Hökumət 5 ayı boşa verib: iqtidarın islahatları blefdir yoxsa?



 


2018-ci ilin ilk 5 ayı geridə qalmaqdadır. Təxminən ilin yarısını başa vururuq.
Anaxeber.Az yazır ki, bu təqvimin hələ ki ən yadda qalan hadisəsi növbədənkənar prezident seçkilərinin keçirilməsi və Nazirlər Kabinetində iri daşların yerindən tərpədilməsidir.
Prezident İlham Əliyev sakit keçən seçkinin qalibi elan olundu və ardınca nazirlərin bir neçəsi ilə vidalaşdı.
Ən başlıcası Artur Rasi-zadə, Heydər Əsədov, Əli Həsənov, Hacıbala Abutalıbov, Səlim Müslümov, Hüseynqulu Bağırov, Nazim İbrahimov kimi məmurların mühüm postlarını itirmələri oldu.
Ə.Həsənovla H.Abutalıbovun baş nazirin müavini kimi formal postda saxlanması onların dayaqlarının tamamilə itirilməsidir.
Hakimiyyət komandasında yeni və gənc nazirlərin olması təqdir edilsə də, iqtidarın sosial-iqtisadi siyasətində 5 ay ərzində nəzərəçarpan dəyişiklik müşahidə olunmur.
Yəni, fiqurların dəyişməsi ilə sistemdə ciddi islahatlar olmayıb. Əhalinin gözləntisi 2018-ci ildə real reformaların olacağı, seçkidən sonra daha da sürətlənəcəyi idi.
Məsələn, dollar krediti ilə bağlı problemin həlli, 10 000 qədər olan kreditlərin bağışlanması, sosial güzəştli mənzillərin satışında insaf və ədalət olması ümidi vardı.
Eyni zamanda pensiya və maaşların artımında ciddi addımlar atılacağına, məhkəmə sistemində islahatlar aparılacağına, icra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılacağı, ASAN xidmətə veriləcəyinə böyük ümidlər bəslənirdi.
Habelə, iş yerlərinin açılması, sahibkarlığın inkişafında real islahatlar, vergi və gömrük orqanlarında iş adamlarının qeyri-rəsmi tələblərlə üz-üzə qalması hallarına son qoyulacağı gözlənilirdi.
Ancaq geridə qalan dövr ərzində radikal islahatlar aparılmayıb, yenə də vətəndaşlar icra hakimiyyətlərinə incidilir, investorlar ölkədən qaçır, yerli biznensmenlər gömrükdə rüşvətsiz mal keçirə bilmir, işsizlik böyüyür, maaş və pensiyadakı minimal artım sosial rifaha təsir etməyib, bazarlarda qiymətlər ucuzlaşmır və s. ilaxır.
Əksinə, məmurlar biznes mühitini sabotaj edirlər, bahalaşmaya aparan siyasət yürüdülür, qida məhsullarında ucuzlaşma müşahidə edilmir, gənclərin mənzil, iş problemləri günbəgün dərinləşir.
Bunun nəticəsidir ki, ölkədən xaricə axın var, intiharlar artır, boşanmalar ilbəil statistikada yarışa girir.
Bundan əlavə, müəssisələrin qanunsuz qəsb olunması, inhisarçılıq, məmurların nəzarətindən kənarda sahibkarlığın inkişafına iman verilməməsi halları mövcuddur.
Məsələn, “Baku Steel Company” şirkətinin metal biznesində inhisarçı rəhbəri Rasim Məmmədov qoçuları vasitəsi ilə, o cümlədən qanunsuz məhkəmə qətnaməsinə istinad edərək Zülfüqarlı qardaşlarına məxsus Keşlədəki zavoda basqınlar təşkil edir, zavodu ələ keçirməyə çalışır.
Buna müqavimət göstərən zavosun 300 fəhləsi isə aksiya keçirir, məhkəmə icraçılarının qanunsuz qətnaməni yerinə yetirməsinə dirəniş göstərirlər.
Anaxeber.Az yazır ki, ölkədə biznes mühiti təhdid altındadır. Dünya hesabatlarında Azərbaycan ürəkaçan yerlərdə deyil. Ona görə investorlar ölkəmizə yatırım qoymağa risk etmirlər.
O baxımdan Azərbaycanda real islahatların getmədiyini söyləmək olar. Kosmetik dəyişikliklər, kənd təsərrüfatı naziri İnam Kərimovun traktorla, qucağında quzu ilə şəkillər çəkdirməsi, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin şöbələrdə müdirləri yeniləməsi ilə vətəndaşların problemlərinin həllinə nail olmaq mümkün deyil.
Fermerlərin, kəndlilərin ciddi texnika, yem problemləri var, aztəminatlı ailələr sosial yardımlar alınmasında, əlillik dərəcələrinin verilməsində, işsizliklə bağlı məşğulluq mərkəzlərində qanunsuzluqlarla üzləşirlər.
Hakimiyyət sosial siyasətdə radikal islahatlar aparmasa, aşağılarda rüşvətin kökü kəsilməsə, gömrük məntəqələrində prezidentin təbirincə desək, əsassız rüşvət alınması, dilənçilik edilməsi kimi neqativ faktlara son qoyulmasa heç bir inkişafdan söhbət gedə bilməz. Odur ki, ilin 5 ayının hələlik yola verildiyi görünməkdədir.
Bundan başqa, icra hakimiyyətləri rüşvət yuvalarına çevrilib. Vətəndaşları çox incidirlər.
Ev tikəni pul vermirsə döyürlər, şəhid ailəsini saymırlar, insanları küçələrdə qoyurlar. İcra başçıları dövlətin pullarını mənimsəyirlər, oliqarxlaşırlar, qanunları saymırlar.
İslahatlar paketinin bir hissəsi də bu problemlərin həlli olmalıdır. Büdcə vəsaitlərinə qənaət, israfçılığın qarşısının alınması, tibbi sığortaya keçid ondan öncə həkim və müllimlərin maaşının artırılması gerçəkləşməlidir.
Hakimiyyət bu islahatları reallaşdırmırsa, rüşvət yenə olacaq, bahalaşma davam edəcək, işsizlik, özbaşınalıq, məmurların və övladlarının varlanması, qudurğanlığı tərkarlanacaq, cəmiyyətlə hökumət münasibətlərində gərginlik artan xətt üzrə inkişaf edəcək.
Pensiyaçıya 110 manat, qaçqına ayda 36-40 manat verilən bir ölkədə 100 milyonlarla xərc çəkilərək “Formula 1″ yarışının keçirilməsi nə qədər absurd olsa da, nazir oğlunun “Bizə Azərbaycanda Formula 1 yarışı keçirmək çox xoşdur” deməsi təsadüfü deyil.
Çünki Azərbaycanda “Formula 1″ yarışının keçirilməsinin dövlətə və millətə heç bir xeyri olmasa da, bəzilərinin milyonlar qazanmasına faydası olur.
Göründüyü kimi, Azərbaycanda insanlar iş yerlərində istismar olunurlar, 500-600 manat maaşla güclə dolanırlar, kirayələrdə sürünürlər, kredit borcları içində boğulurlar, nazirin oğlu isə kef çəkir, F-1 yarışlarından milyonlar mənimsəyir.
Bu cür bədxərclik, israfçılıq kimlərisə varlandırırsa, milyonlarla azərbaycanlının boğazından kəsilərək məhrumiyyətlər içində yaşamasına gətirib çıxara bilir.
Hökumətin islahat proqramında həm də bu cür məsələlərə cəmiyyətin verdiyi reaksiyalar nəzərə alınmalıdır. O baxımdan boşa getmiş 5 ayın ardınca bizi nələrin gözlədiyini gözləməkdən başqa seçim qalmır...
Anaxeber.Az
 Turan
Tarix: 21-05-2018, 09:26
Xəbəri paylaş





Xəbər lenti