Azərbaycanla həmsərhəd regionda təhlükəli proseslər başlayıb. Vəziyyətin ölkəmizdən ötrü riskliliyi həm də ondadır ki, proseslərdə qarşı duran tərəflərin, demək olar, hamısı ilə bizim ya müttəfiqlik (Türkiyə), ya strateji tərəfdaşlıq (İsrail və ABŞ) əlaqələrimiz var, ya da mehriban qonşuluq əlaqələrinə malikik (İran).
ABŞ və İsrailin gündəmə gətirdiyi İranı neytrallaşdırmaq planı ölkəmiz üçün məxsusi perspektiv vəd eləməklə yanaşı, baş verəcək hadisələrin mümkün siyasi gəlir-çıxarını bir daha dəqiq hesablamaq zərurəti yaradır. Bir sıra siyasətçilər və siyasi ekspertlər hesab edir ki, bölgədə vəziyyətin gərginləşməsinin Azərbaycan üçün riskləri var, eyni zamanda bu proseslər ölkəmizin əhəmiyyətini artıracaq.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, regionda yaranmış vəziyyət çox mürəkkəbdir. Bu vəziyyət özündə çoxlu risklər, təhlükələr daşıyır. Ciddi potensial təhdidlər var: “Azərbaycan tərəfini yaranmış vəziyyət heç şübhəsiz seçim etməyə zorlayacaq. Azərbaycan təbii ki, sonuna qədər çalışacaq bütün tərəfləri qane edən addımlar atsın. Amma burda tərəflər çoxdur və getdikcə də vəziyyət gərginləşir, kəskinləşir. Belə vəziyyətdə eyni zamanda bütün tərəfləri razı salmaq obyektiv olaraq qeyri-mümkündür. Ona görə də rəsmi Bakının hansı addımları atacağını proqnozlaşdırmaq çox çətindir. Azərbaycan hakimiyyəti məlumatlıdır, regionda nələrin baş verəcəyini bilir. Əsas hədəflərdən biri bu vəziyyətdə hakimiyyəti qorumaq olacaq. Regionda vəziyyətin kəskinləşməsi ilə Azərbaycan da təhlükəli vəziyyətə gəlib çıxıb.
İranla bağlı bu ilin fevralından başlayaraq ABŞ-la Rusiya arasında çox ciddi gizli danışıqlar gedir. Mənim düşüncəm belədir ki, ABŞ-la Rusiya arasında detallı olmasa da prinsipial razılaşma əldə olunacaq. Çünki Rusiya anlayır ki, əsas hədəf bu regionda İran və Rusiyadır. Ona görə də vaxt qazanmaq üçün İran məsələsinin önə çıxmasına və vaxt qazanmağa çalışacaq. Rusiya çalışacaq ki, İran məsələsi mümkün qədər uzansın. Bunun üçün də Rusiya özü ABŞ-la birgə oyunda olmalıdır. Bu prosesdə Moskva Azərbaycanın Rusiyanın tam nəzarətinə keçirilməsinə nail olmaq istəyəcək. Ona görə də Azərbaycana həm Rusiyadan, həm də ABŞ-dan həm ehtiyac, həm də bu ehtiyacı əldə etmək üçün basqılar artacaq".
S.Əkbər hesab edir ki, bu prosesin gedişində Ermənistan-Azərbaycan münaqişəsinin yenidən kəskinləşməsi, hərbi fazaya keçməsi gözləniləndir: “Azərbaycana hətta şirnikləndirici təkliflər də ola bilər ki, münaqişə Azərbaycan tərəfindən alovlandırılsın. Bundan sonra isə Rusiya Ermənistanın hərbi müttəfiqi kimi prosesə hərbi müdaxilə etmək imkanı əldə etməyə çalışa bilər.
İran da Qərb onu sıxdıqca Azərbaycanı özünə daha yaxınlaşdırmağa çalışacaq. Çünki İran üçün bölgədə Azərbaycan mühüm əhəmiyyət kəsb edir".
Deputat Elman Nəsirov da bildirdi ki, Azərbaycanın yaxın qonşuluğunda olan İranla ABŞ-ın münasibətləri kritik həddə çatmaqdadır. Regionda son dərəcə mürəkkəb vəziyyət formalaşıb. Azərbaycan İranın qonşuluğunda yerləşən dövlətdir və ona görə də hadisələri kənar müşahidəçi statusunda izləmir. Baş verən proseslər dolayısı və ya birbaşa yolla Azərbaycana təsirsiz qalmaya bilər: “Buna görə də Azərbaycan dövlətinin prosesləri diqqətlə analiz etməsi labüddür. Azərbaycanın bu gün beynəlxalq aləmdə nüfuzu var və bu onun sayəsində baş verib ki, prezident İlham Əliyev müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan dövləti regionda yaranmış istənilən gərginliyin danışıqlar yolu ilə tənzimlənməsində maraqlıdır. Azərbaycanın bu sahədə çox yaxşı təcrübəsi də var. Rusiya və Türkiyə arasında bir neçə il öncə yaranmış gərginliyin tənzimlənməsində Azərbaycanın rolu hər kəsə bəllidir. Azərbaycan prezidenti hələ 2006-cı ildə ABŞ-da səfəri zamanı bəyan etmişdi ki, Azərbaycan dövləti öz ərazisindən hər hansı üçüncü dövlətin plastdarm kimi istifadə edib başqa bir dövlətə güc tətbiq etməsi qeyri-mümkündür, Azərbaycan buna imkan verməz. Bu, Azərbaycanın qətiyyətli mövqeyidir. Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq münasibətləri var. Eyni zamanda İranla da strateji tərəfdaşlıq münasibətlərimiz var. Azərbaycan tərəfi dəfələrlə sübut edib ki, onun siyasəti heç bir üçüncü tərəfi hədəfə almayıb. Azərbaycanın ABŞ-la əlaqələrinin inkişafı İran əleyhinə yönəlməyib. Eyni zamanda Azərbaycanın İranla münasibətlərinin inkişafı ABŞ əleyhinə deyil. Hər iki ölkənin paytaxtında bunu bilirlər. Şübhəsiz ki, regionda gedən böyük geosiyasi proseslərdə Azərbaycanın həm ABŞ, həm İran, həm də Rusiya üçün əhəmiyyəti daha da artacaq”.
Deputat vurğuladı ki, Azərbaycan İranla ABŞ arasında yaranmış gərginliyin beynəlxalq hüquq çərçivəsində həllində, eyni zamanda hadisələrin drammatikləşməsinin qarşısının alınması üçün beynəlxalq tədbirlərin görülməsində maraqlıdır. Vaşinqtonla Tehran arasında yaranmış gərginliyi də aradan qaldırmaq üçün əgər tərəflər bunda maraqlı olsalar Azərbaycanın vasitəçilik imkanları unikaldır. Hadisələrin istənilən inkişaf ssenarisinə Azərbaycan hazır vəziyyətdə olmalıdır...
Etibar SEYİDAĞA