Son vaxtlar ölkə mediasında bəzi dövlət qurumlarında ciddi maliyyə pozuntularının olduğu ilə bağlı informasiyalar yer almaqdadır. Qeyri-rəsmi məlumatlara görə, burada söhbət milyonlar, hətta milyardlarla hesablanan vəsaitdən gedir.
Əgər deyilənlər doğrudursa, o zaman bu qurumlara rəhbərlik edən şəxslərlə yanaşı, vaxtiylə bu qurumların fəaliyyətinə nəzarət edən, bu dövlət orqanlarında yoxlmalar aparan və bu yoxlamaların nəticəsi ilə bağlı qənaətbəxş rabortlar hazırlayan yetkililərin də məsuliyyət məsələsi gündəmə gələ bilərmi? moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu məlum yeyintilərlə bağlı məsuliyyətə cəlbedilməsi gərəkən şəxslərin siyahısının genişləndirilməli olduğunu vurğuladı:
“Hesab edirəm ki, bu məsələdə baş nazirdən tutmuş, onun bəzi müavinlərinə qədər bir çox şəxsin məsuliyyət məsələsi müəyyən edilməlidir. Bununla yanaşı, maliyyə, vergi və s. qurumların da məsuliyyət məsələsi müəyyən olunmalıdır. Çünki burada 5-10 qəpikdən deyil, milyardlarla vəsaitdən söhbət gedir. Odur ki, məlum yeyintilərlə bağlı əlaqədar şəxslərin məsuliyyət dairəsi genişləndirilməlidir”.