Qarabağda balans dəyişir: KİMİN XEYRİNƏ?




“Rusiya öz qoşunlarını Abxaziya və Cənubi Osetiyadan çıxartmalıdır”-ABŞ-ın dövlət katibi Mayk Pompeo Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra belə bir bəyanatla çıxış edib. Pompeo bildirib ki, ABŞ Gürcüstanı qəti olaraq dəstəkləyir və bu möhkəm dəstək davam etdiriləcək”.

Dövlət katibi G.Kvirikaşvilini Gürcüstanın ilk respublikasının yaranmasının 100 illiyi münasibətilə təbrik edib: "Bu il həmçinin Rusiyanın Gürcüstan ərazilərini işğal etməsindən 10 il ötür. ABŞ birmənalı olaraq Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğalını pisləyir. Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiya bölgəsi Gürcüstanın ayrılmaz hissəsidir”.

M. Pompeo Rusiyanı Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərinin tanınması ilə bağlı qərarını geri çağırmağa çağırıb. Qeyd edək ki, ABŞ rəsmi səviyyədə Gürcüstanın ərazilərinin Rusiya tərəfindən işğalını pisləyən analoji bəyanatlarla əvvəllər də çıxış edib. Ancaq Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə rəsmi Vaşinqton Azərbaycana bu cür dəstək vermir. ABŞ-ın Gürcüstanla bağlı fərqli mövqe nümayiş etdirməsi Vaşinqtonun Cənubi Qafqazda və Qara dəniz regionunda Rusiya ilə apardığı geosiyasi rəqabətlə əsaslandırılır. Yəni Birləşmiş Ştatlar Gürcüstanı özünün və NATO-nun bu bölgədəki ən yaxın müttəfiqi hesab edir. Ona görə də Amerika Cənubi Qafqazda Rusiya ilə geosiyasi və hərbi rəqabətdə Gürcüstanla əməkdaşlığa üstünlük verir. Lakin Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun qalması və ABŞ-ın bu məsələdə müşahidəçi mövqe tutması Rusiyaya Cənubi Qafqazı təsir dairəsində saxlamaq imkanı yaradır. Bu baxımdan, Vaşinqton bölgədə mövqeyini möhkəmlətmək və NATO-ya daxil olmaq istəyən Gürcüstanın təhlükəsizliyini təmin etmək üçün Dağlıq Qarabağ probleminin həllində Rusiyanı neytrallaşdırmağa çalışmalıdır. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun sözlərinə görə, Qərbin Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeyini dəstəkləməsi mümkündür. Lakin buna nail olmaq üçün rəsmi Bakı xarici siyasətində bir sıra yeni addımlar atmalıdır. Politoloq hesab edir ki, yaxın illərdə Gürcüstanın NATO üzvlüyünə qəbul edilməsi ilə Cənubi Qafqazda yeni geostrateji proseslərin baş verəcəyi gözlənilir. Bu proses də öz növbəsində, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına təsirsiz ötüşməyəcək. Ona görə də Azərbaycan yaranmış vəziyyətdən öz ərazi bütövlüyünün təmin olunması üçün istifadə etməyə çalışmalıdır: “Gürcüstan yaxın tarixdə, yəni növbəti bir-iki il ərzində NATO-nun tam tərəfli üzv ölkəsinə çevriləcək. Mayk Pompeonun da Gürcüstanın baş naziri ilə görüşü və verdiyi mesajı da bundan ibarətdir. Əgər yaxın müddətdə qlobal bir problem olmasa, Gürcüstan NATO-nun 30-cu üzv dövlətinə çevriləcək. ABŞ NATO üzvü olan Türkiyədən sonra Gürcüstanın vasitəsilə Cənubi Qafqaza yerləşəcək. Bu isə SSRİ-nin dağılmasından sonra güclər balansı sistemində köklü dəyişikliklər deməkdir. 

Yəni bu vəziyyət siyasi, coğrafi, strateji, hərbi, iqtisadi sahələrdə ABŞ-ın lehinə genişlənməsi deməkdir. ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatları da buna hesablanıb. Burada əsas məqamlardan biri iki NATO ölkəsinin qonşu olmasıdır. Hər iki NATO ölkəsi regiona nəzarət edəcək. Dağlıq Qarabağ problemindən fərqli olaraq, Abxaziya və Cənubi Osetiya münaqişələrinə münasibətdə Qərbin Gürcüstana açıq dəstək verməsi bu ölkənin xarici siyasət prioritetlərindəki yeniliklərlə bağlıdır. Gürcüstan Saakaşvilinin dövründə xarici siyasət strategiyasını kökündən dəyişib. Azərbaycan isə istər xarici siyasət strategiyasında, istərsə də milli təhlükəsizlik konsepsiyasında önəmli addımlar atmır. Azərbaycan xarici siyasətini Abxaziya və Cənubi Osetiyanın 2008-ci ildə Rusiya tərəfindən işğalı nəticəsində pozulmuş balans sistemi üzərində qurur. Ona görə də Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllində beynəlxalq səviyyədə tam dəstək ala bilmir. Azərbaycan daha çox iqtisadi müstəvidə, Əfqanıstana yüklərin daşınmasına yardım kimi məsələlərdə mövqe nümayiş etdirir.

Ona görə də Azərbaycan milli təhlükəsizlik konsepsiyasını yenidən formalaşdırmalı, xarici siyasət strategiyasını dəyişdirməlidir. Azərbaycan hədəflərini dəyişməlidir. Çünki rəqiblər də, düşmənlər də, müttəfiqlər də fərqlidir. Əgər Azərbaycan xarici siyasət və milli təhlükəsizlik sahəsində qeyd edilən dəyişiklikləri edərsə, Dağlıq Qarabağ problemi Krım və Donbas münaqişələrindən də önə çıxacaq, bu münaqişənin tezliklə həllinə nail oluna biləcək. Azərbaycan yeni bir xarici siyasət xətti seçməlidir. Bunu etməyənə qədər Dağlıq Qarabağ problemi qalmaqda davam edə bilər.

Unutmayaq ki, Ermənistan işğal etdiyi ərazilərdə qaldıqca orada daha da möhkəmlənir. Sabah müharibə aparmaq bu gündən daha çətin olacaq. Birisi gün hərbi əməliyyat aparmaq isə sabahdan daha çətin olacaq. 50-100 il keçdikdən sonra həmin ərazilərin Azərbaycana aid sayılmaması təhlükəsi var. Ona görə də Azərbaycanın yeni milli təhlükəsizlik konsepsiyası işlənilməlidir. Bəyanatlarla kifayətlənmək olmaz və daha çox beynəlxalq tərəfdaşlığa can atılmalıdır. Belə olan təqdirdə, ABŞ-ın, Avropa Birliyinin, Avropa Şurasının Azərbaycan ərazilərinin işğal edilməsi ilə bağlı bəyanatlarını tez-tez eşidəcəyik”.

Qeyd edək ki, bir sıra siyasi ekspertlər ABŞ-ın Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq, Dağlıq Qarabağ məsələsinə münasibətdə açıq mövqe nümayiş etdirməməsini Gürcüstanla münaqişədə birbaşa Rusiyanın iştirak etməsi ilə izah edir. Yəni Azərbaycan ərazilərinin işğalını Rusiya açıq şəkildə deyil, Ermənistanın vasitəsilə həyata keçirib. Bu səbəbdən də ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsində susqun mövqe nümayiş etdirdiyi bildirilir. 

Fərrux Məmmədov isə qeyd edilən fikirlə razılaşmadığını deyir. Ekspert hesab edir ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə açıq şəkildə qoşulmaması Azərbaycanın müsəlman dövləti olması ilə bağlıdır: “İslamın qabarıq olduğu bir vaxtda bir müsəlman ölkəsi ilə müharibədə və ya işğalda iştirak etmək istəməz. Rusiya bunu hesablayaraq Azərbaycanla açıq müharibəyə girmir. Ancaq beynəlxalq səviyyədə hamı bu siyasətin arxasında Rusiyanın dayandığını bilir. Ancaq bu savaşın arxasında Fransa, Amerika, Avropanın başqa lobbi dairələri də var. Ermənistanı dəstəkləməyin arxasında din amili mühüm rol oynayır. Qərb özü də bu və ya digər formada bu münaqişədə iştirak edir. Sadəcə olaraq, Qərb bu prosesdə qapalı, yəni işğalçıya maliyyə yardımı etməklə, Rusiya isə açıq şəkildə-hərbi dəstək verməklə iştirak edir”. 

Fərrux Məmmədov hesab edir ki, Gürcüstanın NATO sıralarına qəbul edilməsi üçün mühüm qərarın verilməsi gözlənilir. Bölgədə baş verən geostrateji dəyişiklik Ermənistan-Azərbaycan münaqişəsinin həllinə də ciddi təsir göstərəcək: “Gürcüstanı tezliklə NATO-ya üzv qəbul etmək üçün xüsusi qərar qəbul edə bilərlər. NATO ölkələrinin xarici işlər nazirləri səviyyəsində qəbul olunacaq həmin qərar münaqişəli bölgələr müvəqqəti istisna olmaqla Gürcüstanın NATO-ya daxil edilməsini nəzərdə tutacaq. Bu, qərar NATO-nun nizamnaməsinin tələblərinin pozulması deyil. Nizamnamə ərazisində münaqişə olan ölkələrin NATO üzvlüyünə qəbulunu qadağan edir. NATO-nun dövlətlərlə əlaqələrinə dair konvensiyası var. Ora kiçik bir əlavə və dəyişiklik ediləcəyi istisna olunmur. Həmin sənədə belə bir bənd əlavə edilə bilər ki, Abxaziya və Cənubi Osetiyanın Gürcüstanla birlikdə NATO-ya üzvlüyü münaqişənin həllindən və işğal olunmuş torpaqların qaytarılmasından sonrakı mərhələyə saxlanılsın.

Münaqişə həll edildikdən sonra isə həmin bölgələrdə NATO-ya üzvlüklə bağlı ayrıca referendum keçirilə bilər. Çünki dünyada gedən proseslər göstərir ki, dövlətlərin müstəqilliyini qorumaq çətindir və Rusiya da bundan istifadə edir. NATO da bu məsələdə əlavə və dəyişiklik edəcək. Gürcüstan alyansa üzv olmaq üçün bütün öhdəliklərini yerinə yetirib. Məndə olan məlumata görə, NATO Gürcüstanı 30-cu ölkə olaraq qəbul etmək istiqamətində hazırlıqlar görür. Əslində, Qərbin bütün manevrləri də bundan ibarətdir ki, Gürcüstanda yerləşəndən sonra oradan Azərbaycanda və Ermənistanda Rusiyanın təsirini minimuma endirsin.

Hazırda Cənubi Qafqazda Rusiya təkbaşına hərbi iştiraka malik geosiyasi güc mərkəzidir. ABŞ isə Gürcüstana bu balansı dəyişmək üçün daxil olur. Yəni “Cənubi Qafqazda yalnız Rusiyanın və İranın deyil, ABŞ-ın və Avropa Birliyinin də iştirakı olmadan müəyyən məsələlər tənzimlənə bilməz”-mesajını vermək üçün bölgəyə daxil olur. Əslində buraya ABŞ-la yanaşı Avrpa Birliyi də daxil olur. Gürcüstanın NATO-ya qəbul edilməsi Cənubi Qafqaza 29 üzv ölkənin kəşfiyyatının və əks-kəşfiyyatının daxil olması deməkdir. Bu geosiyasi prosesləri kökündən dəyişə biləcək böyük bir hadisədir.

Ona görə də ola bilsin ki, Rusiya Qərbin Gürcüstanın NATO-ya qəbulundan imtina etməsi müqabilində Şərqi Ukraynanı qaytarmağa razılıq versin. Çünki Rusiya Gürcüstanın NATO-ya üzv olmasını istəmir. Bu proses yaxın perspektivdə olmasa da sonrakı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə təsir göstərəcək. Amma Dağlıq Qarabağ da daxil olmaqla işğal altında olan 12 rayonun yaxın qaytarılması hələki real görünmür. Bu indiki geosiyasi şəraitdə Qərbin maraqları çərçivəsində də deyil. Lakin Rusiya bölgədə zəifləyərsə və SSRİ-nin taleyini yaşayarsa, Azərbaycan yaranmış vəziyyətdən istifadə edib Dağlıq Qarabağın azad edilməsinə nail ola bilər. Münaqişənin həllinə dair hazırkı plan isə ən yaxşı halda 7 rayonun qaytarılmasını nəzərdə tutur ki, bununla razılaşmaq Azərbaycanın Dağlıq Qarabağı yalnız itirməsi deyil, həm də ərazi bütövlüyünü danması demək olıar. Azərbaycan isə bu təklifə heç vaxt imza atmayacaq”. 

Müşfiq Abdulla

Cebhe.info

Tarix: 23-05-2018, 21:06
Xəbəri paylaş





Xəbər lenti