Türkiyə inqilab astanasında:Yalanlar və gerçəklər... - TƏHLİL

Türkiyə inqilab astanasında:Yalanlar və gerçəklər... - TƏHLİL Ruslan BƏŞİRLİ

"Avropa.info" saytını baş redaktoru




"Siz bilirsinizmi, 70-ci illərdə Türkiyənin o zamankı hökumətləri ölkənin batmış iqtisadiyyatını yüksəltmək üçün Beynəlxalq Valyuta Fondunu kredit verməyə razı sala bildi. Lakin kredit veriləndən sonra o vaxtkı tez-tez dəyişən koalisyon hökumətlər bu krediti kənd təsərüffatının inkişafına yatırmaq istəyərkən, Beynəlxalq Valyuta Fondu buna etiraz etdi. Dedilər ki, biz krediti sizə yalnız silah almaq üçün veririk. Özü də bu silahlar ABŞ və İsraildən alınmalıdır. Bu kredit heç bir istehsal sahəsinə qoyula bilməz. Kreditlər də vaxtlı-vaxtında qaytarılmalıdır. Tez-tez dəyişən koalisyon hökumətlərin isə buna reaksiya vermə gücü belə yox idi".

Bu sözləri mənə həyatının 50 ilini diplomatik fəaliyyətə həsr etmiş qocaman bir türk diplomatı hələ Türkiyədəki Konstitusiya dəyişiklikləri ilə bağlı referendum məsələsi gündəmə gəlməmişdən çox-çox öncə, tədbirlərdən birində söhbətimiz zamanı demişdi. Koalisyon hökumətlərin ölkəsini ancaq geri saldığını inadla dilə gətirən bu qocaman diplomat idarəetmənin mərkəziləşdirilmiş hakimiyyətdə olmasının vacibliyini təkrarlamaqdan yorulmurdu.


“Bax. dostum, AKP hakimiyyətə gəldkdən sonra ölkədə iqtisadi inkişaf başladı, hətta avropalılar Türkiyə haqqında “Türkiyədə səssiz inqilab baş verir” deyirdilər. Bu AKP-nin mükəmməl iqtisadi konsepsiyaları ilə yanaşı, həm də hakimiyyət böhranı olmaması nəticəsində baş verib. Amma AKP həmişə hakimiyyətdə olmayacaq ki! AKP hakimiyyətdən gedəndən sonra necə olacaq? 1786-ci ildən prezidentlik üsul-idarəsi ilə ölkəni idarə edən ABŞ-da 45 hökumət dəyişib, bizdə isə 1923-cü ildən buvaxta 64 hökumət olub (Bizim söhbətimiz zamanı hələ Binəli Yıldırım hökuməti qurulmamışdı – R.B). Türkiyənin inkişafına mane olan əsas məsələ, həm siyasi, həm də iqtisadi istiqrarsızlığın olmasının əsas nədəni koalisyon hökumətlərdir. Mən bunu yaşamışam” – deyə ömrünün 50 ilini diplomatiya sahəsində keçirən qocaman diplomat bildirirdi.

Bu qocaman, heç bir siyasi partiyanın üzvü olmayan diplomatın dedikləri həqiqətən də düşündürücü idi. Onun dediklərinə hətta şübhə belə etmək olardı. Lakin Türkiyədə yeni üsul-idarəyə keçidlə bağlı referendum layihəsi xalqın müzakirəsinə veriləndə buna qarşı ilk çıxanların PKK və FETÖ terror təşkilatları olduğunu gördükdə, mənzərə tamamilə aydın oldu. PKK terror təşkilatının Qəndildən bəyanat yayaraq, açıq şəkildə “Türkiyədə prezident üsul-idarəsi tətbiq olunsa, biz bitərik” deməsi, FETÖ və PKK-nın Avropada buna qarşı mitinqlər təşkil etməsi bu sistemin Türkiyə üçün lazımlı olduğuna şübhə yeri qoymurdu. Əlbəttə, Türkiyədəki referendumda “Yox” deyənlərin hamısını terrorçu elan etmək yanlışdır. Amma terror təşkilatları ilə eyni mövqeni bölüşmək də doğru deyil. Bütün bunlarla yanaşı, hər kəsin ifadə azadlığı, səsvermə hüququ vardır. Lakin referendum kampaniyası dövründə Avropanın bu ifadə azadlığı məsələsində fərqli yanaşma ortaya qoyduğunun şahidi olduq.

Referendumda “Hə” deyəcək AKP rəsmilərinin, hökumət üzvlərinin Almaniya və Hollandiyada yaşayan seçicilərlə görüşünə icazə verməyən yerli hökumətlər PKK terror təşkilatının “Yox” kampaniyaları təşkil etməsinə heç bir maneçilk törətmədi. Hətta Avropanın göbəyində PKK terror təşkilatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başına silah dayadılmış plakatlarını qaldırdı. Avropanın göbəyində “Ərdoğanı öldürün” şüarları səsləndi, amma avropalı rəsmilər terror təşkilatlarının bu aksiyalarını “ifadə azadlığı” ilə əlaqələndirdi. Türk nazirə isə Rotterdamda hətta Türkiyə Konsulluğuna girməyə belə izn verilmədi. Bu, Hollandiya hökuməti tərəfindən həm də diplomatik qaydaların kobud sürətdə pozulması idi. Qərb mediası isə referendum kampaniyası dönəmində qəzet, nəşr manşetlərinə Ərdoğanı daşıyaraq, Türkiyə prezidentini “diktatura” qurmaqda ittiham etdi. Bütün baş verənlərin türk seçicisi üçün bir aydınlaşma nöqtəsinə gələcəyini düşünməklə yanaşı, məsələnin əsas tərəfinə gələk. Türkiyədə nə baş verir?



Rejim dəyişikliyi, yoxsa sistem dəyişikliyi?



Türkiyədə Konstitusiya dəyişikliyi ilə bağlı xalq səsverməsinə aparılacaq 18 maddəlik düzəlişlə tanış olduqda, aydın şəkildə görünür ki, söhbət sadəcə sistem dəyişikliyindən gedir. Referendumdan “Hə” çıxacağı təqdirdə yalnız icra hakimiyyətində idarəetmə bir şəxsin əlində cəmləşəcək. Bu vaxta kimi Türkiyədə icra hakimiyyətində ikili hakimiyyət mövcud idi və bu, bir çox problemlərlə müşahidə olunurdu. Həm prezident, həm də baş nazirin ikili idarəetməsi ciddi fəsadlara səbəb olurdu. Məsələn, seçki ilə hakimiyyətə gələn baş nazir xalqın səsi ilə deyil, parlamentin səsverməsi ilə seçilən prezidentin embarqoları ilə qarşılaşırdı. Abdullah Gül-Əhməd Nejdət Sezər, Ərdoğan-Əhməd Nejdət Sezər qarşıdurmalarını buna misal göstərə bilərik. Türkiyənin tarixinə nəzər yetirdikdə isə hətta Mustafa Kamal Atatürklə İsmət İnönü yaxın dost olmalarına baxmayaraq, biri prezident, biri baş nazir olduqdan sonra idarəetmədə fəsadlar yaşandı. Çünki ikili hakimiyyət mövcud idi.

Eyni zamanda, yaxın tarixdə biz Cəlal Bayar-İsmət İnönü, Cəlal Bayar-Adnan Menderes, Əhməd Nejdət Sezər-Ecevit qarşıdurmalarına da şahid olmuşuq. Bu, ikili hakimiyyətin problemləri idi və Türkiyəni geri aparırdı.

Hakimiyyət böhranları eyni zamanda iqtisadi inkişafa da mane olurdu. Lakin 2014-cü ildə Türkiyə tarixində ilk dəfə prezident seçkiləri keçrilməklə problemin həlli yolunda ilk addımlar atıldı. Hazırda “Yox” deyən qüvvələrin mütləq əksəriyyəti, Avropa ölkələri həmin zaman prezidentin xalq tərəfindən seçilməsinə də qarşı çıxırdılar. Hətta bu qüvvələr Ərdoğanın baş nazirliyi dövründə ordunun dövlət çevrilişlərinə son qoymaq, ordunun siyasətə müdaxiləsinə son qoyan qanunvericiliyin qəbulu zamanı da cidd-cəhdlə maneçilik törətməyə çalışırdılar.

18 maddəlik düzəlişlə tanış olduqda hakimiyyətin yalnız idarəetmə strukturunun ikili hakimiyyətdən xilas edilməsi və prezident üsul-idarəsinin tətbiq ediləcəyi məlum olur. Lakin qanunverici (parlament) və məhkəmə hakimiyyəti tamamilə azad olacaq. Qanunverici hakimiyyətin və məhkəmə hakimiyyətinin mövqeləri yeni düzəlişlə daha da möhkəmlənəcək. 5 illik, iki dəfədən artıq olmayaraq, seçilən prezident isə monarx deyil, sadəcə, hökumətin idarəedilməsinə məsul olacaq. Prezident öz kabinetini quracaq, bölgələrə valilər, muxtarlar təyin edəcək. Lakin prezidentin hanınsa dövlət strukturunu ləğv etmək imkanı olmayacaq, bu hüquqi bir məsələ olduğundan, ancaq parlamentin qərarı əsasında baş verəcək. Bu vaxta kimi Türkiyədə hökumət üzvləri parlamentə təsdiq olunmaq üçün qanunvericilik aktları təqdim edirdisə, millət vəkilllərinin də işi yalnız əlini yuxarı qaldırıb-salmaqdan ibarət idisə, yeni Konstitutsiyada qanunvericilik aktları hazırlamaq yalnız parlamentin ixtiyarında olacaq. Hökumət qanunverici aktlar hazırlaya bilməyəcək, parlamentin hazırladığı qanunvericiliklə işləmək məcburiyyətində qalacaq.

Köhnə Konstitusiyada prezident yalnız vətənə xəyanətə görə ittiham oluna bilərdisə, yeni Konstitusiyada prezident törətdiyi istənilən cinayətə görə məsuliyyətə cəlb oluna biləcək. Məsələn, köhnə Konstitusiyaya görə, Əhməd adlı bir Türkiyə vətəndaşı marketdən 1 kq qənd oğurladığına görə məsuliyyətə cəlb olunurdu, hansısa prezident isə dövlət büdcəsindən milyonlar oğurlasa belə, cinayət məsuliyyətindən azad idi. Yeni Konstitusiyada isə bu fərq aradan götürüləcək.

Hazırkı Konstitusiya ilə parlamentin məhkəmə hakimiyyətinə təsir mexanizmi yoxdur. Konstitusiya məhkəməsinin 7 üzvü var və bunların hamısını prezident təyin edir. Yeni Konstitusiyada isə Konstitusiya Məhkəməsinin 11 üzvü olacaq və bunların 7-sini parlament, 4-nü isə prezident təyin edəcək.

Türkiyə inqilab astanasında:Yalanlar və gerçəklər... - TƏHLİL

Yeni Konstitusiyaya görə, prezident öz komandasını parlamentdən kənar formalaşdırmalıdır. Yəni nazirlər artıq həm də millət vəkili ola bilməyəcək. Bunun çoxlu sayda müsbət tərəfləri var. Əvvəla, icra hakimiyyəti ilə qanunverici hakimiyyət bir-birindən ayrılacaq və dövlət məmurlarının qanun aktlarının qəbulunda təsir imkanları sıfıra enəcək. İkincisi, nazirlərin parlament üzvləri arasından təyin edilməsi şərt olduqda, baş nazir məcburən öz partiyasından olan millət vəkillərini nazir təyin etmək məcburiyyətində qalırdı. Yeni sistemdə isə prezident onun partiyasından olmayan və yaxud da heç bir partiyanın üzvü olmayan səriştəli kadrları komandasına gətirə bilər.

“Yox” deyənlərin üzərinə getdiyi məsələlərdən biri də partiya lideri olan bir şəxsin də prezident seçilə bilməsinə veriləcək imkandır. Bu məsələyə ən çox etiraz edən CHP olduğu halda, bu məsələdən ən az danışma haqqı olan partiya da məhz CHP-dir. Çünki Türkiyə 1950-ci ilədək təkpartiyalı sistemlə idarə olunub. Həm Mustafa Kamalın, həm də İsmət İnönünün dönəmində CHP-nin nizamnaməsi ölkənin Konstitusiyası halına gətirilib. Bundan sonra da partiyalı liderlər Türkiyə prezidenti olub. Turqut Özal, yaxud da Dəmirəl prezident olduqdan sonra partiyası ilə bağları qopmuşdumu? Təbii ki, xeyr. Əslində, Tayyib Ərdoğan 2014-cü ildə xalq tərəfindən prezident seçilməklə Türkiyədə uzun illər yaşanan siyasi riyakarlığı aradan götürdü. Bu, eyni zamanda, siyasətin fəlsəfəsinə də ziddir. Siyasi partiyanın işi hakimiyyətə gəlmək və ölkəni yönləndirməkdir. Necə ola bilər ki, hakimiyyətə gələn bir partiyanın lideri və ya hansısa üzvünün prezident olması məhdudlaşdırılsın?

Sadaladıqlarımız 18 maddəlik yeni Konstitusiya qanundan bir hissədir. Göründüyü kimi, söhbət heç də rejim dəyişikliyi deyil, sadəcə 1982-ci il çevriliş konstitusiyasını aradan qaldırmaqla, yeni Konstitusiya ilə sistem dəyişikliyindən gedir.



Yeni konstitusiya dəyişkiliyi Türkiyəyə nə verəcək?



2001-ci ildə AKP hakimiyyətə gəldikdən sonra Türkiyə Böyük 20-liyə daxil olub, iqtisadiyyatına görə dünyanın inkişaf etmiş 18-ci, Avropanın 7-ci ölkəsi, ümumi daxili məhsul – ÜDM-in artım sürətinə görə 20-liyin 1-cisi, 2003-2009-cu illərdə böyümə faizinə görə dünya 1-cisi olub. Milli gəlir 2002-ci ildə 184,8 milyyard dollardan 2013-cü ildə 800 milyard dolları aşıb.

2002-ci ildə adambaşına ÜDM 3,492 ABŞ dolları idi, hazırda 10 min dolları ötüb. 2016-18-ci illərdə Türkiyə ekonomisinin daha 5 faiz böyüməsi proqnozları reallığa çevrilir. 2002-ci ildəki xarici ticarət həcmi 88 milyard dollardan 357 milyard dollara, ixracat 3 dəfə artaraq 144 milyard dollara qalxıb. Son 10 ildə Türkiyəyə 165 milyard dollar xarici sərmayə qoyulub. Hazırda ölkədə 46 min xarici sərmayəçinin şirkəti fəaliyyətdədir, 916 dünya kampaniyasının Türkiyədə nümayəndəliyi mövcuddur. Türkiyə ildə ortalama 180 ölkə ilə 390 milyard dollar dəyərində ixrac-idxal aparır. Özəl sektorun yatırımı 10 il əvvəlki 74 milyard dollardan 300 milyarda qalxıb. 2002-ci ildə Mərkəzi Bankda dövlətin ehtiyat pulunun məbləği 27 milyard dollar idi, hazırda 111 milyarddır. Xarici borc 2002-ci ildə 23,5 milyard dollar idi, ötən ildən Türkiyə xarici borcunu sıfırlayıb.

Türkiyə İMF-yə borcunu tamam qapadan azsaylı ölkələrdən biridir. 2009-cu ilin dünya krizindən ən yaxşı vəziyyətdə çıxan, həm də ümumdaxili məhsulun həcmini yüksəltməyə nail olan 3 ölkədən biri Türkiyə olub. 2002-ci illə müqayisədə əhaliyə avtomobil satışının sayı 7 dəfə artıb. Dünyanın 10-cu turizm ölkəsi olan Türkiyədə xarici turist sayı 2002-ci ildəki 13 milyon nəfərdən 2016-cı ildə 36 milyona, turizm gəliri 8,5 milyarddan 31 milyarda qalxıb. Türk iş adamları 107 ölkədə 322,6 milyard dollara çatan 9 minədək layihə həyata keçirib, bu sırada Çinin ardından dünyada 2-ci sırada yer alıb. Son 10 ildə özəlləşdirmədən dövlət büdcəsinə 66 milyard dollar daxil olub. 2004-cü ildə 11 türk firmasının yer aldığı “Dünyanın Ən Böyük 250 Uluslararası Müteahhidi” sırasında hazırda 42 türk firması yer alıb.

Ən əsası, Türkiyə Beynəlxalq Valyuta Fonduna olan bütün borcunu qaytarıb. BVF dünyada kreditlər verməklə ölkələrin siyasi kursuna nəzarət edən bir qurum olaraq tanınır. Məhz buna görə də Ərdoğanın baş nazirliyi dönəmində Türkiyə BVF-nin bütün borclarını qaytardı. Sonradan Beynəlxalq Valyuta Fondu Türkiyədən borc pul almaq üçün rəsmən xahiş etdi, lakin rəsmi Ankara bu xahişi geri çevirdi.

Təhsilə büdcədən ayrılan vəsait 2002-ci ildəki 10 faizdən 15-ə, sağlamlıq xərcləri 2,6 faizdən 5,8 faizə yüksəlib.

Türkiyə Cümhuriyyətinin qurulmasının 2023-cü ildə qeyd ediləcək 100 illiyinədək hədəf ixracatı 500 milyarda, toplam ticarət, idxal-ixrac həcmini isə 1 trilyon dollara çıxarmaq, dünyanın 10-cu iqtisadi gücü olmaqdır. Son 14 ildə hər il müntəzəm dövlət sektorunda çalışan bütün vətəndaşların, eləcə də bütün növ təqaüd və sığortaların məbləği artırılıb.

Türkiyədə bu illərdə onlarla ölkədaxili, region və dünya əhəmiyyətli layihə gerçəkləşib, 150 illik Mərmərə Layihəsi röyası həyata keçirilib. Dünyanın ən dərin və geniş sualtı tuneli ilə Şərqi Asiya ilə Qərbi Avropa birləşib. 2016-cı ilin sonunda İstanbulda açılan Yavuz Sultan Səlim körpüsü 18 milyona qədər insanın yaşadığı İstanbulun nəqliyyat problemini köklü həll edib. Bu Avrasiya tunelinin istifadəyə verilməsi ilə iki qitə arasındakı məsafəni avtomobillə 15 dəqiqəyə qət etmək mümkün olur. Dənizin 106 metr dərinliyində tikilən ikimərtəbəli yolun ümumi uzunluğu 14,6 kilometrdir. 5,4 kilometrlik hissəsi isə dənizin altında xüsusi texnologiya ilə inşa edilib. Pekindən Londona birbaşa dəmiryol xətti – Modern İpək Dəmiryolu açılıb. İstanbulda 46 milyard dollarlıq 3-cü Hava Limanı açılıb. Yaponiya Türkiyədə 22 milyard dollarlıq bir yatırımla Atom Stansiyasının inşasına başlayıb. Daha bir Mərmərə yolunun açılışı ilə İstanbul ilə İzmir arasındakı məsafənin gediş-gəlişi 9 saatdan 3,5 saata enib. İstanbul Boğazında 2,5 milyard dollarlıq layihə ilə 3-cü körpünün təməli qoyulub. Ərdoğanın illər öncə xəyalını qurduğu, Türkiyənin içində və dışında şübhə ilə qarşılanan daha bir möhtəşəm Osman Qazi köprüsü açılıb. Rusiya Prezidenti Putin Qara dənizin dibi ilə çəkiləcək “Türk axını” layihəsinin icrasına dair parlamentin qərarını təsdiq edib. 15,75 milyard kubmetr qaz ixracı üçün nəzərdə tutulan iki boru xəttinin inşası Türkiyəni dünyanın ən böyük qaz tranziti ölkələrindən birinə çevirəcək.

Bununla yanaşı, AKP-nin hakimiyyətə gəlişindən sonra Türkiyə tarixində ilk dəfə öz silahlarını, tankını, hərbi təyyarəsini istehsal etməyə başlayıb. Ankaranın bölgədə gücü heç vaxt olmadığı qədər artıb. Türkiyə Qətərdə və Afrikanın bir neçə ölkəsində hərbi bazalarını yerləşdirib. Eyni zamanda ötən il Suriya ərazisində terror təşkilatları PKK/PYD və İŞİD-ə qarşı aparılan əməliyyatlar nəticəsində böyük uğur əldə edilib. Hazırda Türkiyə həm İraq, həm də Suriyada hərbi kontingentini yerləşdirib. Bu, Yaxın Şərqdə Türkiyənin həm sahədə, həm də masada olmasından xəbər verir. Eyni zamanda, rəsmi Ankara Türkiyənin bir sıra vilayətlərində PKK terror təşkilatına qarşı tarixinin ən böyük əməliyyatlarını həyata keçirib. Bu əməliyyatlar nəticəsində Türkiyə ərazisində PKK terror təşkilatı 80 faiz zərərsizləşdirilib.

Təbii ki, bütün bunlar Türkiyənin əlaltı ölkə olmasına adət edən imperialistlərin maraqlarına cavab vermir. Türkiyədə 17, 25 dekabr çevriliş cəhdləri və ötən ilin 15 iyulunda hərbi çevriliş cəhdləri baş versə də, rəsmi Ankara xalqla birlikdə bu cəhdlərin qarşısını alıb.

Sadaladığımız faktlar, yəni avropalıların təbirincə desək, “səssiz inqilab” məhz koalisiya hökumətlərinin olmadığı, hökumət böhranlarının yaşanmadığı 15 il ərzində baş verib. Amma kim hazırkı şərtlər altında sabah hökumət böhranlarının olmayacağına zəmanət verə bilər? Məhz bu səbəbdən də yeni Konstitusiya ilə hakimiyyətin qolları konkret olaraq ayrılır. Yəni icra hakimiyyətində mərkəzləşmiş hökumət qurulur, qanunverici və məhkəmə hakimiyyəti isə qanunla heç bir müdaxilə ilə üzləşmədən fəaliyyət göstərir. Yeni dəyişikliklərin məğzi məhz budur.

Son söz isə türk seçicisinin…
Tarix: 15-04-2017, 09:50
Xəbəri paylaş





Xəbər lenti