Hafiz Hacıyev:"Zamanı gələndə hər şeyi deyəcəm"

Hafiz Hacıyev:

,

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev siyasətdən müvəqqəti olaraq geri çəkilib. 11 apreldəki növbədənkənar prezident seçkisindən sonra partiya sədri jurnalistlərin suallarından qaçaraq ona vaxt verilməsini xahiş edir.

Son ay yarımda yalnız bir dəfə MMP rəhbəri gündəmə gəlib. "Yeni Müsavat”ın suallarını cavablandıran H.Hacıyev Ermənistanın yeni baş naziri Nikol Paşinyanın qulağını kəsib cibinə qoyacağını demişdi.

Partiya sədrindən siyasətdən nə üçün çəkildiyi barədə fikirlərini almağa çalışdıq. Danışmaq üçün 10-15 gün möhlət istəsə də, H.Hacıyev bəzi açıqlamalar verdi:"Hafiz Hacıyev siyasətə bir aylıq fasilə verib. Səhhətimlə, prezident seçkilərində ciddi işlər görməyimlə əlaqədar istirahət edirəm. Hər halda, 10-15 gündən sonra yenidən üzə çıxacam. Partiyamızın işləri bir saniyə də dayanmır, əvvəlki enerji ilə yolumuza davam edirik. İşimizi ən yüksək səviyyədə qurub Azərbaycanda dövlətin sabitliyi, eləcə də digər məsələlərlə bağlı sözümüzü deyəcəyik. Ciddi açıqlamalarımı hər kəs gözləsin. Bəzi məsələlər var ki, onun üçün gözləmə mövqeyindəyəm. Hafiz Hacıyev siyasətə elə geri dönüş edəcək ki, hər kəs ondan danışacaq. Heç kimdən incikliyim-filan yoxdur. Sadəcə, istirahəti vacib saydım. Çox ciddi siyasi proseslərə başlayacağımız günə az qaldı. Ölkə daxilində gedən prosesləri diqqətlə izləyirəm. Partiyamızın fəaliyyətində zəiflik yaranmasın deyə bütün müavinlərimə tapşırıqlar vermişəm. Qurultaya da hazırlaşırıq, bu istiqamətdə də uğurla işlərimizi aparırıq. Yaxın vaxtlarda qurultayımız baş tutacaq. Sadəcə, işə çıxandan sonra dəqiq qurultay vaxtını deyəcəm”.

H.Hacıyev Azərbaycanın ana müxalifəti olmağa iddialıdır:"Gələcəkdə lazım olsa, ana müxalifət missiyasını öz üzərimizə götürüb, çox ciddi proseslərə başlamaq qərarı verə bilərik. Hələlik gözləyirik. Bizim üçün ölkədə ana müxalifət olmaq elə də çətin deyil. Çünki indiki müxalifət liderlərinin hamısının iç üzləri açılıb, hər kəs bilir ki, kim kimdir, kimlər kimə işləyir. Xalqın sözünü deyən Hafiz Hacıyevdir, mən xalqın danışan diliyəm. Dövlətimi qoruyub, onu sevirəm. Xalqın qabağına çıxan ərəfədə nələrəsə nail olacağıma əminəm. Prezident seçkilərində tutduğum yer barədə hələ ki açıqlama vermək istəmirəm. Amma susmaq da fikrində deyiləm. Zamanı gələndə hər şeyi deyəcəm”.

Vətəninfo.az 
Tarix: 22-05-2018, 16:45
Xəbəri paylaş





Xəbər lenti