“ATƏT Rusiyanın Ermənistana silah verməsini müzakirə etməlidir” - politoloq


“Bu, birinci hal deyil ki, Rusiya məhz ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsini həll etmək əvəzinə, onu əngəlləyir”.

Politoloq Arzu Nağıyev bu fikirləri musavat.com-a açıqlaması zamanı bildirdi.

Rusiyanın işğalçı Ermənistana “kredit şərtləri” adı altında növbəti zenit-raket kompleksini göndərməyə hazırlaşmasını şərh edən ekspert bu addımların Azərbaycanın suverenliyinə təhdid olduğunu vurğuladı: “SSRİ-nin sələfi kimi hazırki MDB məkanında bu və ya digər münaqişə ocaqlarının, o cümlədən Dağlıq Qarabağ, Dnestryanı bölgə, Cənubi Osetiya, Abxaziya və digərlərinin yaranmasında Rusiya birbaşa cavabdehlik daşıyır. Daha doğrusu, bu münaqişələrin həllində mühüm açar rolunu oynaya bilər. Qərb də bunu bilir və Krım və Donbasa görə sanksiyalar da tətbiq edir. Hazırda Ermənistanda Paşinyan hakimiyyət gəlib və Rusiya nəyin bahasına olursa-olsun onu əldə saxlamaq üçün müxtəlif variantlara əl atacaq. Bununla Moskva bir müttəfiqlik və strateji tərəfdaşlıq siyasətini qabartmağa çalışacaq”.

A.Nağıyevin fikrincə, əks halda, Ermənistanı itirmək qorxusu var: “Bunun da ən yaxşı yolu bütün seçki proseslərində oynanılan “Dağlıq Qarabağ kartı”dır. Azərbaycan raket sistemləri ilə bağlı rəsmi mövqeyini açıqlamayıb. Amma açıqlasa belə, yəqin ki, Ermənistanın KTMT-yə üzv olduğu bəhanə kimi göstəriləcək. Lakin separatçı rejimlərlə görüş və onların üçüncü tərəf kimi təqdim edilməsi cəhdlərinə qarşı Azərbaycanın Xarici İşlər Nazirliyi öz narazılıqlarını bildirib”.

Politoloq Rusiyanın həmsədrlik prinsiplərinə zidd addımlar atdığını da vurğuladı: “Təbii ki, ATƏT Rusiyanın Ermənistana silah verməsini müzakirəyə çıxartmalıdır və Moskvanın öz xarici siyasətində mühüm korrektələr etməsi üçün məsləhətlər verilməlidir. Əks halda, Rusiyanın bu qurumda təmsil edilməsinin nə qədər düzgün olması müzakirə obyekti ola bilər”.

Yeri gəlmişkən, Rusiyanın yeni hərbi yardımından şirniklənən işğalçı ölkə ötən həftə Qarabağda hərbi təlimlər keçirdi. Azərbaycanın Müdafiə Nazirliyi isə Ermənistanın Azərbaycan ərazilərində keçirdiyi hərbi təlimlərlə bağlı sərt xəbərdarlıq edib.

Açıqlamada bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən Ermənistan silahlı qüvvələrinin təlimləri zamanı guya taktiki və ordu aviasiyasından istifadə edilməsi ilə bağlı Ermənistan mətbuatının yaydığı xəbər şişirdilib və erməni auditoriyasına hesablanıb: “Təlimlər zamanı Ermənistan silahlı qüvvələrinə məxsus yalnız iki Mi-24 tipli helikopter və iki Su-25 tipli təyyarə mayın 16-da və 17-də uçuşlara cəlb olunub. Helikopterlər mayın 16-da saat 08.45-də Erebuni aerodromundan qalxaraq Vardenis-Zod istiqamətində və geriyə uçuşlar həyata keçiriblər. Təyyarələr isə mayın 17-də saat 09.44-də Ermənistanın Gümrü aerodromundan qalxaraq Sisian istiqamətində uçuş keçirib və dönmə manevri edərək saat 10.45-də Erebunu aerodromuna eniş ediblər”.

Nazirlik bəyan edib ki, Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarının radiolokasiya stansiyaları ölkəmizin hava məkanında hərəkət edən bütün aviasiya vasitələrini izləyir və onların uçuş marşrutları barədə məlumatlar dərhal HHQ-nin Komanda Məntəqəsinə avtomatik rejimdə ötürülür: “Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunları arsenalında olan ən müasir silah kompleksləri ilə ölkəmizin hava hüdudlarını pozan istənilən hava hədəflərini məhv etməyə qadirdir. Bir daha düşmənin bu kimi informasiya təxribatlarına uymamağa çağırırıq”.

Bu xəbərdarlığı həm də Rusiyanın zenit-raket kompleksinə arxalanan işğalçıya “ağıllı ol” mesajı kimi də qəbul etmək olar.

Cavid TURAN,
Musavat.com

Tarix: 21-05-2018, 21:10
Xəbəri paylaş





Xəbər lenti