Deputatları bir az da “sıxışdırmağ”a dəyərmi?..

Deputatları bir az da “sıxışdırmağ”a dəyərmi?.. Yasaqların, məhdudiyyətlərin sayını artırmaq, hər şeyi və hamını dar çərçivələrə salmaq - təəssüf, bu tendensiya Azərbaycanda getdikcə daha qabarıq forma alır.


Daha elə bir azadlıq-filan qalmayıb. Kim olmasa da biz yazarlar bunu hamıdan çox hiss edirik. Amma mənim burada məqsədim ölkədə söz və mətbuat azadlığının durumunu araşdırmaq deyil. Bircə onu deyəcəm ki, daha nə əvvəlki vaxtlarda olduğu kimi söz demək olur, nə də artıq sözün ictimai-siyasi kəsəri qalıb...


Biz yazarlar da daha çox deyinməklə, böyük və ürəkdeşən problemləri qoyub üçüncü-dördüncü məsələlər ətrafında “gəzişmək”lə, necə deyər, iynə ilə gor eşməklə məşğuluq.


Qərəz, başınızı çox ağrıtmayacam. Ötən həftə deputatlarla bağlı yeni qanun layihəsi haqda bir xeyli danışdılar. Məlum oldu ki, hətta deputat cənablarımızın də bugünkü “azadlığı” və “sərbəstliyi” şanlı hakimiyyətə çox görünür, onları hətta indiki parlament də qorxudur.
Bəli, o parlament ki, adam əlini ürəyinin üstünə qoyub “Bax, bu beş deputat həqiqətən də, bütün qaydalara əməl edilərək seçilibdir!” deyə bilmir. Amma nə etmək olar? Görünür, bunlar da azlıq edir və şanlı hakimiyyətimiz bir daha “Heç kimə inanmaq olmaz, çünki insan çiy süd əmibdir” deyərək onsuz da hakimiyyət qarşısında başı aşağı olan cənab deputatlarımızın əl-qolunu bir az da bağlamaq istəyir ki, onlar daha da sədaqətlə öz ağalarına xidmət etsinlər, başlarını bir az da aşağı salıb bir daha necə deputat olduqlarını unutmasınlar...


Yeni yasaqlarda bir detal diqqətimi xüsusilə cəlb etdi. Düzdür, hələ söhbət layihədən gedir və ola bilsin, parlamentdə “müzakirə”lər zamanı ona bəzi düzəlişlər ediləcəkdir.


Amma belə məlum olur ki, parlament rəhbərliyini deputatların gündəlikdən və mövzudan kənara çıxmaları çox narahat edir. Ona görə də ola bilsin, gələcəkdə bu da yasaq ediləcəkdir.


Burada başqa ölkələrdəki təcrübə yadıma düşür. Məsələn, ABŞ Konqresində parlamanların çıxışı üçün hər hansı bir vaxt məhdudiyyəti nəzərdə tutulmur və hər bir konqresmen istədiyi qədər, hətta saatlarla danışa bilər. Bəzən elə olur ki, hər hansı qanun layihəsinin qəbulunu əngəlləmək üçün onlar götürüb saatlarla “İncil”i və yaxud da başqa bir kitabı ucadan oxuyurlar...


Demirəm ki, mütləq bizdə də belə olmalıdır. Amma yada salıram ki, hətta sovetlər vaxtında iclasların gündəlikləri təsdiq edilərkən mütləq ora bir punkt da əlavə olunurdu: cari və yaxud da digər məsələlər...


Bunu ona görə edirdilər ki, kiminsə başqa bir mövzuda sözü, demək istədiyi məsələ varsa, qoy, ürəyindəcə qalmasın, desin... İndi isə məlum olur ki, müstəqil Azərbaycanda deputatlar yalnız bəlli çərçivələrdə və parlament rəhbərliyinin müəyyən etdiyi gündəlik əsasında çıxış edə və ya nəsə deyə bilərlər...


Demirəm ki, bu, biz seçicilər üçün böyük itki olacaqdır. Bilmirəm, bəlkə də hamısı olmasa da, bəzi deputatlar öz seçicilərinin hansısa problemini həll edir və müşkülünü yoluna qoyurlar.


Amma böyük əksəriyyət hətta deputatının adını belə bilmir. Ona görə də deputatların nədən danışmasının və ya necə danışmasının əksəriyyət üçün heç bir önəmi yoxdur. Sadəcə, prinsip söhbəti vardır. Azadlıqlar bir tərəfdən məhdudlaşdırılanda bunun təsiri və sədası tez bir zamanda o biri tərəfə də gəlib çatır. Bizi də məhz elə bu narahat edir...


Həm də dünya təcrübəsi deyilən bir şey var. Hər yerdə deputatlara - parlament üzvlərinə tətbiqən iki anlayışdan istifadə edirlər. Bunlardan biri immunitet, digəri isə indemnitetdir. Birincisi aydındır, o, deputatın ümumi toxunulmazlığını ehtiva edir özündə. İndemnitet isə o deməkdir ki, deputat istədiyi fikri deyə bilər və çıxışlarına görə heç bir hüquqi məsuliyyət daşımır...


Sonuncunu niyə dedim? Cəmiyyəti zəif bilib onun istəklərini, rəyini nəzərə almamaq da olar. Amma beynəlxalq praktika deyilən anlayış da var. Heç olmasa, buna əməl etmək lazımdır...


Nə isə... Atalar “İştah yemək vaxtı gəlir” deyiblər. İndi də bizim hökumətimizə böyük hakimiyyət o qədər şirin gəlir ki, durmadan onun səlahiyyətlərini artırmağa cəhd edirlər.


Amma hər bir tendensiya gec və ya tez özünün əksini doğurur. Görən, hakimiyyət heç bu haqda düşünürmü?..







Hüseynbala Səlimov
Tarix: 25-04-2017, 08:51
Xəbəri paylaş





Xəbər lenti