Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun “Yeni Müsavat”ın ötən sayına verdiyi açıqlama müzakirələr doğurub. Sabiq nazir bildirib ki, Rusiyanın Ermənistandan uzaqlaşma prosesi artıq başlayıb.
T.Zülfüqarov Ermənistanda baş verən son hadisələrin bu ölkənin cəmiyyətinin Qərbin həyat tərzini seçdiyini düşünür. Keçmiş nazir hesab edir ki, ermənilər Rusiyanın onların təhlükəsizliyini təmin etməsini istəsələr də, digər istəkləri odur ki, gələcəklərinin təminatçısı Qərb olsun. Tofiq bəyin daha bir fikri diqqət çəkir. O, Rusiyanın mövcud şərtlər daxilində Ermənistanın təhlükəsizliyini müdafiə etməyə qadir olmadığını söyləyib. Sabiq nazir onu da vurğulayıb ki, cəbhə xətlərində ermənilər gərginlik yaratmaqla Rusiyaya demək istəyirlər ki, “ya sən bizi qoruyursan, ya da qorumadığını birmənalı şəkildə deyirsən, onda biz öz işimizi biləcəyik”. Şimal qonşumuzun ermənilər tərəfindən şantaj edildiyini bildirən T.Zülfüqarovun fikrincə, indiki situasiyanın necə olmasından asılı olmayaraq, Rusiya sonda Ermənistandan gedəcək: “Çünki Rusiyanın Ermənistanda gələcəyi yoxdur”.
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bildirdi ki, Ermənistan son hakimiyyət dəyişikliyindən sonra Rusiyaya arxa çevirib: “Ermənistanın Qərbi üstün tutacağı haqda fikirlər söylənilir. Amma mən buna inanmıram. İki faktor var ki , bunu hər zaman diqqətdə saxlamaq lazımdır. Birincisi, Rusiya Ermənistanda bütün sahələrdə o qədər kök atıb ki, ən sona qədər oradan çıxmaq fikrində olmayacaq. Bu fikrə düşənləri isə ağır cəzalandırar, Cənubi Qafqazda yeganə dayaq nöqtəsini itirməmək üçün hər şeyi göz önünə ala bilər. Regionda gərginliyin olduğu bir vaxtda İran və Türkiyə kimi böyük region dövlətləri ilə sərhədlərdə yerləşən bazalarından, hərbi kontingentindən məhrum olmaq da ağlasığan deyil. Bilirik ki, Ermənistan sərhədlərinin qorunmasını da rəsmi şəkildə oradakı rus əsgərləri həyata keçirir. Və nəhayət, Ermənistanın tarixində azacıq da olsa müstəqillik nümayiş etdirdiyinə görə nə şəkildə cəzalandırılmasının da şahidi olmuşuq. İkinci faktor isə Ermənistanın mövcudluğunun Rusiyadan asılı olmasıdır. Azərbaycan torpaqlarını bu günə kimi işğalda saxlaması, zaman-zaman Türkiyəyə qarşı olan ambisiyalarını dilə gətirməsi də yenə Moskvaya olan arxayınçılıqdan keçir. Bu dəstəyin çəkiləcəyi halda elə hadisələrlə qarşılaşa bilər ki, nə Qərb, nə də başqaları onlara kömək edə bilməzlər. Bunları isə Ermənistanda hamı yaxşı anlayır. Eyni zamanda Rusiyanın hərbi və iqtisadi cəhətdən mövcudluğu Ermənistanda öz maraqlarını və təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Bunu da Ermənistanda yaxşı anlayırlar. Odur ki, imkan düşdükcə Qərblə şantaj üsulundan istifadə etməklə əlavə nələrsə qazanmaq istəyirlər. Məsələn, 25 ildən artıqdır ki, Dağlıq Qarabağ və ətraf rayonların işğal altında qalmasında Rusiyanın verdiyi dəstək, mövcud ”status-kvo" onları qane edirdisə, bu gün daha çox şey istəyirlər. Onlara görə Rusiyanın dəstəyi ilə Qarabağa müstəqillik verilməsi yolunda heç bir iş görülmür. Düşünürəm ki, Paşinyanın baş nazirliyində də strateji hədəflər əvvəlki kimi qalacaq. Hələ Paşinyanın özünün dövləti necə idarə edəcəyi ilə bağlı ortada suallar var. Baş nazir seçilsə də, parlament bütünlükdə Sərkisyana bağlı deputatlardan asılı vəziyyətdədir. Yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı isə hər hansı nəticə əldə edə bilməyib. Ona görə də mövqelərini bərkitmək üçün Rusiyaya özünü qəbul etdirməyə yönəlik siyasətini aparır. Özünü sanki yol ayrıcında olduğu kimi göstərməyə çalışmaqla bazarlıq etmək istəyir. Doğrudur, erməni xalqı arasında Rusiyaya qarşı hər hansı nifrət və kin yaradacaq güclər mövcuddur. Müxtəlif zamanlarda bu cəhdlər olub, amma hər hansı nəticəsi olmayıb. Ermənistanda insanların Qərb həyat tərzinə üstünlük vermələri o anlama gəlməməlidir ki, onlar Rusiyadan tamamilə qırılmaq, sərbəst siyasət yürütməyi istəyirlər. Dediyim kimi bu mümkün deyil. Hətta Rusiya onları buraxmaq istəsə belə, onlar bunu istəməzlər. Çünki indiyə qədər aldıqları güzəştləri, dəstəyi , kaprizlərinə dözümlülüyü heç bir Qərb dövlətlərindən ala bilməzlər".
Politoloq Əhəd Məmmədli Rusiyanın tarix boyu heç bir yerdən könüllü çıxmadığını qeyd etdi: “Ermənistanda gedən proseslər başlayandan Azərbaycan üçün tarixi şans yarana biləcəyini bildirmişdim. Rusiya heç yerdən könüllü çıxmır, çıxdığı halda belə elə çıxır ki, çıxdığı yerdə xoşagəlməz xatirələr buraxır. Rusiya Azərbaycan, Gürcüstan, Ukraynadan çıxanda da, həmin ölkələr üçün çox xoşagəlməz xatirələr buraxıb. Rusiya Ermənistandan çıxsa belə eyni cür hərəkət edəcək və bu da Azərbaycan üçün torpaqlarını qaytarmağa tarixi şans yaradacaq. Lakin Rusiya ən azı indi Ermənistandan çıxmayacaq, çünki Ukrayna, Gürcüstandan fərqli Ermənistan bu baxımdan daha az şanslıdır. Ermənistan blokadadır və Rusiyadan daha çox asılı olduğundan Rusiyanı bu ölkədən çıxartmaq elə də asan olmayacaq. Ermənilər zatən Qərb həyat tərzi sürürlər. Onlardan asılı olsa, məmnuniyyətlə Qərbi seçərlər. Ağlı başında olan xalq Qərblə Rusiya arasındakı müqayisədə birincini seçər. Sadəcə, Ermənistanı Rusiya elə sıx özünə bağlayıb ki, bu ölkə sahibindən ayrılmağa çalışsa, bu, Ermənistanın hətta dövlət olaraq mövcudluğunun itkisinə gətirib çıxara bilər. Rusiya Ermənistanı qorumaq iqtidarındadır, əks halda, ermənilər çoxdan ruslara üsyan başlarını qaldırmışdılar. Azərbaycan işğalçı Ermənistana hücum etmirsə, bunu Rusiyaya görə etmir. Deməli, Rusiya Ermənistanı qorumaq iqtidarındadır. Sadəcə, ermənilər bu mühafizəçisindən imtina etsələr, baxın, onda mühafizəçi satellitini cəzalandıra bilər, Bunu da Azərbaycanın əli ilə edə bilər. Bu isə bizim üçün ən uğurlu ssenari olar”.(“Yeni Müsavat”)