Zahid Oruc: “İstənilən bir stiuasiyada deputatın xalqın iradəsindən gələn səlahiyyətləri məhdudlaşdırılmış olarsa, buna öz-özlüyündə təmsilçilik prinsipinin işləməməsi demək olar”Fazil Mustafa: “Etik məsələ sırf müxalif fikirin, ya da hansısa bir fərqli fikrin boğulması mənasına gəlməməlidir”
Araz Əlizadə: ““Yemədiyim xörəyin dadından danışmıram” misalı mənim ən xoşuma gələn misaldır və bu misal indi yerinə düşür”.
Xəbər verdiyimiz kimi yayılan məlumata görə Milli Məclisin Daxili Nizamnaməsinə maddəsinə yeni bənd əlavə edilir. Belə ki, mövcud qanunvericiliyə əsasən, hazırda Milli Məclisin deputatına xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi kimi intizam tədbirləri tətbiq edilir. Bundan sonra deputatın mandatdan məhrum edilməsi də təklif olunur. Yəni Milli Məclisin Daxili Nizamnaməsinə ediləcək dəyişikliklərə əsasən deputat Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının aparılmasına mane olduqda parlamentin sədri həmin deputat haqqında məsələni İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə 2 həftə müddətində baxıb, müvafiq rəy qəbul edir. Milli Məclisin növbəti iclasında deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir. Layihənin yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir.Belə bir qərarın qəbul olunması demokratik prinsiplərə nə qədər ziddir və bu dəyişiklik gələcəkdə Milli Məclis sədrinin avtokratiyasının yaranmasına səbəb ola bilərmi?
Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı MilIi Məclisin deputatı Zahid Oruca, Böyük Birlik Partiyasının sədri, deputat Fazil Mustafaya və Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadəyə müraciət edib.Zahid Oruc: “Bu qanunun qəbul edilməsi deputatın siyasi fəaliyyətini daha geniş formada həyata keçirməsinə təsir göstərmiş olacaq”.Deputat Zahid Oruc qeyd edib ki, deputat ən ağır cinayət törətdikdə, məhkəmə hökmü, toxunulmaz hüququn aradan qaldırılması və sair kimi bir necə prosedur keçirilməsi tələb olunduğu halda, daha adi intizam pozuntularının daha ciddi nəticələrə çıxara bilməsi doğru olmaz. Millət vəkilinin fikrincə bu qanunun qəbul edilməsi bir tərəfdən də, deputatın siyasi fəaliyyətini daha geniş formada həyata keçirməsinə təsir göstərmiş olacaq:
“Milli Məclisin Daxili Nizamnaməsinə edilən dəyişiklərlə ərtaflı tanış olmamışam. Çünki bu məsələyə hələ ki, Milli Məclisin Hüquq Komitəsi çərçivəsində baxılıbdır. Bildiyim qədər də İnsan Haqları Komitəsində “Deputatın etik davranış qaydaları” ilə bağlı hansısa layihə ətrafında diskusiyalar gedir. Bunları bir-birinə qarışdırmaq olmaz. Lakin hazırkı dövrdə daxili nizamnamədə qeyd olunan müdəallar var. Yəni parlamentdə müəyyən intizam tətbirlərin görülməsi ilə bağlı ona qədər ki, illərdə normativ baza formalaşdırılıbdır. İndi qeyd etdiyiniz kimi, bu qanunun sərtləşdirilməsi mövcuddurmu ya da etnik davranışlar məsələsi də buraya əlavə edildikdə, nəticədə bütün bunlar parlamentin fəaliyyətinin həyata keçirilməsinə necə təsir göstərəcək? Hüquqi prinsiplərin tətbiqində, yəni məsələn məhkəmə orqanlarının təmsilçiləri, o cümlədən Ali İcra Hakimiyyəti orqanına bir cür hüquqi normalar, Milli Məclis təmsilçilərinə isə başqa normalardan yanaşması məsələsi geniş şəkildə həll edilməlidir.
Məsələn, bildiyimiz kimi deputat cinayət törədirsə, bu zaman onun toxunulmazlığı parlament səviyyəsində götürülməli olur və yalnız bundan sonra prokurorluq həmin məsələ ilə bağlı araşdırmalara başlaya bilər. Təbbi ki, toxunulmazlığın götürlməsindən ötrü mütləq məhkəmənin hökmü olmalıdır. Bu prosedurlar ona görə müəyyənləşdirilib ki, xalq iradəsi, onun təmsilçilik hüququ həyata keçirilə bilsin və parlament üzvünün səlahiyyətlərinin konstitusiya üzrə genişliyi təmin olunsun. Əks halda istənilən bir stiuasiyada deputatın xalqın iradəsindən gələn səlahiyyətləri məhdudlaşdırılmış olarsa, buna öz-özlüyündə təmsilçilik prinsipinin işləməməsi demək olar. Bütün bunlara görə düşünürəm ki, həm bu məsələ, həm də parlamentin özündə İntizam Komissiyasının digər şəxslərin fəaliyyətinə hüquqi qiymət verərək, ən sərt tətbirin görülməsi, yəni peşə səlahiyyətlərindən məhrum edilməsi kimi qərarların çıxarılacağı məsələlər ciddi hüquqi nəticələr doğura bilər.
Zahid Oruc: “Konstitusiyaya edilmiş son dəyişikliklər nəticəsində həmin qeyd edilən məsələ artıq konstitusiyada tətbiq edilib”.
Belə çıxır ki, deputat ən ağır cinayət törətdikdə məhkəmə hökmü, toxunulmaz hüququn aradan qaldırılması və sair kimi bir necə prosedur keçirilməsi tələb olunduğu halda, daha adi intizam pozuntuları gətirib ciddi nəticələrə çıxara bilir. Bu qanunun qəbul edilməsi bir tərəfdən də deputatın siyasi fəaliyyətini daha geniş formada həyata keçirməsinə təsir göstərmiş olacaq. Buna görə də əminəm ki, toplu halda bütün bu qeyd edilən müdəallara plenar iclasda baxılacaq. Bildiyim qədər də komitə səviyyəsində həmin məsələlərə yanaşmalar çox fərqli olubdur. Yəni həmkarlarımızın bir çoxu həmin müdəaların bəziləri ilə razılaşmayıblar. Lakin bu fikir də ortadadır ki, konstitusiyaya edilmiş son dəyişikliklər nəticəsində həmin qeyd edilən məsələ artıq konstitusiyada tətbiq edilibdir.
Əlbəttə biz elə hesab etməliyik ki, Milli Məclis mühüm bir hakimiyyət qurumudur və orada təmsil olunan insanların daha geniş səlahiyyətlər çərçivəsində öz işini yerinə yetirməsi, hüquq prosesini gerçəkləşdirməsi, mütərəqqi qanunlar qəbul etməsi, digər müvafiq qurumların hesabatlarını qəbul etməsi bütövlükə ölkədə hüququn bir etalon səviyyəsinə qalxmasına təsir göstərən amildir. Çünki parlament dünya hüquq təcrübəsində hakimiyyətlər arasındakı balansda mühüm bir yerə malikdir. Parlamentsiz ölkədə demokratik prosesləri dərinləşdirmək, ölkəni beynəlxalq hüquq sisteminin ayrılmaz tərkib hissəsinə çevirmək də çox çətin olar. Buna görə də qeyd etdiyiniz suallar bizə mediyadan verilərkən onların hər birinə söyləyirik ki, bu məsələ ərtafında dəqiqləşdirmələri aparmaq lazımdır. Mən bildiyim qədər Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik köklü müdaxilə ərafında deyil. Amma etik davranışlarla bağlı məsələ və onun nəticələri haqqında daha geniş səviyyəli diskusiyalarda sözümüzü deyəcəyik”.
Fazil Mustafa: “Deputatın mandatının ləğv edilməsinin bu qədər sadə bir prosedura tabe tutulması təbii ki, parlamentin nüfuzuna da böyük zərbə ola bilər”.Böyük Birlik Partiyasının sədrinin fikrincə, Milli Məclisin Daxili Nizamnaməsində deputatlarla bağlı nəzərdə tutulan qanun cilalansa, ortaya problemlər çıxmayacaq:
“Təbii ki, Milli Məclisin Daxili Nizamnaməsində deputatlarla bağlı nəzərdə tutulan dəyişiklik narazılıqlara səbəb ola bilər. Çünki deputatın fəaliyyətinin müəyyən mənada bu formada qiymətləndirilməsində müəyyən problemlər ortaya çıxa bilər. Bu gizlədiləsi məsələ deyil. Amma qanun cilalansa, yəqin ki belə olmaz. Yəni etik məsələ sırf müxalif fikirin, ya da hansısa bir fərqli fikrin boğulması mənasına gəlməməlidir.
Bu məsələdə daha fərqli yanaşma olmalıdır. Mən hesab edirəm ki, bu istiqamətdə müəyyən dəyişikliklər olacaq və qanun cilalandıqdan sonra belə bir təhlükə də olmayacaq. Çünki deputatın mandatının ləğv edilməsinin bu qədər sadə bir prosedura tabe tutulması təbii ki, parlamentin nüfuzuna da böyük zərbə ola bilər”.
Araz Əlizadə: “Mən qanun layihəsini götürməliyəm, eynəyimi taxmalıyam, oxumalıyam və oxuyandan sonra o qanun haqqında söz deyə bilərəm”.Azərbaycan Sosial Demokrat Partiyasının sədri isə mövzu ilə bağlı bildirib ki, qanun layihəsinə əlavə edilən maddə ilə tanış deyil . Deputat əlavə edib ki, dəyişiklik qərarı ilə tanış olduqdan sonra fikir bildirə bilər:
“Birinci onu qeyd edim ki, nizamnamə hazır olanda verilir komitəyə. Bu layihə komitədə müzakirə edilir və bundan sonra həmin qanun Milli Məslisin plenar iclasına çıxarılır. Milli Məslisin də plenar iclasında o layihə qəbul edilir. Yəni ki, Milli Məclisin Daxili Nizamnaməsinə dəyişikliyi nəzərdə tutulan layihənin qəbuluna hələ çox vaxt var. Onu da qeyd edim ki, mən bu qanunla tanış deyiləm. Ona görə də Milli Məclisin Daxili Nizamnaməsinə edilən dəyişiklik qərarı ilə tanış olum, sonra fikrimi deyim. Mən qanun layihəsini kiminsə sözü ilə müzakirə etmirəm. Ümumiyyətlə mən bütün qanun layihələrini götürməliyəm, eynəyimi taxmalıyam, oxumalıyam və oxuyandan sonra o qanun haqqında söz deyə bilərəm.
Mən sizə bir məsələni də deyim. Məsələn sabah deyirlər ki, sizin sayt mənim haqqımda nəysə yazıb bu barədə nə deyə bilərsiniz. Mən o suala da cavab vermirəm və deyirəm ki, gözləyin mən girim o sayta həmin xəbərə baxım, sonra fikrimi deyim. Bu qanun layihəsi də hələ ki, bizə gəlib çatmayıb. Qanun layihəsi bizə gəlsin çatsın, qanunla tanış olaq sonra bu barədə müzakirə aparaq. “Yemədiyim xörəyin dadından danışmıram” misalı mənim ən xoşuma gələn misaldır və bu misal indi yerinə düşür”.
Nərminə UMUDLU
Tarix: 22-04-2017, 07:53