Düşmən tərəfin yeni avantürası böyük müharibəyə gətirə bilər? - TƏHLİL


Düşmən tərəfin yeni avantürası böyük müharibəyə gətirə bilər?
Ermənistanda növbəti hakimiyyət çevrilişi ilə Dağlıq Qarabağ ətrafında vəziyyət bir az da qeyri-müəyyənliyə girib. İşğalçı ölkədə küçə etirazlarının doğurduğu yalançı eyforiyadan cuşa gələn ermənilərin az qala hamısı sosial-iqtisadi statusundan asılı olmayaraq, “yuxarıdan” gedir, barışmaz mövqe tuturlar, hətta Naxçıvana iddiaları açıq və həyasız şəkildə dilə gətirməyə başlayıblar.

Söz yox ki, budəfəki eyforiya da başda baş nazir Nikol Paşinyan olmaqla, tezliklə çəkilib gedəcək, yerində ermənilərin kumiri Paşiyanın da şahidlik edəcəyi sərt reallıq qalacaq. O reallıq ki, onu müvəqqəti ört-basdır eləmək olar, amma ondan qurtulmaq olmaz. O reallıq ki, onunla hesablaşmadan Ermənistan adlı kvazi-dövlətin qurtuluşu, tərəqqisi mümkün deyil, olmayacaq - hakimiyyət başında hansı erməni avantüristi olur-olsun.

Bu sərt reallığın adı - həll olunmamış Dağlıq Qarabağ konfliktidir. Belə görünür ki, indi də Ermənistanda erkən parlament seçkiləri bəhanəsi ilə İrəvan problemin həllindən yayınmaq niyyətindədir. Belə ki, Nikol Paşinyan bəyan edib ki, ilin sonunadək erkən seçkilər keçirilə bilər.

*****

Azərbaycan sözsüz ki, Ermənistanın bu “taym-aut”undan istifadə edib öz hərbi qüdrətini, silah arsenalını və döyüş hazırlığını daha da artıracaq. Eyni zamanda Naxçıvan istiqamətində son təxribatları da nəzərə almaqla, düşmənə növbəti lokal zərbəni vurmaq üçün əlverişli fürsəti gözləməkdə davam edəcək.

Bu xüsusda ciddiyə almalı daha bir vacib gəlişmə var. Bu da ondan ibarətdir ki, “məxməri inqilab”dan sonra düşmən ölkə Azərbaycanın hərbi üstünlüyünü, Qərb üçün ilbəil artan strateji və energetik önəmini guya özünün artan demokratik imici ilə neytrallaşdırmaq istəyir. Yəni müharibə olarsa, İrəvan demokratik dünyanın rəğbətini özünə tərəf çəkməyə ümid edir. Rəsmi Bakı bu planı pozmaq üçün yəqin ki, kontur-tədbirlər hazırlayacaq.

*****

Politoloqların Qarabağ məsələsi ətrafında son durum, xüsusən də düşmənin Naxçıvan istiqamətindəki təxribatı ilə bağlı şərhləri də söyləməyə əsas verir ki, işğalçı ölkə yeni avantüralara gedə, böyük hərbi qarşıdurma qaçılmaz ola bilər.

“Ermənistan son hərəkətləri ilə Qarabağ məsələsinin həllində sülh planından uzaq olduğunu təsdiqləyir”. Bu sözləri axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, işğalçının təhrikçi və təxribatçı siyasəti İrəvanın münaqişəli vəziyyəti normallaşdırmaq ideyasından çox uzaq olduğunu göstərir.

“Ermənistanın bütün planları qarşıdurmanı daha da dərinləşdirməkdən ibarətdir. Bu həqiqətən, Azərbaycanın sağlam ruhda olmasına ermənisayağı bir cavabdır. Burada Nikol Paşinyanın Serj Sərkisyanın mənfur siyasətinin davam etdirməsinin şahidi oluruq. Belə getsə, istənilən məqamda Dağlıq Qarabağ və onun ətrafında vəziyyət odlu-qanlı müharibə kampaniyasının başlanması ilə nəticələnə bilər. Artıq proses demək olar ki, buna doğru gedir”, - deyə o qeyd edib.

Politoloqa görə, sülh istəyən tərəf danışığa hazır olduğunu hər zaman müvafiq bir tərzdə nümayiş etdirir: “Ermənistanın hərəkətlərində isə risk dolu hazırlıqlar müşahidə olunur. Hesab edirəm ki, Ermənistan artıq Paşinyan dövrünün seçimini nümayiş etdirir və bu seçimdən yaxşı bir şey gözləmə dəyməz”.

Xatırladaq ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

*****

Sabiq dövlət müşaviri Qabil Hüseynli isə hesab edir ki, işğalçı tərəf Qarabağ problemi bitməmiş yeni bir problem qaldırmaqla diqqətimizi yayındırmağa, yaxud psixoloji təzyiq göstərməyə çalışır. “Amma bu, erməni həyasızlığının təzahüründən başqa bir şey deyil. Azərbaycan bir millət, xalq kimi hər qarış torpağını qorumaq uğrunda canından keçməyə hazırdır” - politoloq qeyd edib.
Q.Hüseynli bildirib ki, Ermənistana hələ lazımınca dərs verilməyib: “Azərbaycan ərazilərində işğalçı ola-ola hələ yeni torpaqları işğal etmək xəyalı ilə yaşamaq həyasızlığın və əxlaqsızlığın son nəticəsidir. Bu cür məsələlərin yayılmasına hələ ki, mətbuat səviyyəsində cavab verə bilərik. Əgər rəsmi səviyyələrdə də bununla bağlı mövqe səsləndirilərsə, rəsmi səviyyədə buna cavab veriləcək. Bunlar yatar yuxusunda görər! Ermənilər yəqin ki, belə xəfif xülyalara düşməklə bu torpaqdan köklərinin kəsilməsini istəyirlər. Ermənilər bilməlidir ki, Azərbaycan xalqı 50 milyon nəfərdir. 3 milyonluq Ermənistan belə böyük bir xalqın torpaqlarını, nə qədər böyük ağası olsa belə, uzun müddət işğalda saxlaya bilməz. Bu gün Azərbaycan cəmiyyəti ermənilərin bu iddiasına istehza ilə yanaşır. Erməni xülyalarının hüdudsuzluğunu ciddi surətdə tənqid edirlər. Bütün bunlar Azərbaycan xalqının qərarlılığını möhkəmləndirir. Biz ərazilərimizdə Ermənistan adlı dövləti yaratmış kiçik bir millətin bundan sonra nəfəs almasına, torpaqlarımızda ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik”.

Politoloqun sözlərinə görə, Naxçıvanla bağlı məsələlər təkcə Azərbaycanın deyil, həm də Rusiya və Türkiyə arasında imzalanmış Qars müqaviləsinə görə zamin dövlət kimi Türkiyənin işidir: “Ermənilər nə tarixə əhəmiyyət verir, nə reallığı nəzərə alırlar. Bu, sadəcə, ortaya atılan böyük provokasiyadır. Bu cür fikir səsləndirən şəxslər son dərəcə məsuliyyətsiz və təxribatçı xarakterlidirlər”.

Ekspert Naxçıvan istiqamətində ermənilərin yeni təxribatlarını istisna eləməyib: “Məncə, Paşinyan və onun eyforiyaya qapılan komandasının Azərbaycanın əsgərinin zərbəsini dadmaq vaxtı çatıb. Daha doğrusu, şiddətlə bunu arzulayırlar və ordumuzun onları ”bu arzularına çatdırmaq" vaxtını tezləşdirirlər".

*****

Qeyd edilənlərdən bir daha Azərbaycanın nə dərəcədə məkrli, eyni zamanda “arxalı bir köpəklə” üz-üzə olduğu qənaəti yaranır. Şübhə yox ki, düşmən tərəfin Naxçıvanla bağlı təxribatlarda birinci hədəf Rusiyanı da məsələyə cəlb eləmək və yekunda Moskva ilə Ankara və Bakı arasında soyuqluq yaratmaqdır. Ümid edək ki, Kremldə bunun yaxşı fərqindədirlər və Cənubi Qafqaza bağlı siyasəti absurd erməni arzuları üzərində qurmaqdan çox uzaqdırlar.
\\musavat.com\\ 
Tarix: 23-05-2018, 10:35
Xəbəri paylaş





Xəbər lenti