Ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib.Moderator.az xəbər verir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov çıxışında qeyd edib ki, Xüsusi Dövlət Mühafizə Xidməti olaraq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi və Oyunların Təşkilat Komitəsi ilə birlikdə, xüsusən də bu Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik departamentinin nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində təhlükəsizlik tədbirlərini həyata keçirilir:
"Oyunlar zamanı istifadə ediləcək idman, məşq, qeyri-idman obyektlərinin siyahıları tərtib olunub. Bu siyahıları bizə Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik departamenti təqdim edib. Bu obyektlərin hamısına baxış keçirilib. Daxili İşlər Nazirliyi və digər qurumlarla buraxılış rejimini həyata keçirmək üçün texniki mühafizə və videonəzarət avadanlıqlarının quraşdırılması və mühafizə planlarının hazırlanması işlərinə başlanılıb.
Biz birinci Avropa Oyunları zamanı alınaraq respublikamıza gətirilmiş çoxlu sayda texniki avadanlıqlardan IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə edəcəyik. Bunlar “X-RAY” avadanlıqları, stasionar metalaxtaran, partlayıcı maddələri aşkarlayan qurğulardır. Həmçinin 1000-dən çox kameranı təmir etmək üçün “Boch” videomüşahidə sistemi, üç baza stansiyası, dörd min “Motorola” tipli əl radiostansiyalarıdır. Altı yüz “Motorola” mobil stansiya alınaraq artıq gətirilib və qoruduğumuz obyektlərdə bunlardan tam həcmdə istifadə edəcəyik. Hazırda bu avadanlıqların obyektlərdə qurulması işləri tam başa çatıb. 17 obyektdə 114 “X-RAY” avadanlığı, 213 stasionar metalaxtaran avadanlıqlar quraşdırılıb, 13 obyektdə isə 41 “X-RAY” və 81 stasionar metalaxtaranların quraşdırılması aprelin sonlarında başa çatdırılacaq.
On idman obyektində daxildə və perimetr boyunca videomüşahidə sistemləri quraşdırılıb. Beş obyektdə isə belə sistemlərin quraşdırılması nəzərdə tutulur.
2017-ci ilin fevral ayından başlayaraq aidiyyəti qurumlarla birgə Oyunların kibertəhlükəsizliyinin təmin olunması üzrə zəruri tədbirlər hazırlanaraq həyata keçirilir.
Qeyd olunduğu kimi, tədbirlərə cəlb olunmuş çoxsaylı personal - bu idman obyektlərində çalışacaq işçilər ətrafında yoxlama tədbirləri həyata keçirilib. Bu siyahılar bizə və eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinə, Daxili İşlər Nazirliyinə təqdim olunub. Bu insanları xüsusi yoxlamalardan keçirmişik. Təkcə Xüsusi Dövlət Mühafizə Xidməti 1560 nəfəri yoxlayıb. Onlardan 107 nəfəri barəsində nüfuzdan salan məlumatlar əldə olunduğuna görə tədbirlərdən kənarlaşdırılıb.
Oyunların keçirilməsi ilə bağlı Azərbaycana gələn çoxsaylı qonaqlara qarşı Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verə biləcək hər hansı təxribat hallarının qarşısının alınması məqsədi ilə “AZAL”ın Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə profilaktik tədbirlər hazırlanaraq həyata keçirilir.
Bakı Olimpiya Stadionunda Oyunların açılış və bağlanış mərasimləri zamanı havaya qaldırılacaq helikopterlərin təhlükəsizlik uçuşu ilə əlaqədar “Silk Way Helicopter” şirkəti və Təşkilat Komitəsinin mərasimlər departamenti ilə müvafiq hazırlıq işləri aparılır. IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizliyi ilə bağlı mühafizə tədbirlərinə Xüsusi Dövlət Mühafizə Xidmətindən 700 hərbi qulluqçu, o cümlədən 100 qadın hərbi qulluqçu cəlb olunub. Aprel ayında onlarla təlim toplanışları keçirilib, buraxılışa nəzarət avadanlıqlarından - “X-RAY” və metalaxtarandan istifadə etmək bacarıqlarını təkmilləşdirmək məqsədilə kurslar təşkil edilib.
Ümumiyyətlə, Xidmətimizin texniki mütəxəssisləri tərəfindən mühafizə tədbirlərinə cəlb olunacaq hüquq mühafizə orqanlarının 1500 nəfərlik şəxsi heyəti ilə xüsusi təlim toplanışları və məşqlər keçirilib. İdman obyektlərində və qeyri-idman obyektlərində quraşdırılmış “X-RAY” və metalaxtaranlarda işləmək üçün Daxili İşlər Nazirliyinin və digər qurumların əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində təlimlər təşkil olunub. Xüsusilə qeyd etmək lazımdır ki, bütün idman obyektlərinin lift sektorlarının və yüksək səviyyəli qonaqların yaşayacağı mehmanxanaların mühafizə planları və sxemləri hazırlanaraq, Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik departamenti ilə razılaşdırılıb.
Bundan əlavə, Xidmətimizin situasiya mərkəzi tərəfindən 5 mindən çox müşahidə kamerası vasitəsilə obyektlərə videonəzarətin təmin edilməsi ilə bağlı həyata keçirilən hazırlıq tədbirləri başa çatdırılıb. İdman və qeyri-idman obyektlərinin etibarlı mühafizəsini təmin etmək məqsədilə Xidmətimiz tərəfindən ayrılmış mühafizə rəhbərlərinin mayın 1-dən etibarən obyektlərə göndərilməsi, mayın 8-dən isə idman obyektlərinin VIP sektorlarının müayinə edilərək tam mühafizəyə götürülməsi nəzərdə tutulur. Təhlükəsizlik məsələlərinin operativ həlli üçün Xidmətimizin işçi qrupu mayın 1-dən Təşkilat Komitəsinin baş ofisinə ezam olunacaq, orada digər qurumların əməkdaşları ilə birlikdə tam fəaliyyətə başlayacaqlar. Bununla yanaşı, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakı şəhərinə səfər edəcək yüksək səviyyəli qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə Xidmətimizin avtomobil parkında zəruri sayda avtonəqliyyat vasitələri texniki baxışdan keçirilərək tam hazır vəziyyətə gətirilib və qonaqlara xidmət göstərəcək.
Təhlükəsizlik tədbirlərinə cəlb olunacaq mühafizə əməkdaşları üçün xüsusi gödəkçələr hazırlanıb. Bu gödəkçələrin forması Təşkilat Komitəsi ilə razılaşdırılıb və tədbirlərin təhlükəsizliyinin təmin olunması zamanı bu gödəkçələrdən istifadə olunacaq. Yaddaş kitabçaları hazırlanıb və 1000-ə yaxın əməkdaşımıza paylanıb. Burada bütün məlumatlar var: həm idman obyektlərinin yerləri, həm keçiriləcək idman növləri, təmsil olunacaq dövlətlər haqqında bütün məlumatlar yaddaş kitabçasında öz əksini tapıb. Şəxsi heyət bu tədbirlərin həyata keçirilməsinə demək olar ki, tam hazırdır.
Çox hörmətli Birinci vitse-prezident, Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasında IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə keçirilməsi üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti əlindən gələni əsirgəməyəcək və bu tədbirlərdə təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq.Mehriban ƏLİYEVA: Çox sağ olun, Vaqif müəllim. Məndə olan məlumata görə, siz bir neçə idman obyektində əlavə müşahidə sistemlərinin qurulması ilə bağlı müraciət etmisiniz. Bu problem maliyyə baxımından həllini tapıbmı?
Vaqif AXUNDOV: Bəli, beş obyektdə. Bu məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi ilə işləyirik. Düzdür, biz o işlərə başlamışıq, amma hələ maliyyə almamışıq.
Mehriban ƏLİYEVA: Maliyyə Nazirliyi ilə bərabər bu məsələnin həlli yolunu tapmaq lazımdır. Siz qeyd etdiniz ki, birinci Avropa Oyunları zamanı təhlükəsizliklə bağlı bütün lazımi avadanlıq alınıb və bu gün həmin avadanlıqdan istifadə edirik, amma bir neçə idman obyekti var ki, əlavə videokameralarla təmin olunmalıdır. Bu məsələ öz həllini tapmalıdır.
Tarix: 22-04-2017, 08:02