İnsanlar bir qayda olaraq nəyisə zərurət olduğu üçün, ya da sadəcə, buna vərdiş etdikləri üçün edirlər. Qəribədir ki, ölkədə hakimiyyətin son vaxtlarda qəbul etdiyi qərarlara baxanda görürsən ki, sanki durmadan yasaqları artırmaq və ya yeni məhdudiyyətlər tətbiq etmək onun üçün də bir vərdişə çevrilibdir Elə bil cəmiyyətin etinasızlığı, real müxalifətin yoxluğu hakimiyyəti yeni məhdudiyyətlərə ruhlandırır, yeri gəldi-gəlmədi, hakimiyyətin sferasını genişləndirir, onun rolunu və çəkisini artırır, digərlərinə münasibətdə isə yalnız və yalnız məhdudiyyətlər və yasaqlar tətbiq edirlər...
BİLİRİK Kİ, ƏSL PARLAMENT DEYİL, AMMA YENƏ DƏ... Bəli, deputatların etik davranışı ilə bağlı hazırlanan yeni qanun layihəsi haqqında düşünürkən ağlımıza gələn ilk fikirlər bunlar oldu.
Azərbaycan parlamenti özündə nəyi ehtiva edir,- bu hamıya bəlli bir məsələdir. Əksər hallarda bu institut ilə hakim partiyanın ali məclisi arasında qətiyyən fərq qoymaq olmur. Düşünürsən ki, bəlkə də hakim partiyanın məclisinin üzvlərinə daha çox azadlıq və ya sərbəstlik verilir nəinki bizim parlament üzvlərinə...
Üstəlik, ölkədə “seçki”lər də elə bir şəkildə aparırlır ki, əllərimizi ürəyimizin üstünə qoyub deyə bilmirik ki, bax, 125 deputatdan ən azı 5 nəfəri bütün qaydalara və ya demokratik prosedurlara uyğun seçilib...
Ona görə də bu yazının ilk cümlələrini oxuyanların bəzisi dərhal deyə bilər ki, əcəba, heç deputatlar üçün narahat olmağa dəyərmi? Məgər bu adamlarla icra məmurları arasında hər hansı fərq varmı?..
Təəssüf, belə deyənlər də tamam haqlı olacaqlar. Amma bir məsələ var. Ən azı bəzi məsələlərin formal tərəflərini gözləməliyik. Necə ki, deputatları birbaşa təyin etmirik və gözdən pərdə asmaq xatirinə hətta parlament “seçkisi” təşkil edirik, yəni formal prosedurları gözləyirik. İndi də həmin o formal tərəfləri gözləməyimizə ehtiyac var...
BAŞQA ÖLKƏLƏRDƏ DƏ PARLAMENT VAR AXI...Məsələ bundadır ki, bütün dünyada parlament üzvlərinə tətbiqən iki anlayışdan istifadə edilir. Bunun biri immunitet, digəri isə indemnitetdir. Birincisi özündə deputatın ümumi toxunulmazlığını ehtiva edir. İkincisi isə o deməkdir ki, deputat parlamentdə etdiyi çıxışlara və söylədiyi fikir və bəyanatlara görə hüquqi məsuliyyət daşımır...
Əcəba, bəs yeni layihə nə vəd edir? Təsəvvür edin, deputat üç töhmət alarsa mandatdan məhrum edilə bilər! Halbuki dünyanın əksər ölkəsində hətta deputatların geriyə çağırılma mexanizmi yoxdur. Bunları ona görə edirlər ki, deputatlar maksimum dərəcədə sərbəst olsun, hətta öz seçicilərindən də asılı olmasınlar...
Amma Azərbaycanda nə baş verir, daha doğrusu, nə planlaşdırılır? Deputata mandatı ən azı nəzəri olaraq seçicilər verir. Amma onu həmin mandatdan hansısa intizam komissiyası və yaxud da ki, etika komisiyası məhrum edir! Gülməlidir, deyilmi?..
HEÇ KİMƏ İNANMIRLAR...Niyə belə edirlər? Hakimiyyət nədən narahatdır? Axı əvvəldə dedik ki, bizim deputatlarımızın “seçki”si adi məmurların təyinatından bir elə də fərqlənmir. Üstəlik, ötən il referendumda ali icra hakimiyyətinə hətta parlamenti buraxmaq səlahiyyəti də verildi!..
Doğrudanmı, bütün bunlar Azərbaycanda artıq yetərincə idarə olunan və getdikcə formal struktura çevrilən parlamenti nəzarətdə saxlamağa imkan vermir? Hakimiyyət nədən ehtiyat edir?..
Səmimi şəkildə etiraf edirəm ki, bəndəniz bu suallara cavab verməkdə tamam acizdir. Hakimiyətin məntiqini yalnız bircə cümlə ilə ifadə etmək olar: o, artıq heç kimə etibar etmir, bəli, düşünürlər ki, heç kimə etibar etmək olmaz, çünki insan, necə deyər, çiy süd əmib... Burada başqa bir arqument tapmaq sadəcə, mümkün deyil.
Düzdür, hətta bunu da kimsə “məntiq”li bir yol kimə yoza bilər, çünki əgər təyin olunan deputatlardan dönük çıxanlar olursa, niyə deputatlar arasında da belələri olmasın? Formal baxımdan onlar da haqlı olarlar.
Di gəl ki, bütün sürprizləri, həyatın bütün fors-major situasiyalarını nəzərə almaq istəsən, özünü əbədi olaraq sığortalamağa çalışsan onda hakimiyyət üçün ən yaxşı yol birdəfəlik parlamenti ləgv etmək deyilmi? Biz ingilis deyilik ki, parlament olmadan keçinə bilməyək! Lazım gələrsə, elə parlamentsiz də dünyanın ən öncül ölkələrindən biri ola bilərik! Düz demirəmmi?..
HƏTTA SOVETLƏRİN VAXTINDA...Nə isə... Bir ironiya idi bu. Qayıdat əsas məsələyə. Təsəvvür edin, layihədə deputatların çıxışlarının da çərçivəyə salınması meylləri sezilir. Məsələn, danışarkən müzakirə olunan mövzudan kənara çıxmaq məqbul sayılmır! Halbuki, tutaq, ABŞ Konqresində deputatların çıxışları üçün hər hansı reqlament, zaman məhdudiyyəti və ya başqa bir şey nəzərdə tutulmur. Hətta bəzən konqresmenlər qəbulunu əngəlləmək istədikləri qanunların müzakirəsi zamanı götürüb saatlarla sevdikləri romanı və yaxud da “İncil”i oxuyurlar...
Demirik ki, deputata çıxış üçün qeyri – məhdud vaxt verilsin. Yox, bunu iddia etmirik. Amma ki, hətta sovet dövründə də iclasların gündəlikləri təsdiq olunarkən ora mütləq bir punkt da əlavə olunurdu: cari və yaxud gündəlik məsələlər... Hesab olunurdu ki, insanlar bilavasitə gündəliklə bağlı olmayan məsələlərə də toxuna bilərlər.
İndi nə olubdur? Bizim şanlı parlamentimiz SSRİ-nin sovetlərindən də geri və hüquqsuz olacaqlarmı? Doğrusu, nə “hə” deyə bilmirəm, nə də “yox”! Ona görə “hə” deyə bilmirəm ki, bir az əvvəldə ərz etdim ki, biz ən azı bəzi formal tərəfləri gözləməliyik, yaxından olmasa da, ən azı bir az uzaqdan baxanda bizim Milli Məclis də parlamnetə oxşamalıdır...
Di gəl, “yox” da deyə bilmirəm, çünki qatar çoxdan gedib, bu ölkədə parlamenti nə qədər “budamaq” mümkündürsə, onu ediblər. Amma ki, görünür, bu hələ azlıq edir, “budanma” prosesi bir az da gedəcək, çünki heç kimə, o cümlədən də az qala öz əlinlə təyin etdiyin deputatlara belə etibar yoxdur. Axı bir az əvvəldə dedim ki, insan çiy süd əmibdir...
Hüseynbala Səlimov, istiqlal.az
Siam.az
Tarix: 28-04-2017, 07:28