Azərbaycanlı politoloqdan Zaxarovanın təhqirinə MÜNASİBƏT

Azərbaycanlı politoloqdan Zaxarovanın təhqirinə MÜNASİBƏT "Hazırcavab Zaxarovanın bu suala cavabı olmadığı üçün mediamızı təhqir edir. Hikmət Hacıyev və Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov reaksiya verməlidirlər"

Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya XIN-in mətbuat katibi Mariya Zaxarovanın Azərbaycan mediasını təhqirini şərh edərkən deyib. Elxan Şahinoğlu bildirib ki, Rusiya XIN-nin mətbuat katibi Mariya Zaxarova Azərbaycan saytlarından birində hansısa yazını əlində bayraq edərək bütün mediamızı təhqir edib: "Videonu izlədim. Mariya Zaxarova mediamızın ünvanına “qaba” ifadəsini 5-6 dəfə təkrarlayıb. Mariya Zaxarova nəinki bir neçə dəfə təhqirlərini təkrarlayıb, Azərbaycanı şantaj etməkdən də çəkinməyib. Görünür, Zaxarovaya o toxunub ki, Azərbaycan mediası Rusiyanın iki vətəndaşına Moskvanın fərqli münasibətindən yazıb. Necə olur ki, Moskva Rusiya vətəndaşı olan Lapşinin azad olunması üçün dəridən qabıqdan çıxır, ancaq separatçıların əsarətində olan Dilqəm Əhmədovun azad olunmasını üçün heç nə etmir? Bu açıq-aşkar ikili standartlardır".

Politoloq qeyd edib ki, Mariya Zaxarovanın azərbaycanlı həmkarı Hikmət Hacıyev və Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov reaksiya verməlidirlər: "Azərbaycan mediasını ünvansız olaraq təhqir edirlər, “qaba” adlandırırlar, kimsə Zaxarovaya cavab verməyəcəkmi? Rusiya xarici işlər naziri Sergey Lavrova sual verən azərbaycanlı jurnalisti bizimkilər işdən çıxartdılar, indi də Lavrovun işçisinə sual verən bir başqa jurnalistimizin sualını ağzında qoyaraq təhqir etdilər. Bizi təhqir edənlər Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirərlərmi?"

AFN.az
Tarix: 27-04-2017, 23:56
Xəbəri paylaş





Xəbər lenti