Yaxın vaxtlarda parlamentin iclarının birində “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
Qanun layihəsi qəbul olunarsa, deputatlar səsləndirdikləri qeyri-etik ifadələrə görə mandatından məhrum olunacaq.
Qanun layihəsi lakonik şəkildə hazırlanıb və 13 maddədən ibarətdir. Sənəddə göstərilib ki, hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur. Qanun layihəsində göstərilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan kobud, təhqiramiz sözlərə yol verməməlidir.
Deputat öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır. Deputat vətəndaşlarla, o cümlədən seçiciləri, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli, həssas və təmkinli olmalıdır.
Deputat qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir. O, öz səlahiyyət müddətində maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Bildirilib ki, etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin İntizam komissiyası tərəfindən həyata keçirilir. İntizam komissiyası deputatın etik davranış qaydalarına riayət etməsi uyğunluğuna nəzarət edir, bu qaydalar üzrə rəy və tövsiyələr verir, qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görür.
Komissiya, eyni zamanda, deputatın etik davranış qaydalarına riayət etməsi məsələlərinə dair mütəmadi ümumiləşdirmələr aparır, bu məsələlərlə bağlı məruzələri və tövsiyələri Milli Məclisin sədrinə təqdim edir, qaydaların tələblərinin pozulması halları ilə bağlı müraciətlərə baxır. Həmçinin qaydaları pozmuş deputatlar barəsində intizam tədbirlərinin görülməsi haqqında qərar qəbul edir. Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumat verilir.
Bununla yanaşı, Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik də təklif edilir.
Nizamnamənin 46-cı (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına tətbiq edilən intizam tədbirləri) maddəsinə yeni bənd əlavə edilir.
Belə ki, mövcud qanunvericiliyə əsasən, hazırda Milli Məclisin deputatına xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi kimi intizam tədbirləri tətbiq edilir. Bundan sonra deputatın mandatdan məhrum edilməsi də təklif olunur.
Deputat parlamentin və onun komitə və komissiyalarının iclaslarının aparılmasına mane olduqda parlamentin sədri həmin deputat haqqında məsələni İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə 2 həftə müddətində baxıb, müvafiq rəy qəbul edir. Parlament növbəti iclasında həmin rəy müzakirə edilir. Parlament deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir.
Deputat Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə parlamentin sədri həmin deputat haqqında məsələni Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə iki həftə müddətində baxıb deputata töhmət verə bilər və ya deputatın etik davranış qaydalarını kobud surətdə pozduğu qənaətinə gəldikdə deputatın mandatdan məhrum edilməsi barədə rəyini Milli Məclisin müzakirəsinə çıxara bilər. Milli Məclisin növbəti iclasında həmin rəy müzakirə edilir. Parlament deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir.
Eyni məzmunlu dəyişiklik Seçki Məcəlləsində də edilir. Belə ki, Məcəllənin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə bənd əlavə olunur.
Bütün bunlarla belə, deputatlar malik olduqları üstün imtiyaz və səlahiyyətlərdən məhrum olmayacaqlar. Onların həyat şəraitlərindən tutmuş, aldıqları maaş, dövlət tərəfindən təminatlarına qədər.
Hamıya bəllidir ki, parlamentin deputatları qanunvericiliklə müəyyən edilmiş qaydada bir çoxlarından fərqlənir. Birincisi, Konstitusiyanın 90-cı maddəsinin I bəndinə əsasən deputatlar toxunulmazlıq hüququna malikdir.
Belə ki, Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula bilməz. Onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
Milli Məclisin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda isə Milli Məclisin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Baş prokuroruna xəbər verməlidir.
Bunlar millət vəkillərinin Konstitusiyada təsbit olunmuş hüquqlarının ümumiləşdirilmiş mənzərəsidir.
Daha da detallara varmaq üçün isə digər qanunvericilik aktlarına nəzər salmaq kifayətdir ki, deputatların hansı üstün imtiyaza malik olduğunu görəsən.
“Milli Məclisin deputatının statusu haqqında” qanun deputatın səlahiyyətlərini və vəzifələrini müəyyən edir, deputatlıq fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi və sosial təminatları nəzərdə tutur.
Dövlət təhlükəsizliyi, xidməti silah, şahid kimi ifadə verməkdən imtina... Qanunun 12-ci maddəsinə görə, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ var. Zəruri hallarda onun təhlükəsizliyi təmin edilir.
Eyni qanunun 13-cü maddəsinə görə isə deputat şahid qismində istintaqa ifadə verməkdən imtina edə bilər. Belə ki, deputatlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ona məlum olmuş hallar haqqında cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada şahid qismində ifadə verməkdən imtina etmək hüququna malikdir.
Həmin qanunun 14-cü maddəsində isə qeyd edilib ki, deputat Azərbaycanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının vəzifəli şəxsləri tərəfindən təxirə salınmadan qəbul edilməlidir.
Nəqliyyat vasitələrinə minmək üçün növbədənkənar üstünlük
Maraqlıdır ki, qanuna görə, deputat nəqliyyat vasitələrindən də istifadə hüququnda da adi şəxslərdən fərqlənirlər. Qanunun 25-ci maddəsində göstərilib ki, deputat Azərbaycan ərazisində dövlət mülkiyyətində olan dəmir yolu, hava, avtomobil, su nəqliyyatında, gediş-gəliş sənədlərini növbədənkənar əldə etmək hüququndan istifadə edir.
Həmçinin deputatlıq fəaliyyəti ilə bağlı Bakı şəhərinin hüdudlarından kənara gedən deputat nəqliyyat vasitəsi ilə təmin edilir.
Millət vəkillərinin mənzil təminatı da qanunvericilikdə öz əksini tapıb. Belə ki, Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Milli Məclisin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir.
Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır.
Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir.
“Deputatların statusu haqqında” qanunun 21-ci maddəsində göstərilib ki, deputat hər ay vəzifə maaşı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır.
Bununla yanaşı, deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır.
Söhbət hansı vergilərdən gedir? Məsələ ilə bağlı Modern.az saytına Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli açıqlama verib. Tahir Kərimli deputatlıq səlahiyyətinin yetirilməsinə görə, deputatların vergilərdən azad olunduğunu bildirib. “Hər bir əmək haqqı alan şəxslərdən gəlir vergisi tutulur. Milli Məclisin deputatları da eyni zamanda gəlir vergisi ödəyir. Deputatlıq fəaliyyətini yerinə yetirmək üçün deputata müəyyən miqdarda pul ayrılır.
Əmək haqqından tutulan vergilər isə deputatın səlahiyyətlərini yerinə yetirilməsinə görə ondan tutulmur. Çünki bu birbaşa deputatlıq fəaliyyəti ilə bağlıdır. Buna deputatın aid seçildiyi əraziyə getməsi, görüşlər keçirməsi, qəbulların aparılması və s daxildir. Ona görə də əmək haqqından tutulan vergi həmin müavinətdən tutulmur”. Tahir Kərimli deyib ki, nümayəndəlik səlahiyyəti dedikdə, deputatın Milli Məclisdə təmsil olunması başa düşülür.
“Deputat xalqın elçisidir. Xalq onu seçir ki, nümayəndəlik səlahiyyəti ilə parlamentdə təmsil olunsun.
Yaxud da gedib ərazilərdə həmin nümayəndəlik funksiyalarını yerinə yetirsin. Onunla bağlı deputatlara 2 aylıq müavinət adətən yay aylarında verilir. Həmin pulla deputat müalicə ala və istirahət də edə bilər".
Azərbaycan Milli Məclisinin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılırlar.
Nizamnaməyə görə, tətil bitdikdən sonra Milli Məclisin komitələri işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirir.
Fevral ayının 1-də parlamentin yaz sessiyasının ilk iclası keçirilir. Yaz sessiyası mayən 31-dək davam edir.
Bəs deputatlar tətil müddətində hansı təminatlardan yararlana bilərlər? Sözügedən qanuna əsasən, Milli Məclis üzvlərinə diplomatik pasport verilir. Bəzi deputatların tətil zamanı xarici ölkəyə getdiyini nəzərə alsaq, deyə bilərik ki, diplomatik pasportla bu, daha da asan başa gəlir.
Tətil zamanı müalicə və ya istirahət üçün deputatlara verilən pulun məbləği elə də az sayıla bilməz.
Belə ki, “Deputatın statusu haqqında” qanunun 29-cu maddəsinə əsasən, Milli Məclis tətilə buraxıldığı vaxt parlament üzvlərinə məzuniyyət verilir.
Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.
Qeyd edək ki, hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2250 manatdır. Parlament sədrinin birinci müavini isə spikerin aylıq vəzifə maaşının 90 faizini, Milli Məclis sədrinin müavini - 85 faizini alır. Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi miqdarında aylıq məvacib alır.
Sadə riyazi hesablama aparsaq, görərik ki, sıravi deputatın aylıq vəzifə maaşı 1575 manat təşkil edir.
Deməli, hansısa sıravi deputat tətil zamanı müalicə ya da istirahət üçün xaricə üz tutursa (ya da ölkə daxilində müalicə alırsa, istirahət edirsə) o, 3150 manat müavinət alır.
Komitə və komissiya sədrləri, onların müavinlərinə verilən məbləğ isə daha yüksəkdir…
Aqşin KƏRİMOV
Tarix: 26-04-2017, 09:01