Avropa Birliyi İranla sazişə sadiq qalacağını bir daha bəyan etdi –"Ticarət əlaqələrini davam etdirəcəyik"



Avropa Birliyi bir daha 2015-ci ildə İranla imzalanmış nüvə sazişinə sadiq qalacağını bəyan edib.

“Reuters” və digər agentliklərin məlumatına görə, bunu Avropanın enerji komisarı Migel Arias Canete mayın 19-da Tehranda İranın nüvə rəsmisi, vitse-prezident Əli Əkbər Salehi ilə görüşdən sonra mətbuat konfransında deyib.

O qeyd edib ki, biz İranla ticarət əlaqələrini davam etdirəcəyik.

Xatırladaq ki, İranla aparıcı dünya ölkələri arasında bağlanmış nüvə sazişindən sonra Tehran nüvə fəaliyyətini dayandırıb, əvəzində ona qarşı beynəlxalq sanksiyalar aradan qaldırılıb.

Amma ABŞ prezidenti Donald Tramp bugünlərdə – mayın 8-də ölkəsinin birtərəfli qaydada bu sazişdən çıxdığını və İrana qarşı sanksiyaların bərpa olunduğunu bəyan edib.

Avropa Birliyinin Enerji Komissiyası ABŞ-ın sanksiyasından qaçmaq üçün mayın 18-də Avropa Birliyi üzvlərinin neftə görə İranın mərkəzi bankına pul köçürmələrinə icazə verilməsini təklif edib.

Komissiya bəyan edib ki, o, Avropa Birliyi liderlərinin mayın 17-də Sofiya sammitində verdikləri “yaşıl işıq”a əsaslanaraq belə bir addım atıb.

2015-ci ildə ABŞ-la yanaşı İranla nüvə sazişi imzalayan Fransa, Almaniya, Britaniya, Rusiya və Çin Vaşinqtonu dəfələrlə bu sazişindən çıxmamağa çağırmışdılar.

Trampın qərarından məyus olduqlarını bildirən Avropa ölkələri, öz şirkətlərini İranla biznesdə ABŞ-ın yeni sanksiyalarından qorumaq üçün tədbir görəcəklərini vəd etmişdilər.

azadliq.org

Tarix: 20-05-2018, 09:08
Xəbəri paylaş





Xəbər lenti