vesti” radiosuna verdiyi müsahibədə bir sıra məqamlar diqqət çəkir.
Solovyovun dediyinə görə, Azərbaycanda dəqiq dərk var ki, Rusiyanın hazırkı rəhbərliyi dövründə Dağlıq Qarabağ konfliktinin hərbi həll yolu yoxdur. “İlham Əliyevin çox hörmətlə yanaşdığı Putinin timsalında Rusiyanın indiki rəhbərliyi zamanı hərbi müdaxilə mümkün deyil”, - deyə telejurnalist qeyd edib.
Azərbaycan prezidentinin onda çox yaxşı təəssürat yaratdığını söyləyən Solovyov hesab edir ki, Dağlıq Qarabağ məsələsində kompromislər axtarışı tamamilə mümkündür: “Bunu Putin də yaxşı bilir. Nəinki bütün tərıfləri qane edən kompromislər mümkündür, - hansı kompromislər ki, Azərbaycan və Türkiyə tərəfindın tətbiq edilən Ermənistanın blokadasına son qoyacaq və bölgəyə investisiya axınına gətirəcək, - hətta Azərbaycan, Ermənistan və Rusiya vahid məkanda yer ala, Azərbaycan Avrasiya İqtisadi Birliyinə qoşula bilər. Dərin qarşıdurmanın həllindən sonra bütün bunlar mümkündür”.
Teleaparıcı daha sonra deyib. “Mən o fikirlı razıyam ki, əgər ötən əsrin 80-cı illərindı Azərbaycana Heydər Əliyev rəhbərlik eləsəydi, situasiya indiki kimi olmazdı, qətliamlar, xalqların yaşadığı dəhşətlər baş verməzdi. Müharibəni ağır nəticələri... hər bir xalqın öz qəhrəmanları və qurbanları var. İlk növbədə Rusiyanın aparmalı olduğu incə diplomatik oyuna ehtiyac var”, - deyə sonda Solovyov sonda əlavə edib.
*****
Rusiyalı telejurnalistin sözlərində sözsüz ki, həqiqət payı var. Lakin əfsuslar olsun ki, o da bir çox digər rusiyalı siyasilər və ekspertlər kimi əsas məsələni açıq demir. Yaxud bunu deməyə onun cəsarəti çatmır. Bu da ondan ibarətdir ki, məhz Rusiya Qarabağ ixtilafının birdəfəlik, Solovyevin söylədiyi kimi, “kompromislər əsasında, incə diplomatik oyunla” yoluna qoyulmasını istəmir.
Səbəb sadədir: Moskvada hesab edirlər ki, konfliktin istənilən formada həlli Rusiyanın Güney Qafqazdan çıxmasını sürətləndirəcək. Bundan əlavə, Rusiya kifayət qədər müstəqil, Kremldən asılı siyasət yürütməyən Azərbaycanı Qarabağ konflikti vasitəsilə öz siyasi-hərbi təsir dairəsində saxlamağa çalışır. Ancaq belə vəziyyət sonsuzadək uzana da bilməz.
Təəssüf ki, ATƏT-in Minsk Qrupunun digər mühüm həmsədri ABŞ da Dağlıq Qarabağ məsələsində yetərli siyasi aktivlik və təşəbbüskarlıq göstərmir. Bu, bir yana, üstəlik, Rusiya kimi “ikili standart” yanaşması sərgiləyir, işğalçı Ermənistanla işğalçı kimi davranmır, münaqişənin həlli üçün Azərbaycandan qeyri-mümkün olan güzəştlər umur. Halbuki, Ermənistandan fərqli olaraq, Azərbaycan rəsmi Vaşinqton üçün bölgədə qat-qat önəmli və vacib bir ölkədir.
Politoloq Elxan Şahinoğlunun bu xüsusda ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın bir neçə gün öncə verdiyi “Azərbaycan Suriya məsələsində bizə kömək etsin” açıqlaması ilə bağlı Qarabağ kontekstində şərhi yerinə düşür.
“Bu açıqlamanı anlamıram. Suriyada Bəşər Əsədə qarşı yürüdülən siyasətdə Azərbaycan niyə Amerikanın yanında olmalıdır?
Bu bizim təhlükəsizlik maraqlarımıza uyğun deyil. Rusiyanın xarici siyasətini siyasi müşahidəçi və fərd olaraq zərərli hesab edirəm. Ancaq Suriyaya görə Bakı Kremllə niyə düşmən olmalıdır? Axı bizim Suriyada özəl maraqlarımız yoxdur. Bəli, şəxsən mən də Bəşər Əsədin legitimliyini çoxdan itirdiyini və onun hakimiyyətdən getməsi zərurətini dəstəkləyirəm. Ancaq mən müstəqil siyasi ekspertəm, rəsmi Bakı isə bu mövqedən çıxış edə bilməz. Azərbaycanın Yaxın Şərqdə, eləcə də Suriyada özəl maraqları yoxdur. Yeganə istəyimiz Suriyada müharibənin bitməsi və bu ölkənin ərazi bütövlüyünü təmin etməsidir.
Vəssalam. Bundan artığı rəsmi Bakıya lazım deyil. Yaxşı olardı ki, Amerikanın Ermənistandakı səfiri deyərdi ki, ”Suriyada Bəşər Əsədə qarşı mübarizədə Ermənistanın Amerikanın yanında olmasını istəyirik".
Politoloq sonda bir iradını da diqqətə çatdırıb: “Azərbaycanın işğal altındakı torpaqlarını boşaltmaq məsələsində İrəvana güldən ağır söz demirlər, Suriyaya gəldikdə isə Azərbaycanı yükləmək və problemin mərkəzinə sürükləmək istəyirlər”.
Necə deyərlər, əlavə şərhə ehtiyac qalmır.
Siyasət şöbəsi
Tarix: 15-04-2017, 09:39