Vitse-prezidentlər bu il təyin olunacaqmı?
Fevralın 21-də birinci vitse-prezident postuna təyinat olsa da, digər vitse-prezident postlarına təyinatlar hələ yoxdur. Bəzi ekspertlər hesab edirlər ki, digər vitse-prezidentlər bu ilin yayına qədər təyin olunacaqlar. Lakin bu təyinatın hətta bu il olmayacağını düşünənlər də var.Deputat Zahid Oruc “Yeni Müsavat”a bildirib ki, bu məsələ ətrafında müzakirələri anlayışla qarşılasaq da, iki mühüm məqamı nəzərə almaq lazımdır: “Ümumilikdə götürdükdə dövlət idarəçilik sistemində yeniliklər və dəyişikliklər davam etdir. Xüsusilə, 2016-cı ilin əvvəllərində şahidi olduq ki, bir sıra qurumların birləşdirilməsi və yenilərinin yaradılması, ümumən idarəetmə sisteminin optimallaşdırılması prosesi daha intensiv şəkildə getdi. Bundan sonrakı dövrdə bir sıra qurumların “publik hüquqi şəxslər”ə çevrilməsinin şahidi olduq. Bunun da mənası odur ki, özünün iqtisadi yaşarlığını təmin edə bilməyən qurum ləğv edilməyə məhkumdur. Gördüyünüz kimi, bu gün tələbə qəbulu üzrə qurum, maliyyə nəzarəti funksiyasını həyata keçirən orqan və digərləri təqdim etdikləri xidmətin hesabına ictimai maliyyələşmədən keçirlər. Nəticədə isə özlərinin fəaliyyətlərini təmin edirlər. Yalnız büdcə vəsaitləri hesabına bunlar baş verə bilməz. Vitse-prezidentlik institutu da yeni bir fenomendir. Etiraf etmək lazımdır ki, bu, əsasən Qərb dövlətlərində özünü göstərib. Bir çoxları bunun tətbiqi ilə bağlı avtomatik “digər qurumlar fəaliyyətlərini necə həyata keçirəcəklər?”, “burada siyasi ağırlıq mərkəzi hansı qurumların üzərinə düşəcək?”, deyə, sorğu ətrafında təhlillər aparmaqdadırlar. Heç bir media orqanlarına, düşüncə mərkəzlərinə də bunu qadağan etmək olmaz”.
Deputat bildirib ki, konstitusiyada aparılan dəyişikliklərdə “vitse-prezidentlər” deyə qeyd olunub
: “Konkret olaraq burada say göstərilməyib və onların təyinatı da bilavasitə ölkənin rəhbəri vasitəsi ilə baş verir. Hesab edirəm ki, burada zaman məsələsindən daha çox siyasi məqamın, idarəetmə tələbinin, hər bir atılan addımın, dəyişikliyin cəmiyyət üçün önəmi əsasdır. Eyni zamanda idarəetmə sistemində qarşıya qoyulan vəzifələrə nail olmaq məsələsi də önəm daşıyır. Yəni parametr budur. Hər hansı təsisatı formalaşdırırsansa, bunun üçün ən önəmli vəzifə cəmiyyətin gözləntilərini doğrultmaqdır. Bu gün görülmüş böyük işlərlə, quruculuq tədbirləri ilə Azərbaycanın milli maraqlarının regional və beynəlxalq miqyasda uğurla təmsil olunması ilə yanaşı, son bir ilin özünə məxsus iqtisadi çətinlikləri də var. Bunu hər birimiz bilirik. Ona görə də yeni yaradılacaq hər hansı bir qurum, yaxud da təyin olunacaq vitse-prezident idarə edəcəyi sahə ilə bağlı addımların daha da intensivləşməsinə, problemlərin həllinə təsir göstərməlidir. Hesab edirəm ki, cənab prezident üçün bu məqam önəmlidir. Şəxslərdən daha çox ölkənin mənafelərindən çıxış edərək, addımlar atılmaqdadır. Bu, birbaşa dövlət rəhbərinin səlahiyyətində olan məsələdir. Bir parlament üzvünün bu təyinatlarla bağlı konkret açıqlama verməsi, çətindir”.
Əli Rais
Tarix: 26-04-2017, 08:01