Deputat Fazil Mustafa:"Ankara ən sərt addımları atacaq"
"Türkiyə hər an Avropa Şurası Parlament Assambleyasından çıxma qərarı verə bilər".
Strateq.az xəbər verir ki, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyəni siyasi nəzarət altına almaq qərarına münasibət bildirən millət vəkili, BQP sədri Fazil Mustafa deyib.Millət vəkilinin sözlərinə görə, AŞPA-nın qərarı çox qərəzlidir və Avropanın Türkiyəni sıxışdırmaq siyasətinin tərkib hissəsidir: “Təəssüf ki, Avropa Şurası kimi bir qurum da bəzi ölkələrin iradəsinə tabe olaraq, alət kimi istifadə olunur. Məncə, Türkiyə bu dərəcədə bir töhmətin altına girəcək dövlət deyil. Çox güman ki, Ankara AŞPA-dan çıxmağa qərar verəcək".
Fazil Mustafanın fikrincə, AŞPA-nın bu formada yanaşması qəbuledilməzdir: "Bu gün və ya sabah bu addım başqa ölkələrə qarşı da ola bilər. Bu meyarları məhz AŞPA-nın gündəmə gətirməsi və qəbul olunmuş ümumi qaydaları pozması beynəlxalq hüququn prinsiplərinə də uyğun deyil. Hesab edirəm ki, sözügedən qərar Türkiyə tərəfindən çox mənfi qarşılanacaq və hətta Ankaranın ən sərt addımlar atması gözləniləndir”.
Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası Türkiyəni siyasi nəzarət altına almaq haqqında qərar verib. AŞPA Türkiyəni siyasi nəzarət prosesindən 2004-cü ildə çıxarmışdı.
Tarix: 29-04-2017, 08:26