İcra hakimiyyətlərində “təmizləmə” başladı

İcra hakimiyyətlərində “təmizləmə” başladı Hökumət əhalini narazı salan korrupsioner məmurlarla vidalaşır

Bu günlərdə korrpusiyada ittiham olunan Tovuz rayon İcra Hakimiyyəti başçısının müavinin Mahir Həsənov işdən çıxarılıb.Hətta ona qarşı cinayət işinin açıldığı da bildirilir.İcra hakimiyyətlərində yeyinti və korrupsiya ilə bağlı fakt yeni deyil.Bundan öncə Daşkəsən rayon İcra hakimiyyətinin yüksək rütbəli əməkdaşlarının adı neqativ məsələlərdə hallanmışdı.Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin fəaliyyəti ilə bağlı narazılıqlar da gündəmə gəlmişdi.

“Kiçik padşahlar”ın sonu...

Maraqlıdır, müəyyən bir bölgə idarəçiliyini ələ alan icra başçısı və ya onun müavinləri məsuliyyətini bu qədərmi itirib? İstər Bakıda, istərsə də rayonlarda İcra başçılarının iş prinsipləri demək olar ki, bir-birini təkrarlayır. Belə ki, mərkəzi büdcədən rayon büdcələrinə ayrılan vəsait mənimsənilir, əvəzində tikinti-quruculuq adı ilə yerli sahibkarlardan “xərac” toplanılır.Tovuzdan gələn xəbər son vaxtlar əsasən korrupsiya ilə məşğul olan, yeyintiyə yol verən rayon İcra hakimiyyətləri ilə bağlı ciddi tədbirlərin görüləcəyinə əsas verir.Belə görünür ki, neqativ hallara yol verən, idarə etdiyi rayon əhalisini boğaza yığan icra başçılarının “təmizlənməsi” prosesinə başlanılıb.Təmizlənmə kampaniyasının qurbanlarına çevrilənlər ya vəzifələrindən kənarlaşdırılacaq, ya da həbsə göndəriləcəklər.Buna görə də icra başçıları seçim qarşısındadır.Onlar ya xalqa vicdanla, məsuliyyətlə xidmət etməli, ya da vəzifələri ilə vidalaşmalıdırlar.İcra başçılarının xalqa xidmətə başlayacaqlarına isə inam yoxdur.Çünki o posta yiyələnənləri xalqın güzəranı, problemləri deyil, öz mənafeləri maraqlandırır. Sirr deyil ki, müəyyən bölgələrə təyinat alan icra başçıları ölkə rəhbərliyinin etimadını doğrultmaq üçün özlərini gözə soxmağa çalışırlar. Amma bu tip icra başçılarının da fəaliyyəti göz qabağındadır və onların da nə vaxtsa qanadı qırılmış quş kimi “yerə çırpılacaqlar”ı istisna olunmur.

Etibarlı mənbələrdən aldığımız məlumata görə hökumət icra başçılarının fəaliyyəti ilə bağlı təftişə başlayıb.Korrupsiya, rüşvət və digər neqativ olaylarda adları çəkilənlər, rolu olanlar, yeyintiyə yol verənlər barəsində ciddi tədbirlər görlüəcək.Bir sözlə, hakimiyyət icra strukturlarında kadrları yeniləməyə hazırlaşır.Xatırladaq ki, bir müddət əvvəl keçirilən müşavirələrindən birində icra başçılarının fəaliyyətsizliyi tənqid olunmuş, işə məsuliyyətlə yanaşmayan və xalqı narazı salan məmurlara qarşı ölçü götürülməsinin vacibliyi vurğulanmışdı.(Cebhe.info)
Tarix: 25-04-2017, 23:16
Xəbəri paylaş





Xəbər lenti