Mühəndis Rasizadə, gəmiçi Mehdiyev, usta Əsədov - ÖZƏL

Mühəndis Rasizadə, gəmiçi Mehdiyev, usta Əsədov - ÖZƏL ANV.az Baş Nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin keçmişi, keçdiyi həyat yolu, tərcümeyi-halı ilə bağlı araşdırma aparıb.

Araşdırma zamanı məlum olub ki, hazırda ölkə rəhbərliyində təmsil olunan şəxslərin üçünün də həyatı çoxlarının düşündüyü kimi heç də rəvan keçməyib. Onlar bu zirvəyə çatana qədər çox böyük çətinliklərdən, əziyyətlərdən keçiblər.

Artur Rəsizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. Lənkəran şəhər 4 saylı orta məktəbini bitirib.

Əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlayıb.

Sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyib.

1973-1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975-1977-ci illərdə "İttifaqneftmaş" ЕİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olub.

1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə Azərbaycan KP MK-də maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olub. 1992-1994-ci illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləyib.

1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş Nazir, 2003-cü ilin avqust-noyabr aylarında Baş Nazirin birinci müavini vəzifələrində işləyib.

2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziridir.

Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində anadan olub.

1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin “Xəzərneftdonanma” İdarəsində işləyib.

1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1965-ci ildə V kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nın tələbə gənclər şöbəsində təlimatçı vəzifəsinə təyin edilib, 1967-68-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb.

1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiyasını müdafiə edib.

1972-ci ildən Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında əvvəl müəllim, sonra isə baş müəllim vəzifəsində çalışıb.

1974-cü ilin mayında Azərbaycanda KP MK aparatında Təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə irəli çəkilib. 1976-cı ilin iyununda Azərbaycan KP MK Elm və tədris müəssisələri şöbəsinin müdir müavini vəzifəsinə təsdiq olunub.

1978-ci ilin oktyabrında Azərbaycan KP 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi seçilib.

1980-ci ilin iyununda Azərbaycan KP MK-nin Elm və təhsil müəssisələri şöbəsinin müdiri, 1981-ci ilin yanvarında isə Azərbaycan KP MK-nin Təşkilat-partiya işi şöbəsinin müdiri təyin edilib.

1982-ci ilin dekabrında Azərbaycan KP MK-nin katibi seçilib. 1988-ci ilin mayında MK-nin plenumunda respublika rəhbərliyinin dəyişməsi ilə əlaqədar Azərbaycan KP MK katibi vəzifəsindən azad olunub.

1988-ci ilin iyununda Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri təyin olunub.

1993-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

1994-cü ilin fevralında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Prezidentin İcra Aparatının şöbə müdiri vəzifəsinə, 1995-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Oqtay Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonununda anadan olub.

Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib.

1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləyib.

1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin "Azərsantexquraşdırma" Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olub. 1996–2005-ci illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb.

2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin Sədridir. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

// Azər Niftiyev, ANV.az
Tarix: 2-05-2017, 00:12
Xəbəri paylaş





Xəbər lenti