Ermənistanın baş naziri Nikol Paşinyan mayın 18-də ABŞ-ın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Riçard Millza ilə görüşüb.
Rəsmi məlumata əsasən, yeni baş nazir Ermənistan-ABŞ əlaqələrinin inkişafının vacibliyini qeyd edib, eyni zamanda rəsmi Vaşinqtonun ikitərəfli əməkdaşlığa yeni impulslar verməyə hazırlığını alqışlayıb.Bu görüşdən sonra Qərbyönümlü erməni ekspertlər və siyasətçilər ABŞ səfirinin adından Ermənistanın ünvanına fantastik təriflər səsləndirdilər. Guya Serj Sarkisyan rejiminin “çevriliş”indən sonra Ermənistan artıq Cənubi Qafqazda demokratik lider kimi qəbul olunur və ABŞ bunu təsdiqləyir.
Əlbəttə ki, bundan dərhal sonra hiyləgər ermənilər amerikalıları aldatmaq ümidilə xorla Vaşinqtonun Ermənistana maliyyə yardımının artırılmasının önəmini vurğulamağa başladılar. Hətta erməni həyasızlığı o həddə çatdı ki, İrəvanda bəzi politoloqlar ABŞ tərəfindən maliyyə yardımını Vaşinqtonun birbaşa öhdəliyi adlandırdılar. Belə ki, erməni fantaziyasına əsasən, ABŞ aparıcı güc kimi “erməni demokratiyasını” maliyyə ilə dəstəkləməlidir. Məhz maliyyə ilə. Başqa heç nəyə ehtiyacları yoxdur. Hökuməti əvəzlədilər, hakimiyyətə yeni sima gətirdilər, indisə cənab amerikalılar, pulları gətirin!
“Erməni baharı” ərəfəsində vurğulamışdıq ki, qonşu ölkədə baş verən bu proseslər Kremlin avantürasından başqa bir şey deyil. Bu avantüradakı məqsəd isə Sarkisyana görə son zamanlar erməni hakimiyyətinə maliyyə dəstəyini demək olar ki dayandıran Qərbdəki erməni diasporunun və Qərb dövlətlərinin maliyyə yardımı ayırmasına nail olmaq idi. Qərbin erməni fondlarının rəhbərləri yerləşdikləri ölkələrdəki hakim strukturların da təzyiqi ilə açıq şəkildə Sarkisyana başa salmışdılar ki, onlar artıq bu klanı yedirtmək fikrində deyillər.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və bu ölkədə iqtisadi vəziyyətin çətinləşməsi fonunda erməni fondlarından gələn dəstəyin dayandırılması Sarkisyan və onun komandasını fakt qarşısında qoydu. Onsuz da kiçik olan büdcədə defisit yarandı, pensiya fondu təqaüdçülərə ödəniş edə bilmədi, müəllimlərin maaşları ödənmədi. Ermənistanın maliyyə naziri və iqtisadiyyat naziri açıq şəkildə həyəcan təbili çaldı. Moskvadakı şeflərlə uzun müzakirələrdən sonra Kreml qərar verdi: “erməni baharı baş tutsun!”
Sonrakı hadisələri də diqqətlə izlədik. Həqiqi himayədar kimi Putin Paşinyanı təbrik etmək üçün ilk sıralarda yer aldı. Baş nazir kimi Paşinyan ilk “xarici” səfərini məhz Soçiyə etdi. Burada hesabat verdi, Ermənistanın öz sahibinə, ağasına sadiq qalacağını dilə gətirdi. “Boşanma olmayacaq, boşanma ərizəsi verməyə hazırlaşmırıq” deyə Paşinyan açıq şəkildə bəyan etdi. Yoxsa artıq bəzi Kremlyönümlü ekspert və polittexnoloqların ağzından “Ermənistan Rusiyasız boş yerdir”, hansı ki “rusların azərbaycanlılar və türklərlə dost və qardaşlığına” mane olur fikirləri səslənirdi.
İndi erməni cəmiyyətində bir sual yaranıb: “Hə qalib gəldik, Serj getdi, Nikol gəldi, bəs ölkədə, onun xarici və daxili siyasətində nə dəyişdi?”. Cavab hələ ki birdir: “Heç nə dəyişmədi”. Baş verən dəyişikliklər sadəcə dekorativ xarakterlidir. Heç bir ciddi dəyişiklik gözləməyə dəyməz.
İndi Rusiya üzərində artıq yük olan Ermənistanı kimin boynuna yükləyə biləcəyini düşünür. Ermənistanı aclıq girdabından qurtarmaq üçün ümid qalıb Qərbdən gələcək pul axınına.
Tarix: 23-05-2018, 04:38