“Kadırov həm Rusiya cəmiyyətini, həm də Kremli bezdirib” - Hikmət Hacızadə

“Kadırov həm Rusiya cəmiyyətini, həm də Kremli bezdirib” - Hikmət Hacızadə Son zamanlar dünyanın super gücü ABŞ-la gərgin münasibətlərini yaşayan, sanksiyalara məruz qalsa da, geri çəkilməyən, üstəlik, Xəzər sularında, Ermənistan səmasında hərbi təlimlər keçirən şimal qonşumuzla bağlı daha bir iddia ortaya çıxıb.

İsrail politoloqu Avram Şmuleviç “Politeka” portalına müsahibəsində deyib ki, Rusiya Qafqazda yeni müharibə başlada bilər. (axar.az). Ekspert artıq Moskvanın Çeçenistan lideri Ramzan Kadırovu diktator kimi göstərməyə başladığına diqqət çəkib. “Qafqazda artan gərginliklər, özəlliklə, Dağıstanda yük avtomobilləri sürücülərinin aktiv etirazları fonunda Kreml vətəndaşların diqqətini Kadırova yönəltmək və rusiyalıların böyük hissəsinin nifrət etdiyi şəxsi öz postundan götürmək istəyir. Artıq Çeçenistanda öldürülən geylərlə bağlı mövzu ortaya çıxıb. Hər kəs gözəl bilir ki, Çeçenistanda insanlar çoxdan və tez-tez öldürülür. Moskva artıq Dağıstandakı etirazçılara qarşı hərbi texnikadan da istifadə edib. Kreml üçün Şimali Qafqazda güclü xalq hərəkatının peyda olması, onun terrorçu fəaliyyətlərdən çəkinərək, iqtisadi və milli-azadlıq şüarları səsləndirməsi kabusdur. Əgər qafqazlılar bunu edə bilsə, bu, Rusiya hakimiyyətinin sonu olacaq” deyə, o bildirib.


Qeyd edək ki, ötən il də Çeçenistan prezidenti Ramzan Kadırovla bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olmuşdu. Hətta o zaman Kreml Kadırovun hakimiyyətdən getmək istəyi ilə bağlı açıqlama vermək məcburiyyətində qalmışdı. Bildirilmişdi ki, Çeçenistan prezidenti postuna kiminsə təyin olunması hələlik müzakirə olunmur, çünki R.Kadırov səlahiyyət müddətinin başa çatmasını gözləməlidir. Bundan başqa, bu məsələ üçün Rusiya prezidentinə müraciət olunmalıdır və yalnız onun qərarından sonra Çeçenistanın rəhbərliyi müəyyən oluna bilər. “Ümumilikdə Rusiya regionlarının rəhbərlərinin işlərinin səmərəliyi və onların qiymətləndirilməsi yalnız Rusiya prezidenti Vladimir Putinin mülahizə və son qərarından asılıdır” deyə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kadırovla bağlı suala belə cavab vermişdi. Ancaq o da vurğulanmışdı ki, Çeçenistanda prezident seçkiləri zamanı Ramzan Kadırovun adının prezidentliyə namizədlər siyahısında olmaması ölkədə sabitliyi pozmayacaq. Xatırladaq ki, Çeçenistan rəhbəri Rusiya telekanalına müsahibəsində hakimiyyətdən getmək istədiyini bildirmişdi. Onun sözlərinə görə, o, adının xalqına qarşı istifadə olunmasını istəmir. Odur ki, vəzifəsindən getmək vaxtı çatdığını hiss edir və yerinə başqa bir insanın təyin olunması üçün ölkə rəhbərliyinə bununla bağlı müraciət də edib. Üstündən bir il keçəndən sonra yəhudi ekspertin mövzunu aktuallaşdıran açıqlama verməsi maraqlıdır.


Politoloq Hikmət Hacızadə gündəmdəki müzakirələri əsassız saymadığını bildirdi: “Putinin Kadırovu devirmək planı olmasa da, görünür, o, həm Rusiya cəmiyyətini, həm də Kremli bezdirib. Odur ki, lap devirməsələr də, ram etməyə çalışacaqlar. Geniş xalq hərəkatı haqqında isə danışmaq hələ tezdir”. H.Hacızadə Azərbaycan sərhədlərini də əhatə edə bilən hər hansı hərbi əməliyyatların keçirilməsi ehtimalını real saymadı: “Hələ ki mən belə plan görmürəm. Əməliyyat kimə qarşı keçiriləcək? Orda hamı susdurulub hələ ki. Nə vaxt real kütləvi etirazlar başlasa, onda müzakirə edərik”.


“Doğrusu, İsrail politoloqunun nəyə əsaslanaraq belə bir qənaətə gəldiyinin izahını verməyə çətinlik çəkirəm. Ola bilsin ki, bu, Şimali Qafqazda baş verə biləcək hadisələrin anonsunu verməyə imkan yaradan hansısa kəşfiyyat materialları ilə bağlıdır. Yaxud Rusiyanın müvafiq qurumları öz nüfuz müvəkkillərinin vasitəsilə Şimali Qafqazdakı rejimləri sıxmaq üçün ictimai rəyi formalaşdırmaq istəyir”.




Bunu isə politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Siyasi şərhçi xatırlatdı ki, Şimali Qafqaz Rusiyanın ən zəif nöqtəsidir: “Ölkənin parçalanmasına yönəlmiş proseslərin məhz bu bölgədən başlaya biləcəyi ehtimalı hər zaman var. Rusiyanın digər federal subyektlərindəki demoqrafik vəziyyət Şimali Qafqazdakından çox fərqlidir. Bu baxımdan, diqqətin Şimali Qafqazda cəmlənməsi üçün kifayət qədər əsas var”. Ramzan Kadırova gəldikdə isə E.Mirzəbəyli qeyd etdi ki, onun Moskva üçün hansısa problemlər yaratdığını, yaxud yarada biləcəyini düşünmür: “Kadırovun Çeçenistanı necə idarə etdiyini Moskva hər kəsdən daha yaxşı bilir. Əgər onun dəyişməsinə ehtiyac olsaydı, heç bir ictimai dəstəyi olmayan bu şəxsi çoxdan dəyişərdi. Problem orasındadır ki, Şimali Qafqazda baş verə biləcək istənilən hərəkatın radikal-dini müstəvidə cərəyan etməsi ehtimalı daha çoxdur. Burada hər hansı bir sivil, dünyəvi, demokratik prosesdən söhbət gedə bilməz. Bu baxımdan, Şimali Qafqazda sabitliyin olması təkcə Rusiyanın deyil, həm də digər region dövlətlərinin də marağındadır”.


Cavid TURAN
Tarix: 27-04-2017, 09:02
Xəbəri paylaş





Xəbər lenti