Siyasiləşmiş şoular, şoulaşmış siyasilər: Biri Rəsulzadəni təhqir edir, biri Elçibəyi qaralayır...

Siyasiləşmiş şoular, şoulaşmış siyasilər: Biri Rəsulzadəni təhqir edir, biri Elçibəyi qaralayır... Yeniyetmə yaşlarımızda tez-tez eşidirdik ki, siyasət bir oyundur və dövlət rəhbərlərini, məmurları hansısa gözəgörünməz “dirijor çubuğu” idarə edir. İpə-sapa yatmayanlar da o “çubuqla” cəzalandırılır. Amma bu gün dünyamız elə bir hala gəlib ki, hakimiyyətdə olanların az qala hamısı vəzifəsində qalmaq və bunun naminə ən ağır təlimatlara belə getmək istəyirlər – “çubuğa” özləri meyl edirlər. Çünki dünyada hakimiyyətlərlə xalqlar arasındakı uçurum getdikcə dərinləşir, gərginləşir və hələ ki, hakimiyyətlər qalib kürsüsünə qalxırlar. Çünki hansı oyundan desən çıxırlar: yalançı pafos, saxta gülüş, əttökən emosiya.

Soruşanda da deyirlər ki, bütün bunlar protokol qaydalarıdır. Bu gün də məhz o protokol qaydalarına görə Azərbaycan və Ermənistan rəsmiləri görüşəndə mütləq jurnalistlərin üzünə gülməli və mehribanlıq nümayiş etdirməlidirlər. Ən böyük oyunlar da məhz bundan başlayır. Yeni əsrin böyük dövlət başçılarına baxanda da onların ya özlərini, ya da xalqı axmaq yerinə qoyduqları aşkar görünür. Bir prezident öz arvadına ər axtarır, birinin sevgilisi əxlaqsız şəkillər yaymaqla məşhurlaşır, biri gey olmağı ilə fəxr edir, biri kütləvi qırğın törədib sonra yanlış yapdığını deyir, biri hansısa Şərq ölkəsində kimyəvi silah olduğunu deyib o ölkəni tari-mar edir, sonda isə o ölkədə belə bir silah olmadığını “təəssüflə” vurğulayır.

Dünya rəhbərliyində daha çox axmaq maneralı, səfeh taktikalı siyasətçilər təmsil olunur. Bu gün Şimali Koreya prezidenti Kim deyir ki, nüvə silahını işə salacağam, Obama deyirdi ki, hakimiyyəti dövründə ən böyük səhvi İraqa hücum idi, İsrail “İŞİD məğlub olmamalıdır” deyir... Hələ mən Şərq ölkələrində hər gün milyardlarla gəlir götürən ərəb şeyxlərini demirəm – qızıl təyyarə və “Limuzin”lər, nəhəng adalar, hər gün süfrələrdə artıq qalan, zibilliklərə atılan tonlarla düyü və ət. Çox qəribədir, qonşu ölkələr, eyni din və millətdən olan ərəblər acından ölür, digər ərəblər isə imarətlərdə özlərinə cənnət qururlar. Bəli, bu, “dirijor çubuğu”nun məharətidir. Bu gün dünya siyasi oyununa görə kimsə hakimiyyətə qarşı çıxa bilməz. Nəinki Şərqdə, hətta Qərbdə də bu gün etirazçıları istəmirlər, siyasi xəttin əleyhinə olan aksiyaları zor tətbiq etməklə yatırırlar. Təcrübə də onu göstərir ki, belə hallar ya dünya müharibəsi öncəsi, ya da nəhəng iqtisadi böhran dönəmlərində baş verir.

Müxalif fikir söyləyənlərə siyasi meydan verilmir, əsl həqiqətlərin insanlara çatdırılmasını istəmir dünya rəhbərləri. Müxalifət olmasa, ölkələrdə demokratiya, azadlıqlar olmaz. Hakimiyyətdə olanlara nəzarəti müxalifət yerinə yetirir. Amma müxaliflər zərərsizləşdirildikcə, həbsə atıldıqca, anarxiya baş qaldırır, məmur özbaşınalığı, korrupsiya, dərəbəylik olur. Hakimiyyətə qarşı etiraz səsi ucaldanların gözdən salınması, təhqir edilməsi, alçaldılması mütləq ağır nəticələrə səbəb olur və ölkəni inkişafdan saxlayır. Azərbaycan da dünyanın bir parçasıdır. Bizdə elə bir sistem formalaşdırılıb ki, müxalifətçiyə ermənidən daha təhlükəli baxırlar. İnsanlar sadə həqiqəti anlamır ki, müxalifətçilik əslində hakimiyyətin səhvlərini dilə gətirmək, idarəetməyə nəzarət etməkdir.

Bəs bizdə necədir? Bizdə tutaq ki, Qasım kişi özünü müxalifət elan edib meydana girir, hər addımda çirkaba bulaşan, millətin qanını soran məmurları tənqid atəşinə tutur, insanları etiraza səsləyir. Dərhal onun qohum-əqrabasını işdən çıxarırlar, hər şeyini əlindən alırlar, gözdənsalma kampaniyasına start verilir. Bu kampaniyada nə polis, nə məhkəmə, nə də icraedici digər orqanlar ədalətli qərar verə bilər. İnsanlarımızın da siyasi dünyagörüşü hələ o dərəcədə deyil ki, baş verənləri çözsün. Təsəvvür edin ki, sərt bir məqalə yazıram və bütün mətbəələrə tapşırılır ki, qəzetimizi çap etməsinlər, efirlər dəvət etmir, heç bir qəzet, sayt açıqlamamı yaymır və hər axşam haqqımda hədyanlar verib efirdə deyirlər ki, gəlib izahat versin. Getmək istəyirəm, məni efirə buraxmırlar, amma “dediyimiz doğru olduğu üçün qorxdu, gəlmədi” deyirlər. Bu minvalla bir gün insanlar bu intensiv oyunları həqiqət bilir, gözlərindən düşürəm.

1998-99-cu illərdə də, 2003-2004-cü illərdə də hətta ən yaxın qohumlarım belə məndən uzaq durdular ki, bəs sən müxalif qəzetdə işləyirsən. Halbuki o qəzetdə siyasi mövqe ortaya qoymurdum, sadəcə astroloji proqnoz verirdim. Amma müxalifət sözünə hökumət mediasının düşmən enerjisi yükləməsi mənim də bəzi qohumlarıma inandırıcı gəlmişdi, deyəsən. Azərbaycanda necə müxalifət yoxdur ki, 5 ildən bir olan seçkidə gündə 5 dəqiqə danışmağa imkan verilmir, sərbəst aksiyalar qadağandır, adicə sosial şəbəkədə bir “status” yazan kimi gəlib evindən həbs edirlər. Müxalifət təkcə hakimiyyətə gəlmək istəyən qüvvələr demək deyil, müxalifət hökumətin apardığı siyasətdən narazı olanlardır. Bu gün nə qədər insanımız bu siyasətdən razıdır ki?! Nə isə... İlk siyasi şounu 1991-ci ildə Boris Yeltsinlə Nursultan Nazarbayev Bakıya - hakimiyyət böhranını yatırtmağa gələndə gördüm. Prezident Aparatında müxalifətlə aparılan görüşdə əsas detallar qaldı bir tərəfdə, hamı Etibar Məmmədovun "cəsarət" göstərib Yeltsinin qarşısında siqaret çəkməsindən danışdı. Daha sonralar Nemət Pənahlı şou qəhrəmanına çevrilib rabitəsiz və məntiqsiz monoloqları ilə MM-i sınmış karyerasını dirçəltmə meydanına çevirdi.

Elçibəy haqqında "Peyğəmbər səviyyəsinə qaldırmışdılar" dedi. Siyasi şouların sonrakı mərhələsində KVN daha böyük canfəşanlıq göstərdi. Sonra İlham Mirzəyevin verilişində, Rəfayılla Coşqunun konsertlərində siyasiləşmiş şoulara rast gəldik. Hətta vəziyyət o yerə çatdı ki, Faiq Ağayev müxalifəti hədələdi: "Mənim fanatlarım sizin tərəfdarlarınızdan çoxdur, hamınızı məhv edərlər". Xalq artisti Hacıbaba Bağırov isə müxalifəti "taxtabiti" adlandırdı. Bu şou "Kuklalar"la, Hafiz Hacıyevlə, Etibar Hüseynovla davam etdi. Bu gün də siyasi şouların qəhrəmanları var: biri Rəsulzadəni təhqir edir, biri Elçibəyi qaralayır, biri "olmayan" müxalifəti yıxıb-sürüyür, digəri tərbiyəsinə uyğun siyasi pornoqrafiyadan danışır... Amma son zamanlar belə qəhrəmanların monoloqları uğursuz alınır, hətta deyərdim ki, çox ziyanlı finala aparır...

Sözardı: Bir dəfə tanınmış bir şou aparıcı məni şoulaşmış bir verilişin şou proqramına dəvət etmişdi. Verilişdə 6 nəfər qonaqdan üçü digər üçünə müxalif olmalı idi, həmin adamın da məqsədi bir-birini qəbul etməyənləri bir araya gətirib qarşılıqlı təhqir yaratmaq imiş. Biz elə etdik ki, veriliş normal keçdi və hər şey qarşılıqlı anlaşma şəraitində bitdi. Həmin aparıcı sonda stressə düşdü. Veriliş bitən kimi dedi ki, layihəmizin reytinqini aşağı saldınız. Səbəbini soruşanda “2 saatlıq verilişdə bir dənə də skandal olmadı, dalaşmadınız, söyüşmədiniz” dedi. Siyasət də belədir...

Səbuhi RƏHİMLİ
Tarix: 28-04-2017, 17:34
Xəbəri paylaş





Xəbər lenti