Ermənistanda 2 aprel parlament seçkilərindən sonrakı gərginlik davam edir. Bu gərginlik seçkilərin nəticələrinin saxtalaşdırılması, bütövlükdə seçki kampaniyasının hakimiyyətin və Moskvanın nəzarəti altında keçməsi ilə bağlı olmaqdan savayı, həm də ölkənin yeni baş nazirinin kimliyi ətrafındakı qeyri-müəyyənliklə əlaqədardır.Məlumdur ki, son seçkilərlə Ermənistan prezident üsul-idarədən parlament tipli idarəçiliyə keçidə start verib. Bu səbəbdən gələn il prezident Serj Sərksiyan öz postundan gedəndən sonra ölkədə əsas səlahiyyətlər baş nazirə keçəcək. O baş nazir ki, bu günlərdə onu yeni parlament təsdiq etməlidir. Erməni KİV-lərinin yazdığına görə, Sərkisyan rejimi bu postda heç də indiki baş nazir Karen Karapetyanı görmək fikrində və həvəsində deyil, çünki əslində həmin postda elə özünü görür.
“Karapetyan üçün situasiya doğrudan da fövqəladədir. Əgər buna kimi o, öz reytinqi hesabına özünə qarşı ictimai rəğbət yarada bilirdisə, seçkilərdən sonra dəyişiklik gətirməyən hər bir gün onun əleyhinə işləyir. Bu isə o deməkdir ki, hər ötən gün onun üçün baş nazir postunda sonuncu ola bilər - xüsusən də Serj Sərkisyanın son prezidentlik günü yaxınlaşdıqca”, - deyə bu xüsusda Lragir.am saytı yazıb.
Ermənistanda hesab edirlər ki, Serj Sərkisyanla hakimiyyət uğrunda mübarizədə situasiyanı fövqəladə rejimlə dəyişə və bundan ötrü də onun üçün platforma rolunda texnokratlar komandası çıxış edə bilər - hansı kadrlar ki, Karapetyan baş nazir təyin olunduqdan sonra hökumətə gətiriliblər.
***
Baş nazirlik uğrunda hakimiyyətdaxili mübarizənin və siyasi intriqanın bir mühüm elementi də rəsmi rəqəmlərə görə, seçkidə qalib gəlmiş hakim Respublikaçılar Partiyası ilə 3-cü yer tutmuş “Daşnaksütyun” partiyası arasında hökumətdə əməkdaşlıqda bağlı danışıqların başlamasıdır. Bəlli olub ki, 2018-ci ildə - Sərkisyanın prezident müddəti başa çatandan sonra “Daşnaksütyun” onun baş nazir postu tutmasına etiraz eləmir.
“2 aprel seçkiləri göstərdi ki, Serj Sərkisyan özünə sərfəli hakimiyyət strukturları və status-kvo yaratmaq üçün zərgər dəqiqliyi ilə işləyib. Parlamentə 4 siyasi qüvvə keçib. Hakim partiyaya məxsus çoxluq hökumətin formalaşmasını Tsarukyan (2-ci yer tutub-red.) və ”Çıxış" bloku ilə birgə həyata keçirəcək və bununla da geniş xalq kütlələrinin narazılığından bir növ “sığortalanacaq”. “Daşnaksütyun” isə bu prosesdə “sanitar” rolunu oynayacaq" - erməni KİV-i yazır. Bu zaman bəzi analitiklər hesab edirlər ki, bütün bunların nəticəsində indiki baş nazir Karen Karapetyan Serj Sərkisyanın tam asılılığına düşəcək.
***
“Ermənistanda ”Varis" əməliyyatı başlayır və çətin ki, belə bir varis qismində Sərkisyan indiki baş nazir Karapetyanı görsün".
Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı tanınmış politoloq Vadim Dubnov rusdilli Haqqin.az nəşrinə Ermənistandakı siyasi durumu şərh edərkən bildirib.
“Həqiqətən də Karapetyanın durumu birmənalı deyil. Baş nazir postundakı Karapetyan təbii ki, öz vəzifəsindən getməkdə olan və gələcəyini düşünən Serj Sərkisyana heç də məmnunluq bəxş eləmir”, - deyə ekspert qeyd edib. Onun sözlərinə görə, hara fırlatsan, Ermənistan istənilən halda “Varis” əməliyyatına yaxınlaşıb.
“Sərkisyanın fikrincə, belə bir varis heç vəchlə Karen Karapetyan ola bilməz. Ona görə də istisna deyil ki, tez bir zamanda tədricən maraqlı qüvvələrin mozaikası formalaşacaq və intriqa və siyasi alverlər başlayacaq - o cümlədən də Moskva ilə”, - deyə politoloq əlavə edib.
***
Ancaq aydındır ki, bu məsələdə son söz Serj Sərksyana deyil, Ermənistanın sahibi Rusiyaya, daha dəqiqi, prezident Vladimir Putinə məxsusdur. Bəs, Putin yekun “dobronu kimə verəcək - hazırkı prezident, ”müharibə partiyası"nın parlaq siması S.Sərksiyana, yoxsa onun əsas rəqibi sayılan, de-fakto Rusiyanın adamı olan Karen Karapetyana?
Əksər müşahidəçilərə görə, seçim anında Kreml hər halda S.Sərkisyana “yaşıl işıq” yandıra bilər. Ən azı ona görə ki, Sərkisyan Moskva üçün sınaqdan çıxmış birisidir və öz mütiliyini, Rusiyaya sədaqətini dəfələrlə sübut edib. Ancaq o zaman bu, həm də o anlama gələcək ki, Rusiya Ermənistanda “müharibə partiyası”na stavka etməkdə davam edir və Qarabağ məsələsinin sülh yolu ilə həllində maraqlı deyil. Demək, Azərbaycan da özü üçün nəticə çıxarmalı olacaq. Bakı üçün “Varis” əməliyyatı ilə bağlı kritik gözlənti də elə budur. \\musavat.com\\
Tarix: 15-04-2017, 09:43