Türkiyə gec-tez dağılacaq- Əgər "əvət" desə

Türkiyə gec-tez dağılacaq- Əgər "əvət" desə Rövşən Əliyev

Türkiyə "əvət" desə gec-tez dağılacaq. Falçılıq eləmirəm. Uzaqgörənlik də eləmirəm.

Titanik gəmisi batandan sonra adamların yadına düşür ki, 14 il qabaq çıxmış "Yararsızlıq" romanında təsvir olunan hadisələr birəbir çin çıxıb. Romanda yazıldığı kimi ən böyük gəmi Aysberqə çırpılıb batıb. Gəmidə yetərincə ehtiyat xilasedici qayıq olmayıb. Romandakı gəminin uzunluğu da Titanikin uzunlluğuna yaxındır. Adı da Titandır. Roman müəllifi Robertsondan soruşurlar ki, bu öncəgörmə ilahi vergi idimi? Deyir: qətiyyən.

Məsələ bundadır ki, bu Amerika yazıçızı gəmi səyahətlərini həmişə izləyirmiş. Bu haqda dəqiq bilgilər alırmış. Bu sahəyə aid məlumatları incələyirmiş. Görürmüş ki, su nəqliyyatı şirkətləri bəhsə-bəhs getdikcə daha böyük gəmilər düzəldirlər. Bu böyüklükdə gəmilər Aysberqlə rastlaşsalar, manevr imkanları olmayacaq və mütləq çırpılıb batacaqlar.

İndi dünya siyasətini ardıcıl izləyəndə, dəqiq məlumat alanda, propaqanda axınına düşməyəndə ölkələrin hara getdikləri çox aydın görsənir. Birinci dəfə deyil ki. Hər hansı bir lider dövlətin taleyinin ondan asılı olacağına adamları inandırıbsa, o ölkə dağılıb. Nədən ki, hələ heç kəs dirilik suyu tapmayıb. Heç kəs sabah bu günkü kimi ola bilməz. Liderdən sonra dövlətin həyatının davam eləməsi üçün dövlətin siyasəti bir nəfərin iradəsindən aılı olmamalıdır. Türkiyədə adamları inandırıblar ki, ABŞ-dakı kimi prezident sisteminə keçilir. Bunun vacibliyinə adamları necə inandırıblar, hansı saxta məlumatları beyinlərə yeridiblər, necə düşmən və xilaskar obrazı yaradıblar - bunu hadisələri ardıcıl izləyən, dəqiq məlumat almağı bacaran müşahidəçilər bilirlər.

Üstəlik yaradılan sistemin Amerika sistemi olması da yalandır. Çünki, Türkiyədə prezidentin parlamenti buraxmaq səlahiyyəti nəzərdə tutulur. Amerikada isə əksinədir. Konqres impiçment proseduruna başlaya bilər. Bundan başqa ABŞ Konstitusiyasına 25-ci düzəliş prezidentin öz komandasının onu hakimiyyətdən uzaqlaşdırması üçün imkan tanıyır. Bu düzəliş prezidentin ağlını itirməsi halını nəzərdə tutur. Bunun üçün vitse-prezident və kabinetin yarıdan çoxu həmin nəticəyə gəlib Konqresdə bu fikri 2/3 səs çoxluğu ilə keçirməlidir. Amerika məhkəmələri prezidentin neçə sərəncamını dayandıırdılar. Ərdoğanın təklif elədiyi sistemdə bunun izi-tozu yoxdur. Hakimlərin, demək olar ki, hamısını özü təyin edəcək.

Təkrar deyirəm, bir nəfərin iradəsindən asılı hala salınmış dövlətin məhvə getməsini öncədən görmək üçün falçılıq lazım deyil. Uzağa getməyək, son 15-20 ildə nə qədər belə örnək gördük.(Məqalə Rövşən Əliyevin feysbuk statusundan götürülüb)(miq.az)

Siam.az
Tarix: 16-04-2017, 09:34
Xəbəri paylaş





Xəbər lenti