Qarabağ danışıqlarında hərəkətlənmə: NƏ BAŞ VERİR?
Akif Nağı: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini Azərbaycanın əleyhinə təhrif edir”Qabil Hüseynli: “Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiya açıq şəkildə ermənipərəst mövqe tutur”Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi ehtimalı var. “Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 19-da keçirdiyi brifinqdə bildirib. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulurmu?”, sualına cavabında M. Zaxarova belə bir ehtimalın olduğunu deyib: “Bu barədə məlumat olan kimi bildirəcəyik”.
Görüş nə vəd edir?Hələ fevral ayında Ermənistan və Azərbaycan arasındakı silahlı qarşıdurmadan sonra xarici işlər nazirləri yox, prezidentlər səviyyəsində görüşün keçiriləcəyi gözlənilirdi. Lakin bu gözlənti özünü doğrultmadı. Tərəflər arasında danışıqların donması fonunda Minsk Qrupu həmsədrlərinin regiona artan səfərləri, ard-arda Fransa və ABŞ tərəfindən irəli sürülən, amma detalları açıqlanmayan həll planları ümidi artırdı. Hətta, o ehtimal gündəmə gəldi ki, Ermənistan və Azərbaycanın razı olduğu 3 hissəli həll planı üzərində danışmaq üçün Fransada prezidentlərin görüşü keçiriləcək. Amma bu da baş tutmadı.
Ermənistanda keçirilən parlament seçkiləri, ABŞ-ın Suriyaya hərbi müdaxiləsi, Rusiyanın Ukrayna və Baltikyanı dövlətlər ətrafındakı təhlükəli manevrləri Dağlıq Qarabağ münaqişəsini arxa plana atdı. Hazırda da Ermənistanda seçkidən sonra yaranmış siyasi gərginlik pik həddədir. Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyasının seçkilərin nəticələrini saxtalaşdırdığını iddia edən müxalif güclər hakimiyyətə qarşı geniş miqyaslı mitinqlərə hazırlaşırlar. Bu və digər məsələlər baxımından hesab etmək olar ki, ehtimal olunan Moskva görüşü Rusiyanın təşəbbüsü ilə baş tutacaq və bu, yenə də Ermənistanı böhrandan çıxarmaq üçün seçilmiş növbəti taktikadır.
Heç Rusiya və ABŞ-ın gündəmini məşğul edən məsələlər, həmçinin digər həmsədr Fransanın prezident seçkilərinə hazırlaşması da bu görüşə olan ümidləri puç edir.
“Rusiyanın təşəbbüsü əlində saxlamasına xidmət edir”Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Cümhuriyət” qəzetinə bildirib ki, görüşdən Azərbaycan üçün müsbət nəticə gözləməyə dəyməz. A.Nağı xatırladıb ki, Rusiyanın münaqişənin həll prosesində Ermənistanın lehinə olan mövqeyi hər kəsə bəllidir: “Baş verən son proseslər də ümid vermir. Ara Abramyanın Moskvada keçirdiyi ad günündə Peskov, Lavrov və Rusiyanın digər rəhbər şəxslərinin iştirakı, Kremldən verilən açıqlamalar da bunu göstərir. Buna görə də belə bir şəraitdə danışıqlardan, belə görüşlərdən müsbət nəticə gözləməyə dəyməz. Amma Rusiya yenə də təşəbbüsü əldən vermək istəmir. Belə görüşlərin həlli də münaqişənin ədalətli həllinə deyil, Rusiyanın təşəbbüsü əlində saxlamasına xidmət edir. Görüşdə Azərbaycanın maraqlarına uyğun reallıqların üzərində dayanılacağı inandırıcı deyil. Rusiya və Ermənistan yenə də bunlardan qaçmağa çalışacaq. Rusiya Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini Azərbaycanın əleyhinə təhrif edir. Ümumiyyətlə, Rusiya münaqişənin həllində maraqlı deyil, mümkün qədər prosesi uzadıb bundan həm Azərbaycan, həm də Ermənistanın əleyhinə istifadə etməyə çalışır. Rusiyanın rəsmi mövqeyi bundan ibarətdir. Belə görüşlər və təmaslar da ancaq, Rusiyanın maraqlarına xidmət edir”.
“Danışıqlar prosesinin yenilənməsi müsbət haldır”Politoloq Qabil Hüseynli “Cümhuriyət” qəzetinə ehtimal olunan Moskva görüşündə müsbət irəliləyişin olacağına o qədər də inanmadığını bildirib. Q.Hüseynli bu baxımdan görüşün nəticəsiz başa çatacağını istisna etməyib: “Danışıqlar prosesinin yenilənməsi müsbət haldır. Silahların danışmasındansa, diplomatların danışması daha yaxşıdır. Amma münaqişə ilə bağlı təklif edilən son planların nə qədər Azərbaycanın maraqlarına cavab verdiyini deyə bilmərəm. Çünki Rusiya və Ermənistan arasındakı son münasibətlər ağıllı və ölçülüb-biçilmiş kompromislərin həyata keçirilməsinə imkan vermir. Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiya açıq şəkildə ermənipərəst mövqe tutmaqda davam edir. Buna görə də belə məsələlərə ehtiyatlı yanaşıram”.
Mənsur Rəğbətoğlu
Tarix: 22-04-2017, 22:52