İbrahim Mehdiyev üçün yolun sonu: - Yasamalda son 10 gündə 3 etiraz aksiyası
Son 2 həftdə prezident İlham Əliyev iki dəfə-həm "Hacı Cavad”, həm də "Ovçular evi” ilə bağlı yaranmış məsələyə şəxsən müdaxilə etməli olub, hər iki halda əhalini narazı salan söküntü işlərini dayandırmaq barədə göstəriş verib; Yasamaldakı qanunsuz tikinti ilə bağlı məsuliyyət Bakı merinin və İbrahim Mehdiyevin üzərində qalıb. Dünən isə Yasamalda daha bir etiraz aksiyası baş tutub, evləri sökülən sakinlər yolu bağlayıblar. Aprelin 15-də prezident İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi” ərazisində yaşayış binasının tikintisinin dayandırılması ölkə gündəmin əsas müzakirə edilən mövzularından biridir.
Xatırladaq ki, tikinti "A-3 Sənaye Tikinti Korporasiyası” adlanan MMC tərəfindən başlanılıb. Şirkəti mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Bu, ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev sərt reaksiya göstərib, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.
Rəsmi məlumata görə, ağacların qanunsuz kəsilməsi ilə bağlı şirkətə ümumilikdə 130 min 760 manat cərimə kəsilib.
Məlum olub ki, şirkət "Ovçular evi”nin ərazisində tikintinin icazəsini Bakı Şəhər İcra Hakimiyyətindən alıb. Hazırda "Ovçular evi” İctimai Birliyinin ərazisində qalan 27 ağacın mühafizəsinin təmin edilməsi üçün "A-3 Sənaye Tikinti Korporasiyası” MMC-yə məcburi göstəriş verilib və ərazi nəzarətə götürülüb. İddialara görə, ərazidə Milli Məclisin deputatları üçün "Böyük Plaza” adlı yaşayış kompleksi, o cümlədən biznes-ticarət mərkəzinin inşa edilməsi planlaşdırılıbmış. İndi əsas diqqətlər tikintiyə icazə vermiş Bakı meri Hacıbala Abutalıbova və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin sonrakı taleyinə yönəlib. Çünki bu qanunsuz əməllərdə əsas məsuliyyət əsasən onların üzərinə düşür.
Dünən isə Yasamal rayonu, Hüseyn Cavid prospektində bu dəqiqələrdə gərgin anlar yaşanıb. Adıçəkilən ünvanda bir müddətdir ki, söküntü işləri ilə bağlı danışıqlar gedirmiş, amma sakinlər onlara təklif edilən qiymətlə razılaşmayıblar. Buna baxmayaraq, dünən axşam saatlarında iş maşınları əraziyə gələrək, binaları sökməyə cəhd ediblər. Bu zaman sakinlərlə söküntü işlərini aparanlar arasında qarşıdurma yaşanıb. Sakinlərin musavat.com-a verdiyi məlumata görə, ərazini almaq istəyən "Olympus Park" yaşayış kompleksinin sahibidir. Həmin şəxs sakinlərin evi üçün ödənişi etmədən evləri sökmək istəyib. Söküntü işlərini aparmağa gələn şəxslər həm sakinlərə, həm də çəkiliş aparmaq üçün əraziyə gələn jurnalistlərə daş atıblar və fiziki güc tətbiq ediblər.
Onu da qeyd edək ki, bir müddət öncə Mikayıl Müşfiqin heykəlinin götürülməsinə də icra başçısı razılıq veribmiş. Belə ki, iddiya görə "Azəravtoyol” ASC rəsmiləri abidənin sökülməsi ilə bağlı şəxsən Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə əlaqə saxlayıblar və bu söküntüyə məhz İbrahim Mehdiyev razılıq verib.
İndi əsas diqqətlər tikintiyə icazə vermiş Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin sonrakı taleyinə yönəlib. Çünki bu qanunsuz əməllərdə əsas məsuliyyət əsasən onun üzərinə düşür. Cənab Prezidentin məsələyə qarışması isə başçını ikiqat qorxuya salıb. Bu səbəbdən yaxın günlərdə Yasamalda ciddi dəyişikliklər olacağı istisna edilmir. //Azxeber.com//
Siam.az
Tarix: 25-04-2017, 16:09