Trampın Bakıya şifrəli Qarabağ mesajı - TƏHLİL

  “ABŞ prezidenti cənab Tramp birinci dəfə deyil ki, Azərbaycanı öz tərəfdaşları hesab etdikləri haqda bəyanat verir. ”Əsrin kontraktı" adlanan müqavilənin vaxtının uzadılması ərəfəsində də belə bir bəyanat oldu. Təbii ki, ATƏT-in Minsk Qrupunda təmsil olunan belə bir super gücün rəhbərinin verdiyi bəyanat mühüm məsələdir".

Politoloq Arzu Nağıyev bu fikirləri ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə ünvanlandığı məktubda Qarabağla bağlı nikbin mövqeyini “Yeni Müsavat”a şərh edərkən söylədi. Qeyd edək ki, Ağ Evin başçısı Azərbaycan prezidentinə yazdığı məktubda Qarabağ cəbhəsində situasiyanın gərginliyi barədə hətta ABŞ ekspertlərinin və milli kəşfiyyatının xəbərdarlıqlarını bir kənara qoyaraq, dinc həllin perspektivinə inamını ifadə edib. “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq” - cənab Tramp yazıb. ABŞ lideri ardınca qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün cənab İlham Əliyevlə əməkdaşlığı səmimiyyətlə arzulayır.

Diqqətçəkən budur ki, Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Ermənistana işğalçılıq əməllərinə son qoymaqdan ötrü növbəti xəbərdarlığını etmişdi. Həmçinin o, düşmənin istənilən mövqelərini sıradan çıxartmağa qadir uzaqmənzilli raketlərimizin olduğunu bildirmişdi. Bundan sonra isə düşmən təxribatı nəticəsində Azərbaycan hərbçisi Naxçıvan istiqamətində həlak oldu və rəsmi Bakı buna olduqca sərt reaksiya verəcəyini bildirdi. Hətta araşdırmaçı-ekspert Tomas de Val son açıqlamalarının birində qeyd etmişdi ki, prezident İlham Əliyev təxribatçı bəyanatlar verən baş nazir Nikol Paşinyana reaksiya vermir, lakin bu, Azərbaycanın sonadək susacağı anlamını vermir. Bu mənada mümkündür ki, ABŞ prezidenti Azərbaycan prezidentinə savaş qərarını verməkdən yayınmaqla bağlı mesaj vermək istəyib. Özü də Ermənistanın Naxçıvan istiqamətindən atəşkəsi pozmasının arxasında ABŞ-ın dayandığı haqda rusiyalı ekspertlərin şərhləri də yayılır bu aralar. Tramp isə bu mövqeyi ilə gərginliyə maraqlı olmadığını nümayiş etdirib. O da istisna olunmur ki, ABŞ lideri İran ətrafında gərgin situasiyanın yaranması şəraitində Cənubi Qafqaz bölgəsində sülhüm qorunmasında maraqlıdır, nəinki savaşda.

Politoloq A.Nağıyev də bildirdi ki, Ermənistanda hakimiyyət dəyişdikdən sonra Rusiya ciddi-cəhdlə Paşinyanı öz əlində saxlamağa çalışır: “Buna isə Qərb müxtəlif istiqamətlərdə, istər iqtisadi, istərsə də siyasi cəhətdən mane olur. Rusiya həm də öz nüfuzunu bərpa etməyə çalışır və münaqişənin həll olmasına o qədər də meylli deyil. Çünki münaqişənin müsbət həlli onun regionda nüfuz dairəsinin kiçilməsi deməkdir. ABŞ isə öz növbəsində Azərbaycanla ticarət, terrorizmlə mübarizə, təhlükəsizlik və enerji sahəsində tərəfdaş olduğunu bildirir. Bunun ən pik nöqtəsi də Cənub qaz dəhlizi layihəsində ümumi maraqdan çıxış etməkdir. TANAP layihəsi iyun ayının 12-də rəsmi fəaliyyət bağlayacaq. Məlumdur ki, bu boru vasitəsilə ildə 16 milyarda kubmetr qaz Avropaya və Türkiyəyə çatdırılacaq”. A.Nağıyev digər mühüm məqama da diqqət çəkdi: “Maraqlısı odur ki, bu layihəyə Avropa İranı da qoşmağa çalışır və ABŞ bunun əleyhinədir, Rusiya da təkid edir bu məsələni. Türkmənistan qazının da bu layihə üzrə nəqli məsələsi gündəmdədir. Lakin buna Rusiya razılıq vermir. Əsas məsələ odur ki, Rusiyanın ikinci Şimal layihəsi aktuallığını itirə bilər. Məhz bu problemlər görə Xəzərin statusu məsələsi də sona çatdırılmır. Bunu deməkdə əsas fikri ondan ibarətdir ki, ABŞ bütün bu məsələlərdə ən uğurlu və mühüm partnyor kimi Azərbaycanı görür. Buna görə də regionun, ən əsas da Azərbaycan olan təhlükəsizliyə təhdidin qarşısının alınmasının ən mühüm yolu Dağlıq Qarabağ münaqişəsinin həllidir və bununla Rusiyaya da zərbə vurula bilər”.

“Donald Trampın Azərbaycan prezidentinə yazdıqlarından belə anlaşılır ki, o, Azərbaycanın regionda önəmli ölkə olduğunun fərqindədir və Azərbaycansız ABŞ bu bölgədə öz planlarını həyata keçirmək üçün çətinliklərlə üzləşə bilər”.

Bunu isə ermənişünas-alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi. Ekspertin sözlərinə görə, enerji məsələsini qabartması və son günlərdə TANAP layihəsinin işə düşməsi Amerikanı Azərbaycanla əməkdaşlıq etməyə sövq edəcək: “Yəni Amerika buradakı problemlərə daha aktiv yanaşacaqdır. Həm də Azərbaycan İran məsələsinin aktuallaşması fonunda hərbi strateji müttəfiqə belə çevrilə bilər. Burada bizi maraqlandıran Amerikanın Qarabağ məsələsi ilə bağlı sərgiləyəcəyi siyasətdir. ABŞ dəfələrlə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu bildirmişdir. Bu istiqamətdə yürüdülən siyasətimizə dəstək ala bilərik. Məsələ hərbi müstəviyə çıxsa həmin prinsip bizim əlimizi gücləndirə bilər. Məncə, Trampın bu məktubu təqdir edilməli və Azərbaycanın xarici siyasətində önəmli vasitə kimi istifadə edilməlidir”.

Yeri gəlmişkən, gələn həftə Bakıda daha bir mühüm beynəlxalq tədbir, Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi keçiriləcək.
 
Tarix: 26-05-2018, 09:55
Xəbəri paylaş





Xəbər lenti