Kremlin “Müharibə etmə!” mesajına Bakıdan kontur-cavab

Kremlin “Müharibə etmə!” mesajına Bakıdan kontur-cavab Düşmən və havadarına aprel ismarışı: ordumuz yeni silahlarla təlimə başladı; Döyüş şəraitinə maksimum yaxınlaşdırılmış 5 günlük hərbi təlimlərə yüzlərlə zirehli texnika və artilleriya qurğusu, aviasiya və başqa döyüş sistemləri, işğalçının qorxulu röyası olan kamikadze dronlar cəlb olunub; Ermənistan sonsuzadək Rusiyanın arxasında gizlənə biləcəkmi? Lavrovun Abxaziya səfərində “Qarabağ izi”...

Ərazisinin 20%-i erməni işğalı altında olan Azərbaycan öz Silahlı Qüvvələrini modernləşdirməkdə, hərbi və döyüş qabiliyyətini artırmaqda davam edir. Bu məqsədlə də ölkəmiz dost-müttəfiq dövlətlərlə - qardaş Türkiyə və Pakistanla, habelə strateji tərəfdaşımız İsraillə hərbi və hərbi-texniki sahələrdə uğurlu əməkdaşlıq qura bilib və bu əməkdaşlıq ilbəil genişlənməkdədir.

Doğrudur, Azərbaycan işğalçı Ermənistanın müttəfiqi Rusiyadan da böyük həcmdə silahlar alıb və alır. Lakin bu, sırf silah ticarətidir. Yəni Moskva ölkəmizlə hansısa silahın birgə istehsalı üzrə əməkdaşlıq içində deyil, Rusiyanı belə bir şey maraqlandırmır da. Pakistan, İsrail və Türkiyənin dəstəyi ilə isə əksinə, Azərbaycan həm də öz ərazisində bəzi döyüş silahları və sistemlərinin, o sırada kamikadze-dronların istehsalı yönündə mühüm uğurlar əldə edib və bu sahəyə prioritet verməkdədir.


Ordumuzun hərbi qüdrətinin artırılmasında şübhəsiz ki, vaxtaşırı keçirilən hərbi təlimlərin də mühüm önəmi var. Söhbət istər Azərbaycanın təkbaşına, istərsə də qardaş Türkiyə ilə keçirdiyi iri birgə təlimlərdən gedir. Az öncə isə xəbər verilib ki, Azərbaycan Türkiyə və Gürcüstanla da birgə hərbi manevrlər keçirməyi planlaşdırır.

Kremlin “Müharibə etmə!” mesajına Bakıdan kontur-cavab


Bundan əlavə, dost-müttəfiq ölkələr arasında yüksək çinli hərbçilər səviyyəsində təcrübə mübadiləsi də artıq adi praktikaya çevrilib. Son olaraq, Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı, donanma admiralı Bülənd Bostanoğlunun Azərbaycana ötən həftə reallaşan 3 günlük səfərini xüsusi qeyd eləmək lazım gəlir.

Kremlin “Müharibə etmə!” mesajına Bakıdan kontur-cavab


*****


Bu arada Azərbaycan prezidenti, Ali Baş Komandanı İlham Əliyevin təsdiqlədiyi plana əsasən, aprelin 16-dan qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlərə başlanıb. Bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda təlimlərə 30 min nəfərədək şəxsi heyətin, 250-dən artıq tank və zirehli texnikanın, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusunun, reaktiv yaylım atəş sistemi və minaatanın, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyasının, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunduğu bildirilir.

Kremlin “Müharibə etmə!” mesajına Bakıdan kontur-cavab


Təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatların keçirilməsinin müxtəlif üsulları məşq etdiriləcək. Qəbul edilmiş qərara uyğun surətdə qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, səfərbərlik ehtiyatlarının toplanılaraq təyinatı üzrə göndərilməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqi, döyüş aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunacaq. Təlimlər aprelin 21-dək, yəni 5 gün davam edəcək.




*****


Maraqlıdır ki, budəfəki təlimlər düşmənin işğal altındakı Ağdamda keçirdiyi təlimlərdən dərhal sonraya təsadüf edir. Əsasən müasir döyüş sistemlərinin cəlb olunduğu bu təlimlər əlbəttə ki, ilk növbədə elə işğalçı Ermənistana növbəti xəbərdarlıq mesajıdır. O Ermənistan ki, öz əsas havadarı Rusiyanın arxasında gizlənib və ipə-sapa yatmır: Qarabağ məsələsində təxribatçı mövqe tutur, hətta Rusiyadan aldığı bəzi silahlarla qürrələnərək, Azərbaycanı ara-sıra hədələyir də - ötən ilin aprelində Azərbaycandan aldığı hərbi zərbədən nəticə çıxarmaq əvəzinə.


Təbii ki, Kremlə arxayın olan işğalçı ölkə Azərbaycanın daha böyük zərbəsindən sığortalanacağına ümid edir. Bu xüsusda politoloq Elxan Şahinoğlunun Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin ötən həftəyə təsadüf eləmiş Bakı səfəri ilə bağlı maraqlı bir qeydi var.

Sitat: “Prezident İlham Əliyevlə görüşdə Patruşev maraqlı bir fikir dedi ki, əlaqələrimizin inkişafında təhlükəsizlik məsələlərinin rolu böyükdür: ”Təhlükəsizlik təmin olunarsa iqtisadi, mədəni və bütün digər sahələrdə əməkdaşlığın inkişafında hər hansı bir problem ola bilməz". Belə görünür, Moskva Azərbaycanla əməkdaşlıqda təhlükəsizlik məsələsini bütün digər proseslərin önündə qoyur. Bəlkə də bu, Rusiyanın rəsmi Bakıya “müharibəyə başlamayın” mesajıdır ki, bu fikri Patruşev də Azərbaycan paytaxtına səsləndirib".


*****




Bakı söz yox ki, müharibə məsələsində Moskvanın mövqeyini, Kremldəki ab-havanı həmişə ciddiyə alıb, yenə alacaq. Almaq zorundadır da. Ancaq Rusiya yetkililəri də yəqin fərqindədirlər ki, Qarabağ ətrafında mövcud status-kvo, işğal rejimi sonsuzadək sürə bilməz. Azərbaycan Rusiyada da daxil olmaqla, tərəfdaş ölkələrdən aldığı milyardlarla dollar silahları vitrində saxlamağa hazırlaşmır. İşğalçını Rusiyanın arxasında gizlənmək xilas etməyəcək.


Bu mənada aprelin 16-da Azərbaycanın başladığı irimiqyaslı təlimlərdən “Müharibə etmə” deyən Kremlin özünə də cavab düşür. Hərçənd, Moskva da ara-sıra öz mesajlarını bizdən əsirgəmir. Onlardan birini yuxarıda qeyd elədik. Növbəti mesaj isə belə görünür, hərbi təlimlər getdiyi günlərdə, daha doğrusu, sabah - aprelin 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Gürcüstanın qanuni ərazisi Abxaziyaya səfəri ilə bağlı olacaq. Rusiya XİN-in məlumatına görə, səfər iki gün çəkəcək.


Moskva bu səfəri şəksiz ki, Abxaziyanı dövlət olaraq tanıması ilə izah edəcək. Amma Abxaziyanı Rusiyadan savayı da heç bir ciddi dövlət tanımayıb. Ziyarətin Azərbaycana aid tərəfi isə odur ki, Moskva bununla bir növ, bizə də mesaj çatdırmaq istəyir ki, Gürcüstan kimi Azərbaycan da Rusiyadan icazəsiz işğaldakı əraziləri hərbi yolla azad eləmək istəsə, analoji sonluğa tuş gələcək. Bu yerdə Lavrovun məşhur “Qarabağda hərbi əməliyyatlar Azərbaycanın daxili işi deyil” provokasion açıqlaması da yada düşür.


Bakı əlbəttə ki, Gürcüstanın acı təcrübəsindən və Kremlin mesajlarından nəticə çıxarır. Amma bizim də Rusiyaya kontur-mesajlarımız var və Moskva onları ciddiyə almaya bilməz.


Çünki:


1. Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyanın böyük silah alıcılarından biridir;


2. Azərbaycan qardaş Türkiyə ilə birgə Rusiya üçün mühüm, hətta vazkeçilməz iqtisadi-ticari tərəfdaşlardır.


Rusiya regionda bu iki vazkeçilməz tərəfdaşını günün birində itirmək istəmirsə, buyursun, satellit Ermənistana təzyiq eləsin, onu ağla gətirsin. Bunu o etməyəcəksə, Azərbaycan əsgəri edəcək. Gec-tez...


Analitik xidmət
Tarix: 17-04-2017, 09:25
Xəbəri paylaş





Xəbər lenti