Ermənistanın yeni baş naziri Nikol Paşinyan Rusiya və Qərb (ABŞ) arasında “ikili oyun”u davam etdirir. Bu oyunun zaman etibarilə nə qədər sürəcəyi və erməni populist baş nazirin nə qədər duruş gətirə biləcəyi isə şübhəsiz, Moskvanın dözüm və səbir limitindən asılı olacaq.
Xəbər verdiyimiz kimi, bir yandan, Kremlə sədaqət andı içən, Ermənistanın Rusiya orbitində və təsir zonasında qalacağına dair Soçidə Moskvaya söz verən Paşinyan digər yandan, Ermənistanda açar vəzifələrə müstəsna olaraq, qərbpərəst, ameriakpərəst kadrları gətirir. Bu isə o anlama gəlir ki, Rusiya yox, məhz Qərb, ABŞ Paşinyan hökumətinə ciddi təsir rıçaqları qazanmış olacaq - kəşfiyyat və əks-kəşfiyyat təsirləri də öz yerində.
O sırada baş nazirin müavini, müdafiə, xarici işlər, ədliyyə, mədəniyyət, kənd təsərrüfatı və iqtisad inkişaf nazirləri qərbyönlü kadrlar sayılırlar. Bundan əlavə, Nikol Paşinyan az öncə amerikalı məşhur mütəxəssis Daron Acemoğlunu iqtisadçı məsləhətçi kimi Ermənistana dəvət edib.
*****
“Yeni Müsavat” bu yerdə arayış üçün xatırladır ki, baş nazirin müavini Ararat Mirzoyan - “Demokratiyaya dəstək fondu” ABŞ qeyri-kommersiya təşkilatı ilə sıx bağlı şəxsidır. Müdafiə naziri David Tonoyan uzun müddət Ermənistanın NATO yanında nümayəndəliyinin rəhbəri olub. Xarici işlər naziri Zoqrab Mnasakanyan BMT-dəki nümayəndəsinin keçmiş başçısı, ABŞ-ın Mançester Universitetinin politologiya fakültəsinin məzunudur. Ədliyyə naziri Artak Zeynalyan ABŞ-dakı prezident seçkilərini Dövlət Departamentinin dəvəti ilə izləyib. Kənd təsərrüfatı naziri Artur Xaçatryan Ermənistandakı Amerika İnstitutunu bitirib. Mədəniyyət naziri Lilit Makunts da ABŞ-da oxuyub. İqtisadi inkişaf və investisiya naziri Artsvik Minsyan isə Massaçusets Texnologiya İnstitutunun iqtisadiyyat professorudur.
Son olaraq Nikol Paşinyan Təhlükəsizlik Şurasının sədri postuna qərbpərəst Armen Qriqoryanı gətirib. İlginc məlumatlardan biri də elə Qriqoryanın personası ilə bağlıdır.
Belə ki, “Yeni Müsavat”ın əldə elədiyi informasiyaya görə, 2018-ci il 16-18 may tarixlərində İrəvanda MDB-yə üzv dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları rəhbərləri Şurasının növbəti 44-cü iclası məhz ona görə baş tutmayıb. Bildirilir ki, Ermənistanda baş vermiş məlum hadisələr və hakimiyyətə qərbyönlü Nikol Paşinyanın gəlməsi, ölkənin təhlükəsizlik xidmətinə isə qərbmeylli şəxsin (Qriqoryan) təyinatı iclasın keçirilməsinə əngəl yaradıb və ermənilər təşkilatçılıqdan imtina ediblər. Nəticədə tədbir 16-18 may tarixlərində Moskva şəhərində baş tutub. Bildirilir ki, Rusiyadakı tədbirdə əsas diqqət terrorizm və transsərhəd mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın daha da təkmilləşdirilməsinə yönəlib.
*****
Göründüyü kimi, Ermənistanda cəmi 15 gündür (mayın 8-i) davam edən Paşinyan dönəmi artıq Moskva-İrəvan münasibətlərində ilk çatlar yarada bilib - Paşinyan həm ölkədəki açar vəzifələrə qərbyönlü adamları gətirməklə, həm də Moskvanın patronajlıq elədiyi bir qurumun toplantısına imkan verməməklə faktiki, Rusiyaya qarşı demarşlar edib.
Ola bilsin, hökumətə Amerika təsiri artıq öz işini görür. İstənilən halda bunu ən əvvəl Putinə sədaqət andı içmiş Nikol Paşinyanın nankorluğu, Rusiyaya arxadan zərbəsi kimi qiymətləndirmək lazım gəlir. Belə dönüklüyü isə Putin bağışlamır.
Maraqlıdır ki, İrəvanın Moskvaya qarşı bu ilk post-inqilab demarşı, İrəvanın tədbiri sabotaj eləməsi Soçi görüşündən 1-2 gün sonraya təsadüf edir. Doğrudur, hələlik Kreml başçısı Soçi görüşündən sonra susqunluq göstərir. Ola bilsin, Putin hələ bir müddət də gözləmə mövqeyində olacaq və Paşinyana Moskvaya münasibətdə daha çox səhvlər edib “çırpı yığması”na şərait yaradacaq. Ta ki, işğalçı ölkədə Rusiya hərbi mövcudluğuna real təhlükə yarananadək.
Kremlə yaxın Rusiya KİV- və ekspertləri isə “Ermənistanın Saakaşvilisi” olmaq istəyən Paşinyanın “ipinin üstünə odun yığmağın” təhlükəli olması, ona etibar etməyin mümkünsüzlüyü barədə o, hələ baş nazir olmamışdan qabaq yazırdı. İndi də yazır.
*****
Bu yerdə tanınmış rus politoloq Andrey Piontkovskinin Soçi görüşündən öncə “Yeni Müsavat”da getmiş bir fikrini yada salmağa dəyər. Sitat: “Paşinyanla Putinin mayın 14-də Soçidəki ilk görüşü Saakaşvili ilə Putinin birinci görüşü kimi çox nəzakətli keçəcək. Putin o zaman müəyyən konkret arzularını dilə gətirmişdi. O, Gürcüstan rəhbərliyində qəti şəkildə toxunulmayacaq 5-6 nəfərin adını çəkmişdi. Yəqin ki, bu dəfə o, Paşinyana da belə fiqurların adını çəkəcək”.
Amma çəkibmi? Fakt budur ki, Paşinyan öz kabinetində Rusiyanın adamlarına bircə yüksək post da verməyib, verməyə hazırlaşmır da. Demək, artıq o, Kremlin ən ağrılı və həssas yerinə basmağa başlayıb. Cavab reaksiyasın qaçılmaz görünür. Cavabı gözləyək...
Siyasət şöbəsi