Hakimiyyətdəki qruplaşmalar kartları de-şifrə etməyə başlayıblar. Naxçıvan qvardiyası və Paşayevlər klanı arasındakı qütbləşmə açıq şəkildə özünü göstərməkdədir. Bu dəfə Bakı qruplaşması kartları gizlətmir və açıq oyuna getməkdədir.
Elə Heydər Əliyev Fondunun icraçı-direktoru və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovun birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunması da bu qəbildən olan hadisədir. AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, Mehriban Əliyeva öz ətrafında Prezident Administrasiyası ilə əlaqəli olmayan gənclərdən ibarət komanda yığır.
Bu komandada Naxçıvan qruplaşmasına və veteranlara rast gəlmək mümkün deyil. Hakimiyyətin cavanlaşdırılması siyasətində mühüm gedişat olan bu təyinat göstərir ki, M.Əliyeva PA-dakı köhnə qvardiya üzvləri ilə işləmək istəmir.
Artıq hakimiyyətdə gənclərin irəli çəkilməsi politikası prioritet məsələyə çevrilib. Ona görə də Anar Ələkbərovun yeni vəzifəyə təyinatını müsbət qiymətləndirmək olar.
Ən azından onun adı nə korrupsiyada, nə offşor zonalara kapital köçürməkdə, nə başqa xoşagəlməz işlərdə hallanıb.
Anar Ələkbərov uzun illərdir Heydər Əliyev Fondunda işləyir və iqtidardakı mənbələrin dediyinə görə, üzərinə düşən vəzifəni keyfiyyətlə yerinə yetirir, işində hər kiçik detala da diqqət yetirir.
Bir sözlə yaxşı menecerdir. İdarəetmə sisteminə də məhz yaxşı menecerlər lazımdır ki, islahatlar sürətlənsin, mövcud problemlər qısa zamanda həll olunsun.
Qeyd edək ki, Anar Ələkbərov hazırda vergilər nazirinin müavini postunu tutan, Səbail rayonu İcra Hakimiyyətinin sabiq başçısı Sahib Ələkbərovun oğludur.
Əlbəttə deyilə bilər ki, vergi nazirinin müavini Qərbi azərbaycanlıların qruplaşmasına daxildir. Ancaq bunu onun oğluna şamil etmək olmaz.
Çünki A.Ələkbərov məhz Paşayevlərin komandasında iştirak edir. Belə demək mümkünsə, İbrahim Şahın oğlu da hürufi çıxıb və sarayın adamı deyil. Beləcə, atalar və oğullar ayrı-ayrı düşərgələrdə təmsil olunurlar.
Təbii ki, bu faktor hakimiyyətin parçalanması kimi xarakterizə oluna bilməz. Sadəcə, iqtidar içində kimin daha çox iqtidarının olması müşahidə edilməkdədir.
Faktiki olaraq, Paşayevlər klanı revanş götürüb, güclənib, referendumdan sonra istəklərini reallaşdırıb və indi M.Əliyeva komandasını PA-dan olmayan gənclərdən təşkil edir.
AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, I vitse-prezident köməkçisi olmaq birbaşa hakimiyyətin “mətbəx”inə girməkdir. A.Ələkbərov iqtidardaxili proseslərlə indi daha yaxından tanış olacaq.
Eyni zamanda onun qərarların verilməsində iştirakı mümkündür, prezident İlham Əliyevlə təmas qurmasında böyük şans yaranıb, ciddi etimad qazanacağı halda nazir belə təyin oluna bilər.
Görünən odur ki, Paşayevlər hakimiyyəti məhz saray içində dəyişməkdə maraqlıdırlar. A.Ələkbərovun prezidentin etimadını qazanacağı halda Naxçıvan klanına aid bir nazirin yerinə təyin olunması son dərəcə realdır.
Beləcə, Bakı qruplaşması yerlərdə öz adamlarını yerləşdirməklə hakimiyyəti bir əldə cəmləşdirməyi hədəfləyib.
Amma bütün bunlara baxmayaraq demək olar ki, qarşıdakı seçkilər xeyli coşğulu olacaq.
Ona görə yox ki, xalqın seçkiyə həvəsi yaranacaq və hakimiyyət demokratik addımlar atacaq. Ona görə ki, Paşayevlərlə Naxçıvan klanı arasında “ölüm-dirim” savaşı gedəcək.
Bəli, müşahidə etdiyimiz mənzərə və əldə etdiyimiz məlumatlar göstərir ki, hakimiyyət daxilindəki klanlar “kəşfiyyat”a başlayıb və hər iki tərəf “yüksəklik”ləri ələ keçirməyə çalışır.
Hətta müxalifətin 8 aprel mitinqini Mehdiyev qruplaşmasına bağlayanlar da var idi. Bundan əlavə, “Milyardlər ittifaqı”ının dirilməsi ehtimalı var və gələn ilki seçkilərdə Naxçıvan qvardiyası Kreml faktorundan Paşayevlərə qarşı istifadə edə bilər.
Bakı qruplaşmasının siyasi qanadları hələ ki, tam formalaşmayıb. Naxçıvan klanının isə kifayət qədər resursları və təcrübəsi var.
Hakimiyyətdaxili çəkişmələrin aprel-may aylarında qızışması gözlənilirdi. Naxçıvan qvardiyasının nəzarətindəki siyasi qüvvələri və partiyaları hərəkətləndirmək projesinin düyməsi basıla bilər.
AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, Ayaz Mütəllibov oğlunun ölümü ilə bağlı maneəsiz olaraq Azərbaycana gəlməsindən sonra eks-prezidentin Paşayevlərlə münasibətlərinin o qədər də pis olmadığı bilindi.
Münasibətlər hətta o dərəcədə yaxşıdır ki, eks-prezidentin oğlunun səhhətində ciddi problemlər yaranarkən onun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü.
Sonradan bəlli oldu ki, münasibətlərin istiləşməsinin kökündə Bakı-Şirvan klanının gücləndirilməsi dayanır. O gün bu gün Bakı qruplaşması hakimiyyətdə öz istəklərini diktə edə bilir.
Eyni zamanda hakimiyyətin islahatlar paketində köhnə kadrların vurulması nəzərdə tutulur. İqtidarın gəncləşməsi və refreş olunması prosesi getməkdədir və bu, Paşayevlərin platformasında baş verir.
Buna görə də vəziyyətin mürəkkəbliyini analiz edən mehdiyevçilərin 2018-ci il projesinə qədər hakimiyyətin yeni institutu olan - vitse-prezident postunda öz namizədləri yerləşməlidir. Hələ ki, Naxçıvan Ali Məclis sədri bu posta real görünür.
AnaXeber.Az
Turan
Tarix: 19-04-2017, 09:23